Vaşinqton ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə hərəkət edən gəmilər üçün məcburi sığorta mexanizmi üzərində işləyir...
ABŞ administrasiyası Hörmüz boğazında fəaliyyət göstərən və ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən müşayiət olunan gəmilər üçün dövlət sığortasının tətbiqi imkanını nəzərdən keçirir.
Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Məlumata görə, Vaşinqton gəmilərin özəl bazar əvəzinə dövlət proqramı çərçivəsində – ABŞ-nin İnkişafın Maliyyələşdirilməsi Korporasiyası (DFC) və “Chubb” sığorta şirkəti vasitəsilə sığortalanmasını məcburi edə bilər.
Bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin qoruması altında həyata keçiriləcək sığorta və təkrar sığorta əməliyyatlarının ümumi həcmi 20 milyard dollara qədər çata bilər. Gəmi sahibləri bu çərçivədə gəminin gövdəsini, mexanizmlərini və daşınan yükləri sığortalamaq məcburiyyətində olacaqlar.
Eyni zamanda qeyd olunur ki, bu xidmətlərdən əldə olunacaq gəlirlər ABŞ üçün on milyonlarla dollar həcmində qiymətləndirilir.
Bununla yanaşı, ekspertlər ABŞ-nin təmin etməyi vəd etdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı “əhəmiyyətli qeyri-müəyyənlik” olduğunu vurğulayırlar. Onların fikrincə, İran tərəfindən dronlar, raketlər və partlayıcı maddələrlə təchiz olunmuş sürətli qayıqlarla mümkün hücumlar ciddi risk olaraq qalır.
Məlumata əsasən, sığorta mexanizminin ən azı bir həftədən sonra tətbiq olunması gözlənilir. Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərin müşayiəti üçün hücum risklərini minimuma endirəcək optimal strategiya üzərində işləyir.
Poliqon.info