Tədqiqat göstərib ki, seçicilər seçki kampaniyalarının əvvəlində qadın namizədlərlə bağlı daha çox tərəddüd yaşayır və bu, onları qadın namizədləri daha yaxından öyrənməyə vadar edir…
Poliqon xəbər verir ki, “Politics & Gender” jurnalında dərc olunmuş yeni bir araşdırmanın nəticələrinə görə, qadın siyasətçilər öz partiyalarının gözləntilərinə və mövqelərinə uyğun gəlmədikdə, seçicilər onlara kişi namizədlərlə müqayisədə daha sərt münasibət göstərir.
Bu nəticələr ABŞ Konqresinə seçkiləri simulyasiya edən kompüter əsaslı eksperiment əsasında əldə olunub. Tədqiqatçılar 1700 yetkin amerikalı iştirakçıdan uydurma namizədlərlə tanış olmağı, onları qiymətləndirməyi və sonda səs verməyi xahiş ediblər.
İştirakçılar eksperiment zamanı biri demokrat, digəri respublikaçı olmaqla iki uydurma namizədlə tanış olublar. Onların hər ikisi Konqresə namizəd kimi təqdim olunub.
Tədqiqatçılar iştirakçılara namizədlərin siyasi mövqeləri və bu mövqelərin partiya xəttinə uyğunluğu ilə yanaşı, ailə vəziyyəti, iş və siyasi təcrübəsi, sosial fəlsəfəsi, qəzet başlıqları və hətta uydurma qalmaqallarla bağlı məlumatlar təqdim ediblər.
Araşdırma göstərib ki, əgər namizədin siyasi xətti partiyasının xətti ilə uyğun gəlirsə və qalmaqal onun yeganə “problemi”dirsə, bu zaman qalmaqalların təsiri minimal olur. Məsələn, seçicilər öz partiyalarının namizədinin pornoqrafiyaya baxması, evsiz insanlara gülməsi və ya ABŞ Konstitusiyasını cırması kimi qalmaqallara qarışmasına baxmayaraq, ona səs verməkdən çəkinməyiblər. Bu tendensiya həm kişi, həm də qadın namizədlər üçün eyni olub.
Təkcə “vəsaitlərin mənimsənilməsi” qalmaqalı seçicilərin qərarına ciddi təsir göstərib. Ancaq bu azalma qadın və kişi namizədlər üçün təxminən eyni səviyyədə qeydə alınıb. Lakin əsas fərqlər namizədlərin siyasi mövqeləri partiya xəttindən uzaqlaşdığı zaman üzə çıxıb.
Məsələn, kişi namizədlərə partiya mövqeyindən kənara çıxmaq "bağışlanıla bilər" kimi qəbul edildiyi halda, qadın namizəd eyni davranışı göstərdikdə, onun dəstək səviyyəsi orta hesabla 11 faiz azalıb. Bu azalma hətta “vəsaitlərin mənimsənilməsi” kimi ağır bir qalmaqalın yaratdığı mənfi təsirlə eyni səviyyədə olub.
Poliqon.info