İspaniyada poçtla müxtəlif ünvanlara bomba paketlərinin göndərilməsinin arxasında QRU ilə əlaqəli ifrat sağçı Rusiya təşkilatı dayanır…
Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) göstərişi ilə fəaliyyət göstərən Rusiyanın ifrat sağçı təşkilatı “Rusiya İmperator Hərəkatı” İspaniyada içində partlayıcı qurğular olan bağlamaların göndərilməsinin arxasında ola bilər.
PİA.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd edək ki, noyabrın sonu və dekabrın əvvəllərində Ukrayna səfirliyinə və bir sıra ünvanlra poçt vasitəsi ilə içində bomba olan bağlamalar göndərilib. Belə bağlamaların ümvanlandığı şəxslər arasında İspaniyanın Baş naziri Pedro Sançes, ölkənin Müdafiə Nazirliyi, Ukrayna səfirliyi, həmçinin İspaniyanın Kiyevə verdiyi silahları istehsal edən “Instalaza” şirkəti də var.
“The New York Times”ın həmsöhbətlərinin sözlərinə görə, istintaq son vaxtlar öz diqqətini “Rusiya İmperator Hərəkatı” üzərində cəmləşdirib. İfrat sağ təmayüllü olan bu təşkilatın bütün Avropada həmfikirləri, həmçinin Sankt-Peterburqda hərbi təlim mərkəzləri ilə əlaqələri var. Mənbələr təşkilatın Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğunu düşünür. Xüsusilə, NYT iddia edir ki, hücumların arxasında olduğu iddia edilən rus zabitləri QRU üçün işləyirlər.
Qəzet həmçinin yazır ki, “Rusiya İmperator Hərəkatı” üzvlərinin Avropada ifrat sağcı hərəkatları ilə əlaqələrini araştırır. O cümlədən yerli polis onların ifrat sağçı ispan təşkilatları ilə əlaqələrini izləyib.
ABŞ rəsmiləri bildiriblər ki, aksiyanın məqsədi Rusiya və onun etibarlı qüvvələrinin Ukraynaya yardım edənlərə qarşı Avropada, o cümlədən NATO ölkələrinin paytaxtlarında terror hücumları təşkil edə biləcəyinə dair siqnal verməkdir. Onlar həmçinin qeyd edirlər ki, Moskvanın Avropada NATO-nun reaksiyasına səbəb ola biləcək genişmiqyaslı gizli hücumlara və ya təxribata hazır olduğuna dair heç bir əlamət yoxdur.
Xatırladaq ki, noyabrın sonunda Ukraynanın İspaniyadakı səfirliyinə səfirin adına yazılmış zərf gəlib. Diplomatik nümayəndəliyin əməkdaşı onu açdıqdan sonra partlayış olub. İşçi əlindən yüngül xəsarət alıb. Bundan sonra partlayıcı maddə olan daha bir neçə bağlama və məktublar barədə məlumat yayılıb. Belə məktublar, xüsusən də İspaniyanın Müdafiə Nazirliyi və ölkənin Baş nazirliyi tərəfindən qəbul edilib.
Qeyd edək ki, “Rusiya İmperator Hərəkatı” özünü milli-vətənpərvər və monarxist təşkilat kimi təqdim edir və vəzifələrini digər məsələlərlə yanaşı, ənənəvi dəyərlərin qorunması, rusofobiya və qeyri-qanuni miqrasiya ilə mübarizədən ibarət hesab edir. ABŞ və Kanada hərəkatı terror təşkilatı kimi tanıyıb. Hərəkat Britaniya, İspaniya və İtaliyanın ifrat sağçı təşkilatları ilə birlikdə Avropa millətçilərinin qurultaylarında iştirak edib. “Novaya qazeta”nın yazdığına görə 2014-cü ildə təşkilat Donbasa göndərilmək üçün hərbi bacarıqlar üzrə təlimlər təşkil edib.
Təşkilatın internet saytı və onun bir neçə çap nəşri Rusiya Ədliyyə Nazirliyinin ekstremist materialları siyahısına daxil edilib, lakin hərəkatın özü Rusiyada terrorçu və ya ekstremist təşkilat kimi tanınmayıb.
pia.az