ABŞ-nin təklif etdiyi sxem həm Vaşinqtonun Kiyevlı, həm də Moskva ilə yaradılacaq yeni investisiya mexanizmlərini əhatə edir...
Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın dondurulmuş Rusiya aktivlərinin istifadəsinə dair planından ciddi narahatlığını ifadə edib. Bild nəşrinin məlumatına görə, Tramp administrasiyasının təklifinə əsasən, hazırda bloklanmış vəziyyətdə olan təxminən 100 milyard dollar həcmində Rusiya aktivləri Ukraynanın bərpası və investisiyası üçün ABŞ-nin liderlik etdiyi mexanizmə yönəldiləcək. Bu modelə görə, Vaşinqton əldə edilən mənfəətin 50 faizini alacaq.
Planın Avropa hissəsi də nəzərdə tutulub. Vaşinqton Aİ ölkələri əlavə olaraq 100 milyard dollar ayırmaqla Ukraynanın bərpası üçün yaradılacaq investisiya paketinin həcmini ikiqat artırmağı təklif edir. Moskvanın bloklanmış qalan digər aktivləri isə ayrıca ABŞ–Rusiya investisiya alətinə yönəldiləcək. Sənədə görə, həmin mexanizm ikitərəfli iqtisadi əməkdaşlıq formatında formalaşdırılacaq və gələcəkdə potensial gəlir yarada biləcək.
Merts bu planın hüquqi çərçivələr, Avropa təhlükəsizlik maraqları və uzunmüddətli siyasi nəticələr baxımından riskli olduğunu düşünür. Kanslerin narahatlığı xüsusilə ABŞ-nin mənfəətin yarısını alması və Rusiya aktivlərinin bir hissəsinin yenidən Vaşinqtonla Moskva arasında iqtisadi transformasiya mexanizminə çevrilməsi ilə bağlıdır.
Bu arada, Der Spiegel yazır ki, Avropa tərəfi artıq Vaşinqtona öz qarşı-təkliflərinin işçi variantını göndərib. Həmin sənəd Aİ-nin hüquqi mövqeyini, Rusiya aktivlərinin istifadəsi ilə bağlı alternativ mexanizmləri və Ukraynanın uzunmüddətli maliyyə dayanıqlığına dair Avropa baxışını əhatə edir. Avropa rəsmiləri hesab edir ki, aktivlərin istifadəsi beynəlxalq hüquqa tam uyğunlaşdırılmalı və gəlirlərin bölüşdürülməsi məsələsində daha şəffaf mexanizm yaradılmalıdır.
Hazırda Vaşinqton və Brüsselin mövqeləri arasındakı fərqlər danışıqların gələcək dinamikasına təsir edən əsas amillərdən biri olaraq qalır. Aİ-nin göndərdiyi qarşı-təkliflər Tramp administrasiyasının masa üzərində təqdim etdiyi planla bağlı yeni müzakirə mərhələsinin başlanmasına səbəb ola bilər.
Poliqon.info