FTB rəhbəri həmçinin hökumət təyyarəsindən şəxsi səfər üçün istifadə edib…
Poliqon xəbər verir ki, ABŞ-də Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel haqqında yeni qalmaqal gündəmə gəlib. Medianın yazdığına görə, Patel 27 yaşlı sevgilisi, kantri müğənnisi Aleksis Uilkinsin təhlükəsizliyini əsas gətirərək ona xüsusi təyinatlı mühafizəçi qrupu ayırıb və hökumət təyyarəsindən onun konsertinə uçmaq üçün istifadə edib.
45 yaşlı Patel iddia edir ki, Uilkins onların münasibəti üzündən hədə-qorxu dolu məktublar alıb və bu səbəbdən əlavə mühafizəyə ehtiyac yaranıb. Lakin FTB-nin keçmiş əməkdaşları bildirirlər ki, həmin məktublar ciddi təhlükə kimi qiymətləndirilməyib və bu cür yüksək səviyyəli təhlükəsizlik adətən hətta dövlət rəsmilərinin həyat yoldaşlarına belə verilmir.
Bundan başqa, medianın araşdırmalarına görə, Aleksis Uilkins Patel ilə birgə yaşamır. Uilkins əsasən Naşvildə işləyir, Patel isə növbəli şəkildə Vaşinqton və Las-Veqasdakı evlərində qalır. Bu faktlar da mühafizə qərarının şəxsi motivlərlə verildiyi şübhələrini gücləndirir.
Hadisə ABŞ mətbuatında geniş tənqidə səbəb olub. Jurnalistlər FTB direktorunu vəzifə səlahiyyətlərindən sui-istifadədə və dövlət resurslarından şəxsi məqsədlərlə yararlanmaqda ittiham edirlər. Sosial şəbəkələrdə isə Patel qəzəbli şərh yağışına tutulub.
FTB rəhbərliyi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib, lakin hadisə ölkədə hüquq-mühafizə orqanlarının şəffaflığı və etik davranışı ilə bağlı ciddi suallar doğurub.
Poliqon.info