Ukrayna qış başlayana qədər Qərb silahları ilə Rusiya Federasiyasının ərazisinə dərin zərbələr endirmək üçün icazə ala bilər...
Poliqon xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Amerikanın Səsi-nə müsahibəsində deyib.
"Gözləyirəm ki, yaxın günlərdə və həftələrdə, 2025-ci ilin bu çətin qışına yaxınlaşdığımız bir vaxtda Ukraynanı ehtiyacı olan hər şeylə təmin etmək üçün çox güclü mövqedə olacağıq", deyə nazir bildirib.
"Britaniya kəşfiyyatına görə, gələn il Rusiya lideri Vladimir Putinin vəziyyəti daha da çətinləşəcək" deyən Lammi əlavə edib ki, Rusiya iqtisadiyyatı pis vəziyyətdədir, Putin üçün verilən itkilərin öhdəsindən gəlmək çox çətin olacaq.
Lammi eyni zamanda Ukraynanın bu müharibədəki uğurlarını qeyd edib.
"Ukrayna artıq ələ keçirilən torpaqların yarısını geri almağı bacarıb. Kiyev artıq Putini Qara dənizdən çıxara bilib. Kursk bölgəsində hücuma keçib və ümid edirəm ki, bu mövqeləri qoruyacaq. Əslində, indi payızdan qışa keçərkən Qərbin öz cəsarətini və qəti öhdəliyini nümayiş etdirməli olduğu andır", deyə Britaniyanın XİN rəhbəri bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Qərb silahları ilə Rusiyaya zərbə endirməsinə qoyulan qadağa ABŞ və Avropanı ikiyə bölüb. Washington Post yazıb ki, bu məsələnin Vaşinqtonda müzakirəsi ABŞ-ın Avropadakı tərəfdaşları arasında təəccüb doğurub, onlardan bəziləri Rusiyaya qarşı uzaq məsafəli zərbələri dəstəklədiklərini açıq şəkildə bəyan ediblər.
Bu arada Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, ABŞ-ın istefada olan generalı Devid Petreus hesab edir ki, bu addım müharibənin dinamikasını mütləq dəyişə bilər. Lakin o, qarşılanmaya biləcək gözləntilər yaratmamağa ehtiyatlı olmağa çağırıb.
Poliqon.info