Vaşinqton daha uzun mənzilli raketləri Ukraynaya hərbi yardım paketinə daxil edəcək…
PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.
Reuters iki ABŞ rəsmisinə istinadən xəbər verir ki, Vaşinqton Kiyev üçün 2,2 milyard dollarlıq yeni hərbi yardım paketi hazırlayır. Mənbələrin iddialarına görə, ilk dəfə uzaq mənzilli raketlər bu paketə daxil ediləcək.
Agentliyin aydınlaşdırdığına görə, söhbət GLSDB (Ground Launched Small Diameter Bomb) raketlərinin tədarükündən gedir və onların uçuş məsafəsi 150 km-dir.
Reuters xəbər verir ki, yardım paketi bu həftə elan ediləcək. Paketə həmçinin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün dəstək ləvazimatları, dəqiq idarə olunan döyüş sursatları və “Javelin” tank əleyhinə silahlar daxildir.
Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak daha əvvəl bildirib ki, Kiyev Ukraynaya aviasiya və uzaqmənzilli raketlərin verilməsi ilə bağlı Qərblə danışıqlar aparır. Onun sözlərinə görə, Ukrayna bu cür silahlara, o cümlədən Krımda Rusiya silahlı qüvvələrinin arxa infrastrukturuna və artilleriya anbarlarına zərbələr endirmək üçün lazımdır.
GLSDB GBU-39 idarə olunan dəqiq bombanın təkmilləşdirilmiş versiyasıdır və ona raket mühərriki əlavə edilmişdir. Rəhbərlik sistemi sayəsində GLSDB istənilən trayektoriya üzrə uça və məsələn, arxadan hədəfi vura bilər.
pia.az