Yeni araşdırma Karterin mumiyanı çıxarmaq üçün başı və ətrafları kəsdiyini təsdiqləyir…
Poliqon xəbər verir ki, Tutanxamonun Qədim Misirdəki məşhur məzarı tapılandan 100 il sonra Daily Mail tədqiqatçıların o dövrdə baş verənlər barədə qaranlıq və indiyədək gizli saxlanılan faktları üzə çıxardığını yazır. Britaniyalı arxeoloq Hovard Karter və misirli fəhlələr gənc fironun dəfn olunduğu sarayda iş apararkən mumiyanı sarkofaqdan çıxarmaq üçün onu hissələrə ayırmağa məcbur olublar.
Məsələ burasındadır ki, Tutanxamonun mumiyası eramızdan əvvəl 1323-cü ildə dəfn zamanı üzərinə tökülmüş qalın qatlı qədim smola səbəbindən sarkofaqa möhkəm yapışmışdı. Bu səbəbdən nə günəşin istisi, nə də lampaların hərarəti smolanı yumşaltmağa kömək edib.
Araşdırmaçı Eleonor Dobsonun məlumatına görə, Karterin “müayinəsi” əslində dağıdıcı əməliyyata çevrilib: baş bədəndən ayrılıb, qollar çiyin, dirsək və bilək hissəsindən kəsilib, ayaqlar isə omba, diz və topuq səviyyəsində parçalanıb. Bu, həm mumiyanı çıxarmaq, həm də smolaya hopmuş qızıl maskanı və digər dəfn zinətlərini götürmək üçün edilib. Daha sonra parçalanmış cəsədi təkrar birləşdirib bütöv kimi göstərmək məqsədilə smola və parafinlə “yapışdırıblar”.
Hadisələrin bu şəkildə açılması yenidən “fironun lənəti” əfsanəsini gündəmə gətirib. Karterin ekspedisiyasını maliyyələşdirən lord Karnarvonun qısa müddət sonra ölümü və digər ekspedisiya üzvlərinin müəmmalı taleyi həmin mifi gücləndirmişdi. Lakin real tarix mistikadan çox, sərt və qəddar metodların nəticəsi olub.
Arxiv sənədləri göstərir ki, Karter, anatomlar Duqlas Derri və Saleh Bey Hamdi bıçaqları qızdıraraq mumiyanı hissə-hissə doğramağa məcbur qalıblar. Əvvəlcə qızıl maskanı çıxarıblar, sonra başı ayırıblar, gövdəni yarıb ətrafları oynaqlardan sındırıblar. Məqsəd yalnız cəsədi deyil, eyni zamanda smolaya bərkimiş zərgərlik əşyalarını da əldə etmək idi.
Dobsonun fikrincə, bu faktlar Karterin irsini yenidən qiymətləndirməyi vacib edir — o, böyük arxeoloq sayılsa da, iş üsulları ciddi etik suallar doğurur. Lakin digər ekspertlər, o cümlədən Aydan Dodson hesab edir ki, 1920-ci illərin texniki imkanları nəzərə alınsa, Karterin başqa çıxış yolu olmayıb.
Poliqon.info