Alimlər Almaniyada yaşı 125 min il olan, neandertallara aid sümük yağı istehsalı "fabriki" aşkar ediblər...
Poliqon xəbər verir ki, Indian Defence Review nəşrinin yazdığına görə, bu məkan yüksək səviyyədə təşkil olunmuş şəkildə fəaliyyət göstərib.
Bildirilir ki, yeni məlumatlar Niderlandın Leyden Universitetinin alimləri tərəfindən Almaniyanın Neumark-Nord ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə olunub. Tədqiqatda qeyd olunur ki, bu regionda neandertallar təkcə düzdişli filləri ovlamayıb, həm də heyvan sümüklərinin genişmiqyaslı emalını təşkil ediblər.
Tədqiqatçılar vurğulayıblar ki, bu məkan göl sahilində yerləşir və neandertallar onu təsadüfi seçməyiblər.
Məlumata görə, "fabrik"də neandertallar maral, at və artıq nəsli kəsilmiş iri buynuzlu heyvan növü olan tur da daxil olmaqla, ən azı 172 məməliyə aid sümükləri emal ediblər. Proses bir neçə mərhələdən ibarət olub: əvvəlcə böyük məməlilərin sümükləri kəsilərək sümük iliyi çıxarılıb, sonra sümüklər minlərlə hissəyə parçalanıb və sonda yüksək kalorili sümük yağı əldə etmək üçün suda qızdırılıb.
"Bu, intensiv, təşkil olunmuş və strateji proses idi. Neandertallar resursları dəqiq idarə edirdilər – ov planlaşdırır, cəmdəkləri daşıyır və yağı xüsusi ayrılmış məkanda emal edirdilər", deyə tədqiqatın baş müəllifi Luts Kindler bildirib.
Alim ehtimal edir ki, neandertallar heyvan cəmdəklərinin hissələrini əvvəlcədən ərazi üzrə müxtəlif nöqtələrdə saxlayır, sonra isə onları yağın əridilməsi üçün xüsusi yerə daşıyıblar.
"Onlar yağın qida dəyərini də, onu necə səmərəli əldə etməyi də yaxşı anlayırdılar", deyə Kindler əlavə edib.
Poliqon.info