Tədqiqatçılar 4 min ildən artıq dövrü əhatə edən petroqliflərin qədim amerikan xalqlarının kosmologiyasını əks etdirdiyini bildirir...
Poliqon xəbər verir ki, ABŞ-nin cənub-qərbində, Texasın indiki ərazisi ilə Meksikanın şimalını ayıran Pekos çayı boyunca yerləşən kanyonda alimlər minilliklər boyunca yaradılmış nadir qayaüstü incəsənət nümunələrini araşdırıblar. Live Science nəşri yazır ki, burada aşkar edilən və “Pecos River style” adlanan üsluba aid freskalar təqribən 5 760–5 385 il əvvəl meydana çıxıb və son nümunələr 1 370–1 035 il əvvəl yaradılıb. Bu, təxminən 175 nəsil sənətkarın ardıcıl şəkildə eyni vizual ənənəni davam etdirdiyini göstərir.
Rəsmlər əhəngdaşı qayalıqların səthindədir və kompozisiya baxımından son dərəcə mürəkkəbdir. İinsan fiqurları, heyvan təsvirləri, həmçinin mif və rituallarla bağlı olduğu ehtimal edilən mistik işarələr burada öz əksini tapır. Tədqiqatçılar bildirirlər ki, bu petroqliflər qədim xalqların kainatın quruluşu, ruhani aləm və varoluş haqqında təsəvvürlərinin vizual ifadəsi olub.
Qaya üzərindəki təsvirlərin minilliklər boyunca dəyişmədən saxlanılması alimləri xüsusilə təəccübləndirib. Sənətkarların istifadə etdiyi alətlər, yaşayış tərzi və hətta iqlim kəskin dəyişsə də, ikonografik ənənə, yəni rənglərin tətbiqi qaydası, fiqurların yerləşməsi və süjet ardıcıllığı eyni qalıb. Bu, bilik və inancların nəsildən-nəslə yüksək dəqiqliklə ötürüldüyünü göstərir.
Freskaların miqyası da diqqət çəkir. Bəzi kompozisiyalar 30 metr uzunluğa, 6 metrəyə qədər hündürlüyə çatır və yüzlərlə təsvir vahid mifoloji səhnələr yaradır. Bu, qədim sənətkarların geniş miqyaslı rituallar və ya kollektiv yaddaş üçün vizual “divar kitabları” yaratdığını göstərir.
Tədqiqatçıların fikrincə, bu qaya rəsmləri sadəcə incəsənət deyil, “vizual əlyazmalar” sayılmalıdır. Onlarda qədim amerikan xalqlarının kosmologiyası, mifologiyası və mənəvi dünyası əks olunub. Alimlər istisna etmirlər ki, həmin simvol sistemi sonradan Mesoamerikanın inkişaf etmiş sivilizasiyalarının, o cümlədən maya və aztеk ənənələrinin formalaşmasına təsir göstərib və müasir yerli icmaların dini inanclarında izlərini qoruyub.
Arxeoloqlar bu təsvirlərin daha dəqiq şifrələnməsi üzərində işi davam etdirir və bu petroqliflərin Amerika qitəsinin ən qədim və ən sistemli rituallardan birinin izlərini daşıdığını düşünürlər.
Poliqon.info