Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şenol Güneş: “Azərbaycandan da Avropaya səs salan oyunçular çıxmalıdır”

“Ölkə xaricinə gedən futbolçularımız bəzən uğurlu çıxış edə bilmir”

Bu sözləri “Report”a müsahibəsi zamanı Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Güneş deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycana xoş gəlmisiniz. Ölkəmizdə ən çox sevilən türkiyəli mütəxəssislərdən birisiniz. Daha əvvəl də Bakıya səfər etmisiniz. Yenidən burada olmaq necə hissdir? Qardaşlıq matçını nə cür şərh edərdiniz?

Azərbaycana daha əvvəl milli komanda ilə də gəldik, gəzməyə də gəldik. 2000-ci illərlə müqayisədə ölkə həm iqtisadi, həm urbanizasiya həm də digər amillər baxımından xeyli dəyişib. Futbol haqqında da eyni sözləri deyə bilərəm. Bilirəm ki, burada Rasim Kara və Güvenç Kurtar kimi türkiyəli məşqçilər işləyib. Azərbaycan bütün sahələrdə inkişaf edib. Bura hər dəfə gələndə bir yeniliyin şahidi oluram. İlk dəfə dənizkənarı parkda gəzdim. Əvvəlki səfərlərimlə bağlı ancaq yaxşı xatirələrim var. Sadəcə, Avropa çempionatı bizim üçün pis keçdi. Özümüzü burada yad hiss etmirik. Hamının dediyi kimi, iki dövlət, bir millətik. Hüzur tapdığım yeri fərqli dünya kimi görmürəm. Son vaxtlar klub futbolunda yaxşı uğurlarınız olub. Bir ara “Qarabağ”ın avrokuboklarda səs-küylü çıxışlarını izlədik. Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə keçirdiyi oyunu izləmək üçün Bakıya gəlmişdim. Matça pis başlamamışdılar, amma yekunda uduzmuşdular. Yeni yaranan “Sabah” klubu da futbola yaxşı yatırım edib. Keyfiyyətli futbolçuları var. Futbolun inkişafı üçün yüksək səviyyəli insfrastruktur yaradılıb. Futbolçu da yetişdirə bilsə, daha fərqli komanda olacaq. Bu cür yenilikləri hər zaman müsbət qarşılayıram. Bura gəliş səbəbimiz bəllidir. Zəlzələdən əziyyət çəkənlərə yardım barəsində bəzi fikirlərimiz var idi. Həm Avropada, həm də ölkəmizdə xeyriyyə məqsədi daşıyan yoldaşlıq görüşləri keçiririk. Bakıya da bunun üçün gəlmişik. Ümid edirəm ki, gözəl və maraqlı oyun olar.

- Klub futbolundakı uğurlarımızı qeyd etdiniz. Amma milli komanda səviyyəsində müəyyən çətinliklərimiz var. Ümumiyyətlə, kənardan Azərbaycan futbolu sizə necə görünür?

