Belçikalı Blogerlər təhlükəsizlik sistemini aldadaraq portretləri sərgi zalına keçirməyi bacarıb…
Poliqon xəbər verir ki, Parisdəki Luvr muzeyi yenidən təhlükəsizlik skandalının mərkəzinə düşüb. Belçikalı iki bloger, Nil və Senn muzeyin ən çox mühafizə olunan zallarından birinə öz portretlərini yerləşdirməyə nail olublar. Hadisə barədə ilk məlumatı Fransanın BMFTV kanalı yayıb.
Məlumata görə, blogerlər muzeyə adi ziyarətçi kimi daxil olublar. Onlar portreti Lеgo konstruktordan hazırlanmış, sökülə bilən çərçivəyə yerləşdirərək nəzarətdən keçiriblər. Daha sonra XVI əsr Venesiya ustalarının əsərlərinin nümayiş olunduğu “Dövlətlər Zalı”na keçərək çərçivəni orada yığıb və öz şəkillərini divardan asıblar. Zalın ən məşhur əsəri Leonardo da Vinçinin “Mona Liza” tablosu da məhz həmin bölmədə sərgilənir.
Blogerlər portreti asdıqdan sonra bir neçə foto çəkərək sakitcə muzeyi tərk ediblər. Ən maraqlısı isə odur ki, onların saxta “eksponatı” ertəsi gün də divardan asılı vəziyyətdə qalıb və ziyarətçilərin diqqətini çəkib.
Hadisə Luvrun təhlükəsizlik sistemi barədə sualları yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, muzey kimi yüksək mühafizəli bir məkanda bu cür manipulyasiyanın mümkün olması ciddi boşluqlardan xəbər verir.
Luvr rəhbərliyi olayla bağlı araşdırma başladıldığını bildirib.
Poliqon.info