FAA: Şatdaun bitdiyi üçün dispetçerlər işə qayıdır və məhdudiyyətlər aradan qalxır…
Poliqon xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkənin 40 ən böyük aeroportunda gündəlik reyslərin sayına qoyulan müvəqqəti məhdudiyyətləri ləğv edib. Reuters yazır ki, buna rekord müddətli hökumət şatdaununun başa çatması və aviadispetçerlərin tədricən işə qayıtması səbəb olub. Bu barədə FAA rəhbəri Brayan Bedford məlumat verib.
FAA həmçinin kosmik aparatların buraxılışına dair tətbiq olunan məhdudiyyətləri də aradan qaldırıb. Qeyd olunur ki, noyabrın 14-dən aviaşirkətlər üçün uçuş cədvəllərinin məcburi ixtisarı ilə bağlı tələblər 6%-dən 3%-ə endirilib.
ABŞ-da federal hökumətin qismən bağlanması 1 oktyabr gecəsi baş vermişdi. Respublikaçılar və demokratlar Konqresdə səhiyyə daxil olmaqla bir sıra xərclər üzrə razılığa gələ bilmədikləri üçün büdcə təsdiqlənməmiş, nəticədə federal qurumlara maliyyə ayrılmamışdı. Prezident Donald Tramp 12 noyabrda hökumətin maliyyələşdirilməsinin 2026-cı il 30 yanvaradək davam etdirilməsini nəzərdə tutan qanunu imzalayaraq şatdaunu 43-cü gündə sona çatdırdı.
Şatdaun aviasiya sektoruna ciddi təsir etmişdi: aviadispetçerlərin bir qismi işini dayandırdığından 1 oktyabrdan bəri on minlərlə reys gecikmiş və ya ləğv edilmişdi. FAA bildirirdi ki, ABŞ-ın əsas hava hərəkətinə nəzarət mərkəzlərinin yarısı kəskin kadr çatışmazlığı ilə üzləşmişdi. Noyabrın 14-dən etibarən dispetçerlər və digər aviasiya əməkdaşları şatdaun dövründə yaranmış əməkhaqqı borclarını mərhələli şəkildə almağa başlayıblar.
Poliqon.info