- Bu problemi biz də yaşadıq. Hamımız inkişaf gözləyirik və hərə özünə görə bir iş görür. Məncə, problem məsələnin kökündədir. Bu cür çatışmazlıqlar hətta Almaniyada da var. Onların futbola qoyduqları vəsait bizdəkindən daha çoxdur. Bununla belə, son vaxtlar oyunçu yetidirməklə bağlı problem yaşayırlar. Əvvəlcə milli komandanı yerli əhalidən yox, daha öncə ölkəyə köç edən əcnəbilərdən oyunçu götürməklə zənginləşdirdilər. Onların hesabına uğur qazandılar. Əvəzində isə özləri futbolçu yetişdirə bilmirlər. Xüsusi hücum xəttində ciddi çatışmazlıqları var. Futbol çox ağır idman növüdür. Bu, zəngin insanların oynaya biləcəyi oyun deyil. Bizdə də vəziyyət belədir. Vaxtilə Berti Foqts Azərbaycan millisinə gətirildi ki, uşaq futbolunu inkişaf etdirsin. Ondan sonra da bu istiqamətdə müəyyən işlər görülüb. Amma hələ də vəziyyət istənilən səviyyədə deyil. Çünki sadəcə, nəticə istəyirik. Aşağı yaş qruplarını inkişaf etdirmək uzun zaman tələb edən işdir. Bunun kökündə isə insan resursu, azyaşlı uşaqlar dayanır. Həm Türkiyədə, həm də Azərbaycanda istedadlı uşaqlar var. Aşağıdan futbolçu gəlmirsə, yuxarı yaş qruplarında nəyəsə ümid etmək mənasızdır. Vaxtilə biz də bəzi legionerləri milliləşdirdik. Məsələn, Mehmet Aurelio, Mustafa İzzet kimi oyunçuları götürdük. Artıq bu strategiyanı dəyişmək lazımdır. Hər ölkə öz oyunçusunu yetişdirməlidir. Hazırda Türkiyədə müzakirə olunan əsas mövzulardan biri budur. Deyirlər ki, əcnəbi futbolçu gəlsin. Yaxşı, gəlsin. Nə üçün? Ehtiyacımız olduğu üçün gətiririksə, buna hörmətlə yanaşaram. Amma özündə ola-ola yetişdirmədiyin hər hansı bir şeyi kənardan alırsansa, əlindəkini də itirəcəksən. Kənd təsərrüfatı məhsulları kimi. Məsələn, əlinizdə pambıq, kartof, tərəvəz var, amma digər ölkədən idxal edirsən. Özündəki tələbatı ödəmirsə, kənardan almaq normaldır. Eyni şeyi futbola da aid edərdim. Futbolçu yetişdirilmədiyi üçün hazırı alınır və istifadə olunur. Klublarımızın əsas problemi məhz bundadır. Ölkənizdə yaxşı komandalar var. Azərbaycan futbolunun səviyyəsini öyrənmək üçün dünən “Zirə” – “Kəpəz” oyununu izləmək istəyirdim, amma alınmadı. Futbolun içində insan resursu var, oyunçu yetişdirilməlidir. Bu olmadan mübarizə aparmağı düzgün hesab etmirəm. Kənardan dəstək almağa hörmətlə yanaşıram. Amma normadan çox olarsa, özülü zərər görər.

- “Qarabağ” – “Qalatasaray” matçından sonra Türkiyə klublarının bəzi futbolçularımızla maraqlandığı barədə xəbərlər yayıldı. Azərbaycan futbolunda diqqətinizi çəkən oyunçular varmı? Məsələn, “Konyaspor”da çıxış edən Mahir Emreli ilə bağlı fikirləriniz necədir?

Mahirin oyununu hələ “Qarabağ”da çıxış edərkən izləmişdim. İstedadlı futbolçudur. Daha əvvəl da Türkiyədə azərbaycanlı oyunçular çıxış edib. Rəşad Sadıqov “Kayserispor” və “Denizlispor” kimi komandalarda oynayıb. Onunla da əlaqəm var, hərdən danışırıq. Yəni, Azərbaycanda da futbolçu yetişir. Amma onların inkişafı üçün uzunmüddətli plan lazımdır. Problem məhz bundadır. Avrokuboklarda oynamaq üçün hazır futbolçu lazımdır. Bu zaman ən asan yol legioner götürməkdir. Halbuki əlindəki yerlilərin meydana çıxmağa ehtiyacı var. Onlara daha çox şərait yaratmaq lazımdır. Əvvəlcə əlimizdəkindən istifadə etməliyik. Keçmişdə imkanlar məhdud idi. Amma ində elə deyil. AVRO-2020 zamanı “Neftçi”nin stadionunda məşq edirdik. Xalça kimi meydança, tribunalar əla. Hər komandanın stadionu, məşq meydançaları var. Təhsil üçün şərait, insan amili və təşkilatçılıq önəmlidir. Futbol bu qədər sevilirsə, oyunçu yetişdirməli, hazıra qaçmamalıyıq. Hazırda bizim Avropada oynayan futbolçularımız var. Düzdür, hardasa bir səviyyə geridəyik. Ölkə xaricinə gedən futbolçularımız bəzən uğurlu çıxış edə bilmir. Düşünürəm ki, Azərbaycandan da Avropaya səs salan oyunçular çıxmalıdır. Yetişən futbolçular meydana çıxmalı, oyun təcrübəsi qazanmalıdırlar. Qurban Qurbanov kimi təlimçi və rəqabətcil mütəxəssislərin sayını artırmaq lazımdır. Bundan sonra əcnəbi məşqçilərin də futbola xeyri dəyə bilər. Biz nəyisə görürük və dərhal düşünürük ki, bunu edə bilərik. Bu, elə də asan məsələ deyil. 50 ildir bu işin içindəyəm, hələ də özümü tam məşqçi hesab etmirəm. Hər gün yeniliyə ehtiyac var. Futbola marağı artırmaq üçün rəqabət lazımdır. Bizdə “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor” arasındakı rəqabətin türk futbolunun nəbzini tutduğunu düşünürəm. Amma bəzən bu matçlar davaya çevrilir. Bu isə tamamilə başqa mövzudur.

-“Beşiktaş” hazırda 68 xalla Superliqada 3-cüdür. Çempionluq şanslarını necə dəyərləndirirsiniz?

 - Mübarizə davam edir. Son bir neçə oyunda qələbə qazanmağımıza baxmayaraq, hələ də üçüncüyük. Çünki liderlərdən xeyli aralı düşmüşdük. İkinci yeri tutmaq şansımız var. Çempionluq uğrunda “Qalatasaray” daha şansı görünür. Amma biz öndə gedən komandalar baxmırıq. Qalan 3 matçımızı da udub sıralamaya baxacağıq. İstənilən halda avrokuboklarda oynamaq istəyirik.

- “Sabah”la oyun barədə də fikirlərinizi bilmək maraqlı olardı...

- Azərbaycana daha tez gəlməyi planlaşdırırdıq. Təəssüf ki, zəlzələ insan itkisinə səbəb olan təbii fəlakətdir. Belə hallarda xalqların, dövlətlərin bir-birinə yardımı olur. Biz də öz-özümüzə “Nə edə bilərik” deyə düşünürük. Həm zəlzədə həyatını itirənləri unutmamaq, unutdurmamaq, həm də təbii fəlakətdən əziyyət çəkənlərə maddi yardım üçün bu oyunu keçirməyə qərar verdik. Açığı, “Sabah” klubu haqqında məlumatım yox idi. 2017-ci ildə yaradılmış yeni klubdur. Amma olduqca iddialıdırlar və futbolçuların orta yaş həddi 25-dir. Gələcəkdə futbolçu da yetişdirə bilsələr, daha güclü olarlar. Bir də azarkeş amili var. Tərəfdarı az olan klubun klubları işi çətindir. Ona görə də burada oyun keçirməklə azərbaycanlıların futbola marağını artırmaq istəyirik. Dostluq matçı olacaq. Bizim üçün həm də hazırlıq xarakteri daşıyır. Start heyətində az oynayan futbolçulara şans verəcəyik. İkinci hissədə isə əsas oyunçuları da meydana buraxacağıq. Çünki azarkeşlər onları izləmək üçün stadiona gələcəklər. Rəsmi görüş olmasa da, sevdiyi oyunçunu izləmək istəyən fanatı bundan məhrum etmək olmaz. Romen Saiss, Artur Masuaku və Omar Kolini zədəli səbəbindən Bakıya gətirə bilmədik. Hər üçü müdafiəçi olduğu üçün arxa xəttdə problemlərimiz ola bilər.

- Bir neçə il öncə Azərbaycan millisinin baş məşqçisi ola biləcəyinizlə bağlı xəbərlər yayılmışdı. Bunlar şaiyə idi, yoxsa həmin vaxt həqiqətən AFFA-dan sizinlə əlaqə saxlayan olmuşdu?

Bəli, belə bir şey həqiqətən olub. Həmin vaxt yığmanı çalışdırmaq istəyim olsa da, bunu həyata keçirə bilmədik. Qarşı tərəfdən yaxınlıq hiss etdim. Hər şey mühitdən asılıdır. Məşqçilik karyeramın son dönəmlərini yaşayıram. Hazırda “Beşiktaş”ın sükanı arxasındayam. Amma əvvəllər belə təklif olub. Önəmli olan yığmanın başına keçmək deyil, inkişafa töhfə verməkdir. İşlədiyiniz yerə xeyir verirsinizsə, orada iz qoyarsınız və hər zaman adınız çəkilər. “Beşiktaş”da da buna görə xoşbəxtəm. Bu hissi daha əvvəl “Trabzonspor” və Cənubi Koreya yığmasında da yaşadım. Məni özlərindən biri sayırlar. Bundan sonra Azərbaycan millisinə rəhbərlik etməyim mümkün deyil. Mən olmasam belə, buraya fayda verə biləcək həmkarlarım gəlsə, sevinərəm. Amma iz qoymayacaqlarsa, gəlməsinlər.

- Türkiyədə hazırda növbəti mövsüm üçün legioner limiti məsələsi müzakirə olunur. Sizin buna münasibətiniz necədir?

- Bunu məndən Türkiyə Futbol Federasiyası da soruşdu. Amma düşüncələrimi tam olaraq bölüşmədim. Çünki uzun söhbətdir. Məsələnin məğzini tutmadan legioner limitindən danışırsınızsa, əsas problemi gözdən qaçırırsınız. Futbolun nə olduğunu tam başa düşəndən sonra qarşına müəyyən hədəflər qoyursan. Bizdə isə əsas müzakirə mövzusu legioner limiti və hakimlərdir. Gündəlik, demək olar ki, dəyişmir. Hazırda AFFA Hakimlər Komitəsinə türkiyəli Barış Şimşek başçılıq edir. Çox uğurlu kadrdır. Ona görə Türkiyədə yox, burada işləməsi bizim üçün itkidir. Çox düzgün, işini sevən bir insandır. Niyə Türkiyədən ayrıldı? Cavabı yoxdur. İndi Azərbaycan futboluna xidmət edir. Legioner limitinə gəlincə, əlbəttə, əcnəbi futbolçu almalısan. Bəs, klubun maddi durumu buna uyğundurmu? Gücü çatırsa, alsın. Legioner futbolçuya tamamilə qarşı deyiləm. Amma müzakirə olunacaq tərəfləri var. Federasiyada hamı kimi mənim də fikrimi soruşdular. Təklifimi bildirdim, anlamadılar. Siz də dediklərimi paylaşın, bəlkə buradan oxusalar, başa düşərlər (gülür). Bilirsiniz ki, oyundan öncə dövlət himni səslənir. Mən oxuyuram, meydanda isə 11 nəfər legioner var. Onlar himni bilmirlər. Ölkə prezidenti dedi ki, buna çarə tapmaq lazımdır. Bildirdi ki, sayını azaldaq (gülür). Federasiyada təklif irəli sürdüm ki, əvvəlcə strukturu formalaşdıraq. Bunun üçün 5-10 il vaxt lazımdır. Dedim ki, plan 5 illik olsa, 11 futbolçu ilə başlayaq. Bunu Hamit Altıntopla da bölüşdüm. Deyəsən, fikrimi başa düşdü, amma federasiya rəhbərliyinə tam çatdıra bilmədi. Söylədim ki, 5 ildən sonra limiti 7-yə endirək, amma aldığımız əcnəbiləri meydançada oynada bilək. Dedim ki, “14 əcnəbi alaq, 8-ni oynadıb, qalanını ehtiyatda saxlayaq” kimi söhbətlər, bir sözlə, bazarlıq olmasın. Bir də təklif etdim ki, oyunçu “hovuz”u yaradaq, heyəti komplektləşdirdikdən sonra qalan futbolçuları U-19 komandasına göndərək. Yəni, əlimizin altında hazır futbolçular olsun. İstənilən vaxt onlardan istifadə edə bilək. Bu sistem özünü doğrultduqdan sonra limiti ləğv etmək olar. Amma sistem olmayandan sonra bunu bunu etməyin heç bir mənası yoxdur. Deyirlər ki, türk futbolçuların qiyməti bahadır. Sən oyunçu yetişdirmirsən, axı! Deyək ki, legioner limiti ləğv olundu. Məsələn, mən klubun prezidentiyəm. Niyə aşağı yaş qrupları ilə vaxt itirim ki? Onsuz da 1-2 ildən sonra getmək ehtimalım var. Bugünkü sistemlə limitin ləğvi heç bir önəm daşımır. Milli komandanın sükanı arxasında olarkən bu ideyanı ortaya atdım, klublar mənə qarşı kampaniya başlatdılar. Yığmadan ayrılmağının səbəblərindən biri də bu idi.

- Türkiyə futbolunu mental olaraq da bizim üçün dəyərləndirə bilərsinizmi? Oyunlarda tez-tez dava düşür, hakim qalmaqalları yaşanır...

Türkiyədə futbol sevilir və insanların həyat tərzidir. Səni öz ailə üzvlərindən biri kimi qəbul edir. Belədə mən özümü onlara borclu hesab edirəm. Özünü sevdirmək asan məsələ deyil. Sadəcə, bizdə sistem tam olmadığından futbolu öz məqsədlərimiz üçün qarşı tərəfi yoxetmə sənətinə çevirmişik. Bu isə çox vaxt dava-dalaşla nəticələnir və məsələyə azarkeş də qarışır. Futbola lazımi yatırımı etmirik, sadəcə, qaymağını yeməyə çalışırıq. Sonda nə baş verir? Hazır məhsuldan istifadə edirik. Klublar şirkətləşməlidir. Bu qədər pul xərcləyib belə səhvlər etmək olmaz. Bu işin məktəbi yoxdur, amma idarəçilər təhsil ala bilərlər. Praktika ilə yanaşı, nəzəri biliklərə də ehtiyac var. Niyə “böyük beşlik” ölkələrinin klubları və yığmaları uğur qazanırlar? Çünki sistem var. Əslində onların da uğursuzluqları olur. Biz isə nəticəyə görə tələsik qərar veririk. Məsələn, İtaliya Avropa çempionu olduqdan sonra dünya çempionatına qatıla bilmədi. Amma futbol davam edir. Düzdür, bunu uğursuzluq olaraq görürük, amma dünyanın sonu deyil. Bizdə belə şey baş verəndə hər şey məhv olur. Koronavirus pandemiyasının klublarla yanaşı, Türkiyə millisinə də təsiri oldu. Avropa çempionatına qatılacaqdıq, təxirə salındı. Turnir 1 il sonra keçirildi. Bizdən gözləntilər böyük idi. İlk matçda İtaliyaya uduzduqdan sonra psixoloji olaraq çökdük. Daha sonra DÇ-2022-nin seçmə mərhələsində mübarizə apardıq. Yaxşı gedirdik. Hətta qrup lideri idik. Monteneqro ilə heç-heçədən sonra aləm bir-birinə dəydi, ardınca Niderlanda uduzduq. Dərhal baş məşqçi dəyişikliyinə getdilər. Amma dəyişən heç nə olmadı. İndi həmin məşqçini başqası ilə əvəzləmək istəyirlər. Bu, yanlış sistemdir. Bunları kimisə qorumaq üçün demirəm. Burada söhbət anlayışdan gedir. Eyni vaxtda həm oyunçu yetişdirməli, həm komandanı hazırlamalı, həm xərclərə qənaet etməlisən. Bunları edə bilən varsa, gəlsin. Təsadüfi uğurlar heç kimi aldatmamalıdır. Heç bir bitki əkildiyi anda böyüyüb meyvə verməz. Onun qulluğunda durmaq lazımdır. Bizdə belə şey yoxdur. Türkiyədə futbolun inkişafı üçün potensial var. Amma dağınıqlıq hökm sürür. Bunu düzəltmək üçün qurumlar var. Amma bütün qərarları Klublar Komitəsi qəbul edir. Belə olmaz. Bu, mənə gülünc gəlir.

Poliqon.info 


Etiket: Şenol Güneş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar