ABŞ və Polşa Varşavaya müdafiə sistemin modernləşdirilməsi üçün 2 milyard dollar kredit ayırmaq haqqında saziş imzalayıb...
Poliqon xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinə istinadən yazır.
Xüsusilə, Polşa Ukraynaya ötürdüyü sovet dövründən qalma avadanlıqları müasir modellərlə əvəz etməyi planlaşdırır. Agentlik yazır ki, xarici hərbi maliyyələşdirmə haqqında saziş iki ölkə arasında hərbi əməkdaşlığı təşviq edir, çünki Polşa Ukraynadakı vəziyyət fonunda silahlı qüvvələrini gücləndirməyə çalışır.
ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: "Qonşu Ukraynaya beynəlxalq yardımın asanlaşdırılmasında mərkəzi dəstəkləyici rolundan əlavə, Polşa müdafiə xərclərinə böyük sərmayələr yatırmaqla regional təhlükəsizliyin möhkəmləndirilməsinə sarsılmaz sadiqliyini nümayiş etdirdi".
Həmçinin qeyd edilib ki, Polşa ABŞ-ın sadiq müttəfiqidir və onun təhlükəsizliyi NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir.
Poliqon.info