Rusiyanın “Urals” neftinin qiyməti 85-86 dollar/barelə çatıb...
Hazırda “Urals” markalı Rusiya neftinin bir barelinin qiyməti 85-86 dollar təşkil edir. Beləliklə, kotirovkalar Qərb ölkələrinin müəyyən etdiyi yuxarı həddi 25-26 dollar keçib.
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi “Argus” analitiklərinin məlumatlarına istinadən yazır.
Agentlin yazır ki, Primorsk limanında flaqman xammalın qiyməti hazırda bir barel üçün 85,35 dollar, Novorossiyskdə isə 86 dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, G7 ölkələri Rusiya neftinin daşınması üçün qiymət limitini 60 dollar müəyyən edib. Bu tədbir Rusiyanın dəniz yolu ilə çatdırılan xammalın satışından əldə etdiyi gəliri məhdudlaşdırmaq məqsədi daşıyırdı.
“Sanksiyalardan qaçmaq üçün avropalı sığortaçılar və gəmi sahibləri yükün müəyyən edilmiş tavandan aşağı qiymətə alındığını təsdiq edən sənəd almalıdırlar. Əks halda, onlara Rusiya xammalının xarici alıcılara daşınması qadağan ediləcək. Bununla belə, məhdudlaşdırıcı rejimə riayət etmək bir çox Qərb şirkətlərinin tez-tez bu cür yüklərin dəyəri haqqında dəqiq təsəvvürə malik olmaması ilə çətinləşir, buna görə də mövcud sanksiyalara baxmayaraq, onlar nəqliyyat xidmətləri göstərməkdə davam edirlər”, ekspertlər bildiriblər.
Xatırladaq ki, bundan əvvəl Bloomberg qlobal peyk izləmə sisteminin məlumatlarına istinad edərək Rusiyanın neft məhdudiyyətlərindən yan keçmək hiyləsini üzə çıxarmışdı. Tədqiqatın nəticələrinə əsasən məlum olub ki, Rusiya sanksiyalaşdırılmış yanacağın tədarükünü təmin etmək üçün tankerlərin koordinatlarını bilərəkdən təhrif edir və bu da Rusiyaya tez-tez qiymət tavanından yayınmağa imkan verir.
Poliqon.info