Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlan sancması zamanı nə etmək olmaz?

Yara yerini yarmaq, sıxmaq şikəstlik yarada bilər...

Son günlərdə bölgələrdə havaların istiləşməsi ilə bağlı həyətyanı sahələrdə, eləcə də sıx kolluq olan ərazilərdə ilanların sayı artıb. Hətta mayın 30-da İsmayıllıda iki nəfəri ilan sancıb. Onlardan 2005-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır stabil olaraq qalıb.

İlanlarla necə mübarizə aparılmalıdır? Onlardan qorunmağın ən optimal yolu nədir? Zərdab hansı müddət ərzində vurulmalıdır?

Oxu.Az-ın bu və digər suallarını AMEA Zoologiya İnstitutunun mütəxəssisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov cavablandırıb.

O bildirib ki, yaz-yay aylarında havaların istiləşməsi ilə bağlı bütün sürünənlər kimi, ilanlar da fəallaşır:

“Hətta may ayından başlayaraq iyunun ortalarına qədər ilanların aktivliyi xüsusilə yüksək olur. Onlar cütləşmə ilə bağlı qışlamadan çıxdıqları üçün çox fəal olurlar və biz onlara gündüz də rast gəlirik. İlanlar yaşayış məskənlərinə yaxın, evlərdə, həyətyanı sahələrdə, bağlarda daha çox müşahidə edilir.

İlanlar, təbii ki, sırf insanlara zərər vermək üçün həyət-bacalara daxil olmurlar. Bunlar gizli, yaxud yarımgizli həyat keçirən heyvanlardır. Düşməndən özlərini müdafiə etmək üçün gizlənməli, yem əldə etmək üçün pusqu qurmalıdırlar. Siçovul, quş, yumurta, kərtənkələ, qurbağa yeyən ilanlar var. İlan yeyəcəyi heyvanların arxasınca düşüb, onu qovur, pusquda dayanır və şikar oradan keçən zaman dərhal onu tutub zəhərləyir. Zəhərsiz ilan isə şikarına sarılaraq sıxır və onu boğub öldürərək hərəkətsizləşdirir. Daha sonra isə şikarını bütöv halda udur.

İlanların yemləndiyi heyvanlar həyətyanı sahələrdə, evlərdə varsa, onlar yemlənmək məqsədilə o yerlərə girə bilərlər. Havaların istiləşməsi ilə bağlı gündüz aktivliyi çox olduğu üçün ilanlarla daha sıx rastlaşa bilirik.

Amma qızmar yay günləri başladıqda ilanlar sərinlənmək üçün yer axtarırlar. Bu halda ilan həyət- bacalardakı müxtəlif yerlərə atılmış lövhələr, daş qalağı, tikinti materialları, budanmış ağac budaqları altında gizlənə bilər. Eləcə də, xüsusən, bostanlarda, tərəvəz, qarpız-yemiş, ələlxüsus çiyələk şitillərinin altında sərinlənmək üçün yer seçə bilirlər”.

T.İsgəndərov insanların ilan sancmasına məruz qalmasını da bu aylarda bostanlarda, pomidor-xiyar tağları arasında işləmələri və ehtiyatsızlıqla əlaqələndirir:

“İnsanlar bu aylarda tərəvəzçilik və bostançılıq, bağçılıqla məşğul olarkən ehtiyatlı olmalıdırlar. Məsələn, adam əlini ilan uzanmış tağın altına uzatsa, ayağı ilə tağları silkələsə, ilanın onu sancması qaçılmazdır. Ona görə də belə vaxtlarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan insanlar xüsusilə diqqətli olmalıdırlar ki, burada ilan ola bilər”.

Mütəxəssis deyir ki, isti vaxtlarda sərinlənmək, yumurta qoymaq üçün, havalar soyuyanda isə qışlamaq üçün yer axtaran ilanların sığınacaqları gizlidir:

“Təbiətdə, torpaqda olan çatlar, gəmiricilərin yeraltı yuvaları, yarğanlar, ağac koğuşları, qayaların altı ilanların təbii sığınacaqlarıdır. Həyət-bacalarda isə belə sığınacaqları biz öz əlimizlə yaradırıq. Belə ki, köhnə tikililərin hasarları, evlərin divarlarındakı çatlar, zirzəmiyə keçid, həyət-bacadakı səliqəsizlik, kol-kos, tullantıların altı ilanlar üçün əla yerlərdir. Həyətdə siçan-siçovul isə əlavə olaraq qida mənbəyidir. Ona görə də xüsusilə diqqətli olmaq gərəkdir”.

Bəs ilan sancması anında dərhal edilməli və qətiyyən edilməməli olan addımlar hansılardır?

