Energetika sektorundakı çoxmilyonlu qalmaqal hakimiyyətin dayaqlarını sarsıdır...
Poliqon xəbər verir ki, Ukraynanın enerji sektorunda baş verən genişmiqyaslı korrupsiya qalmaqalı prezident Vladimir Zelenskinin hakimiyyətdə olduğu dövrdə ən ağır siyasi zərbələrdən biri hesab olunur. Le Monde yazır ki, antikorrupsiya qurumlarının təzyiqi altında dövlət başçısı iki naziri vəzifədən uzaqlaşdırmalı olub və hazırda istintaq prezidentə yaxınlığı ilə tanınan biznesmenə qarşı ciddi şübhələr irəli sürür.
Bu qalmaqal həm dövlət idarəçiliyində sistemli problemlərin dərinliyini, həm də ölkənin savaş şəraitində taleyüklü sahələrinə korrupsiyanın nə qədər nüfuz etdiyini açıq şəkildə göstərib.
Nazirlərin istefası: Faktlar qarşısında məcburi addım...
12 noyabrda Zelenski energetika sahəsinə cavabdeh olmuş Herman Qaluşenko və Svetlana Qrinçukun istefasını tələb edib. Bu qərar NABU və SAP tərəfindən dövlət şirkəti “Enerqoatom” daxilində fəaliyyət göstərən geniş korrupsiya şəbəkəsi barədə açıqlanan məlumatlardan sonra verilib.
Le Monde qeyd edir ki, bu, prezidentin şəxsi təşəbbüsü olmayıb — o, sadəcə artıq gizlədilməsi mümkün olmayan faktlara reaksiya verib.
Qalmaqalın ən çox müzakirə edilən fiquru isə Zelenski və “Kvartal 95” media qrupuna yaxınlığı ilə tanınan biznesmen Timur Mindıç olub. İstintaq onun “Enerqoatom”un podratçılarından rüşvət tələb edən və ümumilikdə 100 milyon dollara yaxın vəsaiti korrupsiya sxemləri vasitəsilə mənimsəyən cinayətkar qrupun rəhbəri olduğunu iddia edir.
Ən diqqətçəkən məqam isə Mindıçın axtarışlara bir neçə saat qalmış ölkəni tərk etməsi olub. Bu isə mümkün xəbərdar edilmə ehtimalı ilə bağlı ciddi suallar yaradıb.
Zelenskinin gecikmiş reaksiyası və siyasi nəzarəti saxlama cəhdi...
Əvvəlcə prezident yalnız antikorrupsiya orqanlarına formal dəstək bəyan edib. Lakin problemin miqyası üzə çıxdıqca Zelenski daha sərt mövqedən çıxış edərək bildirib:
“Vəziyyət son dərəcə ağırdır… Energetika sektorunda fırıldaqçı sxemlərin mövcudluğu tamamilə yolverilməzdir.”
Bununla belə, Ukrayna cəmiyyətində bu çıxış gecikmiş reaksiya kimi qiymətləndirilib. Eyni zamanda sual yaranıb: necə ola bilər ki, prezidentin yaxın dairəsindən biri ilə əlaqələndirilən bu qədər böyük korrupsiya şəbəkəsi dövlət başçısının diqqətindən kənarda qalsın?
Energetikadakı korrupsiya – öÖkənin ən həssas dövründə ağır zərbə...
Qalmaqal cəbhədə ağır durumun, Rusiyanın energetika infrastrukturuna endirdiyi sistemli raket zərbələrinin fonunda baş verir. Şəhərlərdə elektrik tez-tez kəsilir, ordu insan və texnika çatışmazlığı ilə üzləşir.
Belə bir vaxtda yüz milyonlarla dolların korrupsiya sxemlərində qeyb olması ölkədə şok effekti yaradıb.
Deputat İnna Sovsun bu vəziyyəti belə şərh edib:
“Bunu oxuyanda düşünməyə bilmirsən ki, həmin pullar müdafiəyə, energetika infrastrukturuna, möhkəmləndirmə işlərinə sərf oluna bilərdi...”
Bir çox ukraynalı üçün bu qalmaqal şəxsi faciə kimi qəbul edilib — söhbət birbaşa insanların həyatını xilas edə biləcək vəsaitdən gedir.
Əsas sual: Zelenski nəyi və nə vaxt bilirdi?
İşin ən həssas hissəsi prezidentin məlumatlı olub-olmaması ilə bağlıdır.
Antikorrupsiya Mərkəzi AntAC ekspertlərinin fikrincə:
“Əgər bilirdisə, bu, problemdir. Əgər bilmirdisə, bu da problemdir”.
Zelenskiyə birbaşa ittihamlar hələ irəli sürülməyib, lakin qalmaqalda adı hallanan şəxslərin prezidentə yaxınlığı siyasi sabitlik üçün ciddi risk yaradır.
Fesenkonun İstintaq balansı: Görünməz sərhəd...
Siyasi analitik Vladimir Fesenko New Voice of Ukraine üçün yazdığı şərhdə bu vəziyyətin həssas mexanizmini belə izah edir:
“Əsas məsələ hərtərəfli istintaq aparmaqla yanaşı, total müharibə şəraitində daxili siyasi sabitliyi qorumaq və nəzarətsiz siyasi böhranın qarşısını almaqdır”.
Bu mövqe ekspertlər arasında belə şərh edilir: istintaq aparılmalıdır, lakin “çox dərinə gedərək” prezidentə toxunmamalıdır. Yəni hakimiyyət böhranı çevrələmək, məsuliyyəti yalnız yaxın çevrə ilə məhdudlaşdırmaq istəyir.
Hakimiyyətin antikorrupsiya strukturları ilə gərginliyi artan şübhələri gücləndirir
Skandalın daha bir həssas tərəfi ondan ibarətdir ki, yay aylarında Zelenski NABU və SAP-ın müstəqilliyini məhdudlaşdırmağa cəhd etmişdi. Parlament bu təşəbbüsü dəstəkləsə də, ictimai təzyiq və beynəlxalq tərəfdaşların reaksiyası səbəbilə prezident geri çəkildi.
İndi isə həmin orqanlar prezidentə yaxın şəxsləri əhatə edən hadisəni araşdırır — bu da Zelenskinin o vaxtkı niyyətlərini daha şübhəli göstərir.
Müxalifət: istefalar kifayət deyil, hökumət tam tərkibdə dəyişməlidir
Ukrayna müxalifəti Zelenskinin addımlarını gecikmiş və qeyri-kafi hesab edir.
İvanna Klimpuş-Tsinsadze bildirir:
“Siyasi reaksiya zəruridir və indiki addımlar tamamilə yetərsizdir. Cəmiyyət və tərəfdaşların inamına vurulan zərər ciddi qərarlar tələb edir.”
Petr Poroşenkonun partiyası isə kabinetin tam tərkibdə istefasını tələb edir.
Ukrayna parlamentinin beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksandr Merejko daha da sərt danışır:
“Biz etimadı itirdik… və bu, hekayənin yalnız başlanğıcıdır.”
Le Monde qeyd edir ki, bu qalmaqal Ukrayna hakimiyyəti üçün ən kritik siyasi sınaqlardan biri hesab olunur. İstintaqın nəticələri və Zelenskinin atacağı addımlar ölkənin daxili sabitliyi və müharibə şəraitində dövlət institutlarına inam üçün həlledici olacaq.
Poliqon.info