ABŞ Müharibə Nazirliyi sözügedən şirkətlərin Çin hərbi strukturlarına dəstək verdiyini iddia edir…
Poliqon xəbər verir ki, ABŞ Pentaqonu Çinin aparıcı texnoloji şirkətləri, Alibaba Group, Baidu Inc. və BYD Co. ilə bağlı araşdırma apararaq onların Çin Xalq Respublikasının silahlı qüvvələrinə yardım etdiyini müəyyənləşdirdiyini bildirib. Bloomberg yazır ki, bu barədə məlumat ABŞ Konqresinə göndərilən və ABŞ-Çin “ticarət atəşkəsi” razılaşmasından üç həftə əvvəl ünvanlanan məktubda yer alıb.
Məktubda ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq Nümayəndələr Palatası və Senatın Silahlı Qüvvələr Komitəsinin rəhbərlərinə adıçəkilən şirkətləri Pentaqonun 1260H siyahısına salmağı təklif edib. Bu siyahı ABŞ Müdafiə Nazirliyinin Çin ordusu ilə əlaqəli hesab etdiyi qurumların “qara siyahısı” kimi tanınır.
Qeyd olunur ki, siyahıya düşmək hüquqi sanksiyalar yaratmasa da, ABŞ ilə hərbi əməkdaşlığı istisna edir, amerikalı investorlar üçün ciddi xəbərdarlıq siqnalı rolunu oynayır və şirkətlərin beynəlxalq reputasiyasına zərər vurur. Hazırda reyestrdə 130-dan çox Çin şirkətinin adı keçir. Alibaba, Baidu və BYD-nin siyahıya əlavə edilib-edilmədiyi isə hələ məlum deyil. Siyahı hər il yenilənir.
Məsələ ətrafında qalmaqal noyabrın ortalarında daha da genişlənib. Ağ Ev həmin günlərdə Alibabanı “Çin ordusunun ABŞ hədəflərinə qarşı həyata keçirdiyi kiber və texniki əməliyyatlara dəstək verməkdə” günahlandırmışdı. Financial Times yazır ki, Vaşinqton şirkəti Çin hökumətinə və hərbi strukturlara istifadəçilərin IP adresləri, Wi-Fi məlumatları, ödəmə tranzaksiyaları və müxtəlif süni intellekt xidmətlərinə dair həssas məlumatlara çıxış təqdim etməkdə ittiham edib.
Bloomberg qeyd edir ki, ittihamlar ABŞ-Çin münasibətlərinin geosiyasi gərginliklərlə müşayiət olunduğu bir dövrdə səsləndirilib və Vaşinqtonun Pekinə qarşı texnologiya sahəsində təzyiqlərini daha da artırdığını göstərir.
Poliqon.info