T.İsgəndərov deyir ki, ilan sancması anlarında bəzi şeylər var ki, onları qətiyyən eləmək olmaz:
“Məsələn, ilan sancan yeri kəsmək, dağlamaq, yaralamaq qətiyyən yolverilməzdir. İlk saniyələrdə mümkün qədər sıxmaqla oradan qanı çıxarmaq olar ki, zəhər xaric olunsun. Amma bir neçə dəqiqədən sonra sıxmaqla qan çıxarmaq, zəhəri çölə atmaq mümkün olmur. Artıq gec olur və qan dövranı zəhəri götürüb bütün bədənə yayır. Ona görə də həmin yeri sormağın, kəsməyin heç bir xeyri yoxdur, əksinə, ziyanı var.

İlanın dişi batmış yerin sağalmasını çətinləşdirə, hətta şikəstliyin yaranmasına səbəb ola bilərsiniz. Adətən, sancma yerindən yuxarıda müxtəlif sıxaclarla qanın dövranını yavaşlatmağa çalışırlar. Əslində, olmaz bu, qəti qadağandır. Bu şərtlə olar ki, 5-10 dəqiqədən bir sıxma yeri açılıb, bir qədər yuxarıdan təkrar bağlanılsın.

Zəhərli ilan sancmasına məruz qalan adam çoxlu maye içməlidir ki, böyrək vasitəsilə qanın təmizlənməsinə kömək olsun. Həkim də məhz qanı duruldan müxtəlif sistemlər təyin edir ki, qana düşən zəhər tez təmizlənsin. İlan sancmış adam hətta huşunu da itirə bilər. Ona görə də sancma anında mütləq həkimə müraciət önəmlidir. Sancma anında ilk iki-üç gün daxili orqanların qorunması üçün profilaktik tədbirlərin görülməsi önəmlidir. Qan təzyiqində, ürəyin, böyrəyin fəaliyyətində problemlər yarana bilər”.

Bəs zərdab vurulması gecikərsə? Bunu əvəz edən vasitə varmı?

T.İsgəndərov ilan təhlükəsi olan ərazilərdə yaşayan insanların evdə, soyuq yerdə zərdab saxlamalarını tövsiyə edir:

“Ən yaxşısı bu olar ki, evdə, soyuducuda, işlədikləri sahəyə yaxın ərazidə isə sərin yerdə zərdab saxlasınlar. Onu gün düşən yerdə saxlamaq olmaz. İlan yuxarı ətraflardan, əl barmaqlarından sancıbsa, zərdab sancma yerindən inyeksiya yolu ilə bədənə yeridilir. Bu, müalicə yox, orqanizmin ilan zəhərinə dözümlülüyünü artırmaq üçün vurulur. Müalicəni gecikdirmək, həkimə getməmək olmaz. Çünki ilan sancması ölümlə nəticələnə bilər.

Eləcə də zəhərli əqrəb sancmaları da ola bilər. Onlardan qorunmaq üçün həyətyanı sahələrdə, evlərin ətrafında kəskin qoxulu maye, toz halında maddələr səpərək qoruyucu mühit yaratmaq tövsiyə edilir. Bu qoxular iki-üç gün sonra effektini itirdiyi üçün təkrarlanmalıdır”.

Yay mövsümünün gəlməsi ilə əlaqədar ilan, əqrəb və s. sancmaları artdıqca müvafiq zərdaba, vaksinə də tələbat artır. Bəs kifayət qədər zərdab varmı? Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri zəruri vaksin və zərdablarla təmin olunubmu?

TƏBİB-dən mövzu ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan tibb müəssisələri zəruri vaksin və zərdablarla təmin olunub. Tibb müəssisələrinin tələbnamələri əsasında vaxtaşırı təchizat həyata keçirilir.

Təlimat üçün bildirilib ki, ilan və əqrəb sancması zamanı ilk olaraq yara nahiyəsi bol su və sabunla yuyulmalı, zərərçəkən sol tərəfi üstə uzadılmalı, hərəkətləri minimuma endirilməlidir.

Yara nahiyəsinə soyuq kompres və ya qan dövranını məhdudlaşdırmayan sarğı qoyulmalıdır. Yara nahiyəsinə turniket qoymaq, ənənəvi ilk yardım üsullarından istifadə etmək (yara nahiyəsinin çərtilməsi, sorulması, məlhəm qoyulması və s.) qətiyyən olmaz. Bu cür müdaxilələr yara nahiyəsinə infeksiyanın düşməsinə və ya nekrotik dəyişikliklərə səbəb ola bilər.

Zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərildikdən sonra o tez bir zamanda tibb müəssisəsinə çatdırılmalı və maksimum dörd saat ərzində müdaxilə edilməlidir.

Poliqon.info


Etiket: İlan sancması


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar