Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Fələstin XİN başçıları görüşüb - Yenilənib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Fələstin arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyi, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri, eləcə də regional vəziyyət müzakirə olunub.

İki xalq arasında əlaqələrin tarixi köklərə əsaslandığını, xalqlarımızın möhkəm dostuq münasibətlərinin olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycan və Fələstin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb. Fələstinin Ramallah şəhərində Azərbaycan Respublikasının Təmsilçilik Ofisinin açılmasının mövcud münasibətlərin inkişafı üçün yeni imkanlar yaradacağına əminlik ifadə olunub. 

C.Bayramov Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini qeyd edərək, ölkəmizin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu vurğulayıb.

Nazir Ermənistanın 30 il ərzində işğalçılıq siyasəti və əməlləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, sülh gündəliyinin reallaşması istiqamətində tərəfimizdən görülən tədbirlər, bərpa-quruculuq tədbirləri barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklərə zidd təxribatları və sülhün təmin edilməsi istiqamətində çətinliklər yaratması, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhlükə olan mina təhdidi barədə faktlar diqqətə çatdırılıb. 

Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ölkəsinin Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. O, ölkəmizin Fələstinə göstərdiyi humanitar yardıma və Fələstin məsələsinə ayırdığı diqqət və beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Baş nazir İsrail-Fələstin münaqişəsi çərçivəsində yaşanan çətinliklər barədə ətraflı məlumat verib. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Riyad Əl-Maliki ilə görüşüb.

Poliqon.info xəbər verir ki, görüşdə, Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, iki ölkə arasında dostluq, həmrəylik və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafında Azərbaycan və Fələstin arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən siyasi dialoqun mövcudluğunun əhəmiyyətli rol oynadığını söyləyib.

Azərbaycan və Fələstin arasında ikitərəfli əsasda müxtəlif, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, turizm və digər sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin, çoxtərəfli əsasda isə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin mövcudluğu məmnunluqla qeyd edilib. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Fələstin Dövlətinin Ramallah şəhərində Təmsilçilik Ofisinin təsis olunması ilə bağlı Sərəncamının iki ölkə arasında münasibətlərin daha da genişlənməsində mühüm rol oynayacağına dair inam ifadə olunub.

Azərbaycanın beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə hədə olan, bölgədə ciddi humanitar böhrana səbəb olan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq şəkildə iki dövlət modeli əsasında həllini dəstəklədiyi vurğulanıb.

Post-münaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Azərbaycan tərəfindən bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, o cümlədən Ermənistan ilə sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylərin davamlı olaraq Ermənistanın təxribatları ilə üzləşməsinə baxmayaraq Azərbaycanın bu sahədə fəaliyyətini davam etdirməkdə qərarlı olduğunu bildirib.

Nazir Riyad Əl-Maliki, Azərbaycan və Fələstin arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərindən bəhs edərək, münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, iki dövlət arasında keçirilmiş siyasi məsləhətləşmələrin mövcud siyasi dialoqa böyük töhfə verdiyi qeyd olunub. Ölkəmizin Fələstinə humanitar dəstəyi yüksək qiymətləndirilib, bu sahədə dəstəyin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycanın Fələstin tələbələri üçün ayrılan təhsil təqaüdü yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar