Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahruddin: “Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Video  

Millinin səviyyəsi tamam başqadır və orada oynamaq üçün tam hazır olmalısan...

“Qarabağ”ın və Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev son illərdə ölkə futbolunda ən çox müzakirə edilən adamlardan biridir. İstər mənfi, istərsə də müsbət mənada... Onu son gündəmə gətirən hadisələr isə Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə səfər oyununda və Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşmada etdiyi səhvlər oldu. Azarkeşlərin bir qismi çərçivə qoruyucusunu tənqid etdi, digərləri isə ona dəstək oldu.

“Şah” ləqəbli qapıçı “Qafqazinfo”ya müsahibəsində oyunlardakı səhvini etiraf edib, Prezident İlham Əliyevlə dialoqundan və bir çox maraqlı nüanslardan danışıb:

- Hazırda səhhətiniz necədir?

- Əməliyyatdan ayyarım keçib. Bu, məşqlərə başlamaq üçün çox az müddətdir. Vaxtından tez komandaya qayıtmaq istəmirəm. Çünki bu, məndə üç dəfə baş verib və düzünü desəm, artıq yorulmuşam. Psixoloji olaraq çox çətindir. Hər dəfə ağrıyırsan, bərpa prosesi, qolunu işlətməlisən, trenajor zalında çox məşq edirsən.

- Qarşıda milli komandanın oyunları var. Yığmanın matçlarına qədər tam sağalacaqsız?

- Mən çox istəyirəm ki, milliyə kömək edim, amma formada olmayacağam. Yəni bu cür Şahruddin yığmaya lazım deyil. Millinin səviyyəsi tamam başqadır və orada oynamaq üçün tam hazır olmalısan.

- “Qarabağ” Konfrans Liqasının 1/8 final mərhələsində “Gent” səddini niyə keçə bilmədi?

- Biz “Gent” üzərində qələbə qazana bilərdik. Çünki onlardan daha güclü idik. Sadəcə, evdəki matçda daha çox qol vurmalıydıq.

- Luka Quqeşaşvilinin çıxışını necə dəyərləndirirsiniz?

- Mən düşünmürəm ki, “Gent”lə oyunlarda yerim görünürdü. Çünki hər iki oyunu Luka Quqeşaşvili yaxşı oynadı. Penalti qapıçı üçün heç vaxt göstərici olmayıb, çünki daha çox psixoloji işdir. Əgər sən psixoloji olaraq güclüsənsə, qalib gələcəksən, əgər deyilsənsə, udmayacaqsan. Kadi Borxes və Kvabena Ovusunun itkisi də rol oynadı. Onların yerinə gələn oyunçular hələ ki, biz istədiyimiz formada deyillər.

- Azərbaycana necə gəlmisiniz?

- Mən həmişə Moskvada məşq etmişəm və məşqçim gürcü olub. Bir gün o mənə zəng edib dedi ki, bir variant var - “Şahdağ”da oynaya bilərsən. Gəldim, çünki Azərbaycan bizim üçün çox yaxın ölkədir, dinimiz də eynidir. Məşqçimiz Kamran Əlibabayev klubda mənə çox kömək edib. Altı ay orada oynadım, sonra məni U-21 millisinə çağırdılar və bəyəndilər. Ondan sonra “Sumqayıt”a keçdim, iki il orada oldum. Sonra da “Qarabağ”a gəldim.

- “Qarabağ”a keçid necə baş tutdu?

- Mənim “Qarabağ”a keçidim, yəqin ki, daha çox Qurban Qurbanovun istəyi ilə olub. Ona yerli qapıçı lazım idi. Həmin vaxt limit var idi, bir nəfər gənc oyunçu olmalıydı və mən gənclər millimizin qapıçısıydım. Çox sevinirəm ki, o zaman “Qarabağ”a keçə bildim. Futbola ilk başladığım günlərdə bu, ancaq arzu idi və yerinə yetdi.

- Düşünürdünüz ki, bir gün “Qarabağ”a gəlib Çempionlar Liqasında oynayacaqsınız?

- Rusiyada futbola başlayarkən düşünməzdim ki, bu səviyyədə oynayacağam. Millidə çıxış edəcəyəm, “Qarabağ”la avrokuboklarda oynayacağam...

- Yığmaya sizi ilk dəfə kim dəvət edib?

- Məni əsas yığmaya ilk dəfə Robert Prosineçki çağırıb. O zaman “Qarabağ”da az oynayırdım. Daimi olaraq yığmaya isə Qurban müəllim çağırdı. O, millinin məşqçisi olandan sonra orada ya ikinci, ya üçüncü qapıçı idim. Ya Kamran Ağayev zədə alırdı, ya nəsə başqa bir şey baş verirdi, oynayırdım.

- Kamran Ağayevdən söz düşmüşkən, hazırda yığmada məşqçinizdir...

- Kamran Ağayev Azərbaycan futbolunun tarixində ən yaxşı qapıçılardan biridir. İndi onun rəhbərliyi altında millidə oynamaq çox rahatdır, çünki o özü də yığmada oynayıb, bizim kaprizləri bilir.

- “Qarabağ”ın hansı qapıçısından daha çox öyrənmisiniz?

- Ən çox sabiq qapıçımız İbrahim Şehiçdən öyrənmişəm. Çünki mən gənc olanda, yeni gələndə çox kömək edib. Bu günə qədər mənə çox kömək edir. Biz onunla çox əlaqə qururuq. Mən “Qarabağ”da təzə oynamağa başlayanda tez-tez zəng edirdi, məsləhətlər verirdi. Asmir Beqoviç də var idi. Böyük təcrübədir, çox güclü qapıçıdır. Sən ona baxanda görürsən ki, adam İngiltərədə oynayıb.

- Qurban Qurbanovu necə şərh edərdiniz?

- Qurban müəllim haqqında, bilmirəm, nə deyim... “Hoca” haqqında nəsə deməyə adamın sözü olmur. Onun barəsində insan kimi çox yaxşı şeylər demək olar, məşqçi kimi isə bizim komandanın nəticələri öz sözünü deyir. Rusiyada oynayan çox tanışım var. Onlar hər zaman soruşurlar ki, necə olur ki, o cür rəqabət olmayan çempionatda bu səviyyədə çıxış edirsiniz?! Cavab verirəm ki, bu “Hoca”nın işidir.

- Tərəfdarlarınız Konfrans Liqasında “Qarabağ”dan daha böyük uğur gözləyirdilər...

- Azarkeşlər nə qədər çox istəyirlərsə, biz onlardan da çox istəyirik. Bu il biz nə qədər işləmişik, nə qədər zədələrimiz olub, nə qədər məşq eləmişik. “Lex”, “Sürix”, “Ferentsvaroş”un çıxış etdiyi çempionatlar bizdən qat-qat güclüdür. “Viktoriya”da da biz iki oyunda güclüydük, sadəcə, onlarla bəxtimiz gətirmədi. Gələcəkdə böyümək üçün tək “Qarabağ” böyüməli deyil, bütün Azərbaycan futbolu böyüməlidir, çempionat böyüməlidir. Güclü rəqabət olmalıdır. Görürsünüz, Kadi, Ovusu getdilər, amma onların yerinə oyunçu gətirmək çox çətindir. Çox adam düşünür ki, Azərbaycana oyunçu gətirmək asandır, pulunu verib, transfer edirsən. Amma heç kəs Azərbaycana gəlmək istəmir. Yarım il avrokuboklarda oynamağa görə gəlmək istəmirlər. Bəs sonra neyləyək? Bu çempionatda oynayaq?

- Bu gün qapıçı səhvlərinin çoxalması nə ilə bağlıdır?

- Hazırda dünya futbolunda qapıçı, sadəcə, qapıçı deyil. Əvvəllər qapıçı qapıda dayanırdı, topu qaytarırdı və başqa işi yox idi. İndi qapıçı həm hücuma başlamalıdır, həm ayaqlarla oynamalıdır və bu, böyük riskdir. Çünki sənin arxanda heç kəs yoxdur, sonuncusan. Əgər bir səhv eləsən, 90 faiz qol olacaq... Sən bunları istədiyin üçün eləmirsən, sən bunu ona görə edirsən ki, komandaya kömək etməyə çalışırsan. Əgər üzərinə bu məsuliyyəti götürməsən, heç vaxt artmayacaqsan, Tibo Kurtua olmayacaqsan. Əgər o, elə oynamasaydı, heç vaxt “Real”da olmazdı. Alison Bekker elə oynamasaydı, heç vaxt “Liverpul”da olmazdı, Ederson “Mançester Siti”də olmazdı. Əgər onlar qorxsaydılar, heç vaxt bu səviyyəyə yüksələ bilməzdilər.

- Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə matçda ciddi səhvə yol verdiniz və böyük müzakirə mövzusu oldu. İndi o epizoda baxanda nə düşünürsünüz?

- Qorxulu yuxu kimidir. “Qarabağ”a gəldiyim ilk gündən mənim qapıçı məşqçim Elxan Həsənovla bunun üzərində çox işləyirdik - haraya çıxmalı deyiləm. “Viktoriya” ilə olan matçdakı səhv mənim üçün dərs oldu. Mən indi fikirləşirəm ki, niyə oraya çıxdım? Sadəcə, komandaya kömək eləmək istəyirdim. Mən bilirdim ki, onların iki metr boyu olan hücumçusu var. Əgər məndən soruşsaydılar ki, geriyə qayıdıb yenə də oraya çıxardım? Yox, qapıda dayanardım. Bu səhv məni çox incitdi, çünki etməyə də bilərdim.

- Azərbaycan Kubokunun finalında etdiyiniz seyvdən sonra şərhçinin “Şahruddin, neyləyirsən sən?” ifadəsi trendə çevrildi. Bu sözü tez-tez eşidirsiniz?

- Bu kəlmə hər yerdə trendə çevrildi. Ola bilər, Azərbaycanda bütün insanlar küçədə məni üzdən tanımırlar, amma adım çəkilir. “Şahruddin” deyəndə onlar dərhal deyirlər “neyləyirsən sən?” Bu epizodu yaxşı qarşılayırlar. Şərhçi dedi ki, “Şahruddin, neyləyirsən sən?” və bu, trend oldu. Bilmirəm, nə vaxt bitəcək, amma gələcəkdə daha yaxşı oynamağa çalışacağam ki, bu trend bitməsin.

- Sizdən sonra komanda yoldaşlarınız və həmkarlarınız Amin Ramazanovla Luka Quqeşaşvili “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışındakı oyunlarda çıxışda səhvlərə yol verdilər və tənqid edildilər. Onların bunu Şahruddin Məhəmmədəliyevdən öyrəndikləri barədə şərhlər daha çox yazılırdı...

- Amin və Lukanın səhvlərinə “Şahruddinin səhvi” desək, doğru olmaz. Mark-Andre ter Ştegen, Tibo Kurtua kimi qapıçılar da səhv edirlər. Həmişə adımın çəkilməsi düz deyil. Ən rahatı odur ki, 7 metrlik qapıda çərçivəni qoruyasan. Onda heç kəs deməyəcək ki, oraya çıxdın, buraya çıxdın. Biz komandayıq, onlara kömək etmək üçün oradayam. Özümü düşünməmişəm heç zaman, həmişə komandanı fikirləşmişəm.

- Prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edərkən sizinlə danışdı. Həmin vaxt ölkə başçısı sizə nə dedi?

- Görüşdə Prezident İlham Əliyev hər kəslə salamlaşırdı. Ölkə başçısı bizim haqqımızda çox şey bilir. Hətta oyundakı anlardan danışanda biz hamımız çox təəcüblənirdik. Görünür ki, dövlət başçısı bizə görə narahatdır və futbolu izləyir. Mənə dedi ki, “sən çox cəsur qapıçısan, çox ürəklə qapıdan kənara çıxırsan”. Və əlbəttə ki, əgər ölkə Prezidenti sənə baxırsa, bu, daha çox işləməyə motivasiya verir. Həmin gün Prezidentin mənim haqqımda xoş sözlər deməsi güclü olmaq üçün motivasiya verdi. Hər il daha da güclü olacağam.

- Bir neçə müddət əvvəl “Instagram” hesabında Almaniya millisinin fotosunu paylaşaraq üzərinə xoruz fotosu yerləşdirmişdiniz. Məqsəd nə idi?

- Bilirsiniz, belə bir deyim var: “Hər kəs öz tərbiyəsinə uyğun düşünür”. O paylaşımı edəndə gərək xoruz şəkli qoymazdım, söz yazardım. Unutdum ki, Azərbaycanda “xoruz” sözü tək heyvanla əlaqəli deyil. Hətta bunu LGBT səhifələri də paylaşmışdılar. Elə ilk olaraq onlar paylaşım etdilər. Məhz bundan sonra saytlar xəbər yazmağa başladılar.

- Kumiriniz kimdir?

- Canluici Buffon.

Poliqon.info


Etiket: Şahruddin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar