Vaşinqtonun artan diplomatik və iqtisadi təşəbbüsləri Moskvanın regiondakı mövqelərini zəiflədir...
ABŞ-nin vitse-prezidenti Vensin Ermənistan və Azərbaycana səfəri Vaşinqtonun Moskvanın elan etdiyi “təsir dairələrinə” məhəl qoymadığını və Kremlin Cənubi Qafqazdakı mövqelərinin zəiflədiyini nümayiş etdirib.
Poliqon xəbər verir ki,bu barədə ABŞ-nin The Center for European Policy Analysis (CEPA) analitik mərkəzinin dərc etdiyi təhlildə bildirilir.
Mərkəzin qiymətləndirməsinə görə, Donald Tramp administrasiyası Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətini ifadə etsə də, bu, ABŞ-nin Cənubi Qafqazda aktiv iştirakdan imtina etməsi anlamına gəlmir. Kreml regionu ənənəvi olaraq özünün “yaxın xaric” zonası adlandırsa da, Vaşinqton burada siyasi və iqtisadi mövqelərini gücləndirməyə davam edir.
Moskvanın səfərə reaksiyası da diqqətçəkən olub. Rusiya dövlət nəşri “Kommersant” vəziyyəti “məyusluq, frustrasiya və acizlik hissi” doğuran hadisə kimi xarakterizə edib və Cənubi Qafqazda mövqelərin zəifləməsini Rusiyanın Ukraynaya qarşı müharibəyə cəlb olunması ilə əlaqələndirib. Bununla belə, CEPA qeyd edir ki, ABŞ-nin ambisiyalarını şişirtmək düzgün olmaz. Vaşinqtonun regionda hərbi mövcudluq planı yoxdur və əsas prioritetlər iqtisadi xarakter daşıyır. Lakin Moskva yaxşı anlayır ki, iqtisadi təsir zamanla geosiyasi nəticələrə gətirib çıxara bilər.
Təhlildə vurğulanır ki, ABŞ ənənəvi olaraq Rusiyanın təsir dairəsi hesab olunan sahələrdə, o cümlədən dinc nüvə əməkdaşlığı istiqamətində fəallaşır. Ermənistan və ABŞ arasında atom energetikası sahəsində imzalanmış “123 sazişi” buna nümunə göstərilir. Saziş Metsamor Atom Elektrik Stansiyasının sovet dövründən qalan blokunun əvəzlənməsini və ya ona əlavə olaraq modul tipli reaktorların tikintisini nəzərdə tutur. ABŞ bu texnologiya üzrə dünya liderlərindən hesab olunur. Ermənistan hökumətinin bu qərarı Rusiyanın “Rosatom” dövlət şirkəti üçün ciddi zərbə kimi qiymətləndirilir. Məqalədə vurğulanır ki, nüvə sənayesi postsovet məkanında Rusiyanın təsir alətlərindən biri kimi çıxış edir.
CEPA həmçinin Ermənistanla Azərbaycan arasında sülh prosesində ABŞ-nin rolunun artmasını mühüm faktor kimi qiymətləndirir. Avqust ayında Vaşinqtonda keçirilmiş sammitdən sonra ABŞ vasitəçi rolunu gücləndirib və faktiki olaraq Rusiyanı ənənəvi nizamlanma formatından sıxışdırıb çıxarmağa başlayıb. Bakı və İrəvanın son illərdə Moskvanın siyasətinə dair artan narazılığı fonunda Vaşinqton daha neytral və proqnozlaşdırıla bilən tərəfdaş kimi qəbul edilir. Bu isə regionda Rusiyaya təhlükəsizlik təminatçısı kimi etimadın azalması tendensiyasını əks etdirir.
Təhlildə qeyd olunur ki, Moskva hələlik bu dəyişən reallığa qarşı effektiv strategiya nümayiş etdirmir. Əvvəlki illərdə Rusiya postsovet məkanında Qərbin fəallığına tez-tez sərt və hərbi reaksiyalarla cavab verib. 2008-ci ildə Gürcüstanda baş verən hadisələr buna nümunədir. Lakin mövcud şərait – xüsusilə Ukrayna müharibəsi fonunda resurs və imkan məhdudiyyətləri – Kremlin oxşar alətlərdən istifadə imkanlarını daraldır.
CEPA-nın qənaətinə görə, Tramp administrasiyasının ikinci müddətində yanaşma əvvəlki dövrlərdəki demokratikləşmə və insan hüquqları vurğusundan fərqlənir. İndi əsas diqqət tranzaksion – yəni investisiya, enerji, infrastruktur layihələri və birbaşa siyasi dialoq üzərində qurulan əməkdaşlıq modelinə yönəlib. Məqalənin yekununda bildirilir ki, hazırkı mərhələdə əsas tendensiya aydındır: ABŞ Cənubi Qafqazda mövqelərini sistemli şəkildə gücləndirir və bu, regiondakı geosiyasi balansın yenidən formalaşmasına səbəb olur.
Poliqon.info