ABŞ-nin vitse-prezidenti Ermənistan rəhbərliyi ilə görüşlər üçün İrəvana gəlib...
Poliqon xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin təyyarəsi İrəvanın “Zvartnots” beynəlxalq hava limanına eniş edib. Rəsmi səfərlə əlaqədar olaraq şəhərin mərkəzində, xüsusilə Ermənistan prezidentinin iqamətgahının yerləşdiyi Baqramyan prospektində təhlükəsizlik tədbirləri gücləndirilib və ərazi ikiqat polis kordonu ilə tam bağlanıb.
Məlumata görə, Cey Di Vens artıq prezident iqamətgahına çatıb və onu Ermənistanın baş naziri Nikol Paşinyan qarşılayıb. Tərəflər arasında qapalı formatda görüşün keçirilməsi planlaşdırılır. Görüş zamanı ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və ABŞ-Ermənistan əməkdaşlığının perspektivləri müzakirə oluna bilər.
Eyni zamanda vitse-prezidentin ailə üzvləri və onu müşayiət edən geniş nümayəndə heyəti ayrıca avtomobil karvanı ilə şəhərin mərkəzində yerləşən “Aleksandr” otelinə yola salınıb. Həmin istiqamətdə də yol hərəkəti müvəqqəti məhdudlaşdırılıb, polis və xüsusi xidmət orqanları gücləndirilmiş rejimdə çalışır.
Qeyd olunur ki, səfər çərçivəsində Cey Di Vensin Ermənistanın digər rəsmi şəxsləri ilə də bir sıra görüşləri nəzərdə tutulur.
Poliqon.info