Rusiya rəsmisi deyib ki, İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə yükləməyə ehtiyac yoxdur...
Politoloq: “Paşinyanın Ermənistanın təhlükəsizliyini Rusiyaya əmanət edilməsini strateji səhv adlandırması, əslində acı həqiqətin etirafı idi”.
“Ermənistanın Qərbə meyl etməsi xülyadan başqa bir şey deyil. Paşinyan sadəcə erməniləri avantüraya sürükləyir”.
Bu sözləri politoloq Azər Qasımov Mariya Zaxarovanın İrəvanın Moskva ilə bağlı son bəyanatlarına verdiyi sərt reaksiyasını Poliqon-a şərh edərkən qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvanın İrəvanın son bəyanatlarına sərt reaksiyası, İrəvandan verilən bəyanatların təməlində yalanın, qeyri-dəqiq məlumatların və ya faktları dəyişdirmək cəhdlərinin olması ilə bağlıdır. Rusiya rəsmisi onu da qeyd edib ki, İrəvanda qəbul edilən qərarların günahını və məsuliyyətini Rusiyanın üzərinə yükləməyə ehtiyac yoxdur və bunun Ermənistan üçün təhlükəli olan fəlakətli nəticələrə gətirib çıxara biləcəyinə diqqət çəkib.
Demək olarmı ki, düşmən ölkə Qərbə meyl etdikcə bölgədə siyasi balans pozulur və bunun Ermənistan üçün hansı nəticələri ola bilər?
Ermənistanın Rusiya demarşını Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.
Azər Qasımov: “Paşinyan sadəcə Qərblə Moskva arasında manevr edir. Qərbə meyl edən Ermənistan Rusiya ilə ticarət dövriyyəsini 1milyard 7milyon dollara qaldırmaz”.
Hər halda, Paşinyanın nə oyun oynamaq istəsə, bu oyunun son nəticədə Ermənistanın başında partlayacağını vurğulayan politoloq Poliqon-a açıqlamasında bildirib ki, Ermənistan regionda oyun qurmaq üçün çox kiçik dövlətdir:
“Paşinyanın Ermənistanın təhlükəsizliyini Rusiyaya əmanət etməsini strateji səhv adlandırması, əslində acı həqiqətin etirafı idi. Amma Rusiya rəsmilərinin İrəvanın öz bəlalarında Rusiyanı günahkar görməsinə etirazı da öz yerindədir. Rusiya Ermənistanın ambisiyalarından istifadə edib öz siyasətini həyata keçirib, on illərlə Ermənistanı manipulyasiya edib, regionda gərginliyi saxlamaqla ilk növbədə Ermənistanın özünə zərbə vurub.
Ermənistan isə bu manipulyasiyanı doğru başa düşməyib, bunu strateji tərəfdaşlıq, təhlükəsizliyinə qarantiya hesab edib. Amma bir həqiqəti yaddan çıxarıb ki, dövlətlərin maraqları hər şeydən üstündür. Bu gün tərəfdaş olan dövlət sabah ən azı düşmən olmasa da, tərəfdaş olmaya bilər. Ermənistanın Qərbə meyl etməsi xülyadan başqa bir şey deyildir. Paşinyan sadəcə erməniləri avantüraya sürükləyir. Hesab edirəm ki, Paşinyan da bunu yaxşı başa düşür. Paşinyanın da "Qərb sevdası" oyunun tərkib hissəsidir.
Paşinyan sadəcə Qərblə Moskva arasında manevr edir. Qərbə meyl edən Ermənistan Rusiya ilə ticarət dövriyyəsini 1milyard 7milyon dollara qaldırmaz. Bu, əvvəlki illərdən dəfələrlə artıqdır. 85 Amerika əsgəri ilə təlim keçirməklə də NATO-ya üzv olunmur. Hər halda, Paşinyan nə oyun oynamaq istəsə, bu oyun son nəticədə Ermənistanın başında partlayacaq. Ermənistan regionda oyun qurmaq üçün kiçik dövlətdir. Oyunu güclü dövlətlər quruq”.
Nərminə UMUDLU
Poliqon.info