2026–2027-ci illərdə tələbat daha da artaraq 70 milyardı keçə bilər…
Poliqon xəbər verir ki, Avropa Komissiyasının hazırladığı və Bloomberg Agentliyinin əldə etdiyi sənədə əsasən, Ukraynanın gələn il yalnız hərbi xərclər üçün ən azı 51,6 milyard avroya ehtiyacı olacaq. Sənəddə qeyd edilir ki, döyüş əməliyyatlarının davam etməsi, mövcud silah sistemlərinin yenilənməsi və daha çox texniki təminat tələbi Kiyevin maliyyə yükünü əhəmiyyətli dərəcədə artırır.
Aİ rəsmilərinin proqnozlarına görə, Ukraynanın müdafiə ehtiyacları 2026-cı ildə pik həddə çataraq 70 milyard avrodan çox ola bilər. 2027-ci ildə isə bu rəqəmin 64 milyard avro civarında qalacağı ehtimal edilir. Komissiya bildirir ki, artıq formalaşan bu xərclər təkcə silahlanma deyil, həm də sursat istehsalı, itkilərin bərpası, logistika, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və ordunun modernizasiyasını əhatə edir.
Ekspertlər hesab edir ki, bu rəqəmlər Ukraynanın Qərb dəstəyinə artan şəkildə bağlı olduğunu göstərir. ABŞ və Aİ daxilində maliyyə yardımının davamı ilə bağlı siyasi müzakirələr fonunda Kiyevin növbəti illər üçün tələb olunan məbləği təmin etməkdə çətinliklərlə üzləşə biləcəyi vurğulanır. Avropa Komissiyası isə üzv ölkələrə Ukraynaya uzunmüddətli və sabit yardım mexanizmlərinin yaradılmasını tövsiyə edir.
Sənəddə həmçinin qeyd olunur ki, Ukraynanın müharibə sonrası bərpa və iqtisadi dirçəliş ehtiyacları əlavə maliyyə yükü yaradır və bu da ümumi xərclərin orta müddətdə daha da artmasına səbəb ola bilər.
Poliqon.info