Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güney Azərbaycanda milli kimlik mübarizəsi

İran hakimiyyəti ərazisində yaşayan milli və etnik azlıqlar kimi təqdim etdiyi xalqlara münasibətdə şimal qonşusu Azərbaycanın təcrübəsindən faydalana bilər.

Rejimin təzyiqlərinə baxmayaraq, İrandakı azərbaycanlıların milli kimlik və milli dil uğrunda mübarizəsinin bundan sonra daha geniş, ardıcıl şəkildə gedəcəyinə və daha çox uğur qazanacağına əmin olmaq olar.

“Cənubi Azərbaycan” kimi tanınan tarixi ərazinin avtoxton xalqı olan Azərbaycan türkləri IX əsrdən başlayaraq müəyyən fasilələrlə 1924-cü ilədək indiki İran ərazisində siyasi hakimiyyətə malik olub, ölkənin siyasi, iqtisadi, mədəni və mənəvi həyatında mütərəqqi ideyaların yayılmasında aparıcı rol oynayıblar. Lakin yeni tarixi dövrə keçid mərhələsində azərbaycanlılar milli həyatın etnik komponentlərinin hərtərəfli inkişafı üçün zəruri hüquqi, siyasi və mədəni mühitdən məhrum ediliblər. 1925-ci ildə Rza Pəhləvi hakimiyyətə gəldikdən sonra İranda geniş miqyasda həyata keçirilən mərkəzləşdirmə siyasəti və onun əsasında yeni keyfiyyət kəsb edən milli münasibətlər nəticəsində azərbaycanlılar milli hüquqlardan məhrum ediliblər. Həmin vaxtdan etibarən Cənubi Azərbaycan sosial-iqtisadi cəhətdən getdikcə geriləmək məcburiyyətində qalan bir əyalətə çevrilib. Nəticədə bölünmüş Azərbaycanın cənub hissəsində milli hüquqlar və azadlıq uğrunda mübarizə başlanıb, torpaqların, millətin birləşdirilməsinə cəhdlər göstərilib. İranda digər xalqların etno-milli inteqrasiyası və formalaşma prosesinin qarşısını almağa çalışan Pəhləvi rejiminə qarşı mübarizə aparan xalqlar arasında Azərbaycan türkləri xüsusilə seçiliblər.

1978-1979-cu illərdə İranda baş vermiş inqilab qeyri-fars xalqlarda milli özünüdərk prosesinin dərinləşməsinə təkan verib. Milli məsələnin birtərəfli şəkildə həllinə cəhdlər edilib, milli hüquqların tanınması və təmin olunması istiqamətində geniş fəaliyyət göstərilib. Cənubi azərbaycanlıların müxtəlif ictimai, siyasi və mədəni qüvvələri ana dilinin hüquqlarının tanınması və təmin edilməsi məsələsini prioritet kimi irəli sürüblər. Bu da ana dili məsələsinin cənubi azərbaycanlıların milli azadlıq mübarizəsində tutduğu yerin əhəmiyyətini önə çıxarır. Lakin panfarsist - şovinist mahiyyətini və məzmununu dəyişməyən hazırki İran rejimi Cənubdakı soydaşlarımızın insani hüquqlarını və fundamental azadlıqları ilə yanaşı, milli hüquqlarını da tanımaqdan imtina edir.

Azərbaycanlıların ana dili tədris sisteminə daxil edilmir

İİR Konstitusiyasının dövlət dili haqqında 15-ci maddəsi, “Millətin hüququ” adlı üçüncü fəslinə daxil olan 19, 20, 23, 27, 14 34, 48-ci və b. maddələrində, şuralar haqqında yeddinci fəslin 100 və 103-cü maddələrində İran xalqlarının hüquqları təsbit olunub. Lakin İİR rəhbərliyi “vahid islam ümməti” konsepsiyasını tətbiq edərək qeyri-farsların hüquqlarını inkar edir. Məhz İİR-in Konstitusiyasında qeyri-farsların varlığının, dillərinin və hüquqlarının ümumi şəkildə və məhdud miqyasda da olsa, tanınması, onların ana dili və milli haqlar uğrunda mübarizəsi üçün hüquqi əsas var. İran rejimi Əsas qanunun tələbinə məhəl qoymayaraq İran əhalisinin yarısını təşkil edən azərbaycanlıların ana dilinin tədris sisteminə daxil olması üçün, demək olar ki, real iş görmür. Bu istiqamətdəki addımlar quru vədlərdən, “cəhdlər”dən başqa bir şey deyil.

İranda ermənilərə məhəbbətin növbəti təsdiqi

Məlumdur ki, müasir dünyada insan hüququ və azadlıqları ilə bağlı vəziyyətin heç bir dövlətin daxili işi olmadığı artıq birmənalı şəkildə qəbul edilib. Hazırda insan hüquqlarının qorunması bəşəriyyət qarşısında mühüm və aktual problemlərdən biri sayılır. Müasir beynəlxalq hüquq hər bir xalqa və fərdə ana dilindən istifadə hüququ verir. Bəzi ölkələrdə, o cümlədən İİR-də qeyd edildiyi kimi, bu hüquqi problem hələ də öz həllini tapmayıb. İran İslam Respublikasında yaşayan ermənilərdən savayı digər xalqlara, o cümlədən azərbaycanlılara ana dilindən istifadə hüququnu reallaşdırmalarına imkan verilməyib. Azərbaycanlılar İranda əhalinin sayca əhəmiyyətli hissəsini təşkil etmələrinə baxmayaraq, ana dilindən istifadə hüququndan faydalana bilməyiblər.

Ana dili uğrunda mübarizənin hüquqi əsasları pozulur

Ana dili uğrunda mübarizə beynəlxalq hüququn tərkib hissəsidir. Müasir dünyada ana dilini qorumaq, mühafizə etmək vacib məsələ kimi diqqət mərkəzindədir. UNESCO 1999-cu ildə fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması haqqında qərar qəbul edib. Bunlar İslam inqilabından sonra Cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi üçün əsas verir. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Mülki və Siyasi Hüquqlar haqqında Paktın 1-ci hissəsinin 1, 3, 27-ci maddələri hər bir xalqın və fərdin öz ana dilindən istifadə hüququnu, II hissənin 2.1-ci, III hissənin 26-cı maddələri hər cür ayrı-seçkiliyin qanunla qadağan olunduğunu özündə əks etdirir. Həmin prinsiplər, eyni zamanda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2, 18, 19, 20, 26.2 maddələri ilə də təsbit olunub. BMT Nizamnaməsinin 55, 73 (A) maddələrində, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində və Helsinki Yekun Aktında da qeyd edilən hüquqlar öz əksini tapıb.

Təmiz Azərbaycan türkcəsində danışanları işdən azad edirlər

Bizim ölkəmiz də rəngarəng etnik tərkibə malikdir. Lakin ölkəmizdəki etnik və milli azlıqların bütün hüquqları ən yüksək səviyyədə qorunur. Milli və dini hüquqların qorunması üçün təkmil qanunverici baza və Prezident İlham Əliyevin siyasi iradəsi mövcuddur. Azərbaycan etnik birgəyaşayış nümunəsi sayılan dövlətlərdən biridir. Etnik və milli azlıqlar üçün orta məktəblərdə talış, ləzgi dillərində tədris həyata keçirilir. Televiziyalarda etnik və milli azlıqların dilində müxtəlif verilişlər yayımlanır. İranda isə Dövlət Televiziyası yerli TV-lərə rəsmi məktub göndərir ki, qeyri-fars dilində hazırlanan verilişlərdə danışıq mətnlərin ən azı 75 faizinin farsca kəlmələrdən ibarət olmalıdır. TV-lərdə təmiz Azərbaycan türkcəsində danışanları işdən azad edirlər.

Bir sözlə, İran hakimiyyəti ərazisində yaşayan milli və etnik azlıqlar kimi təqdim etdiyi xalqlara münasibətdə ən azından şimal qonşusu Azərbaycanın təcrübəsindən faydalana bilər. Lakin “İslam” adı altında pərdələnən panfarsist dövlətin imperiya xisləti, şovinist xarakteri bu nümunəni görmək istəməz.

Milli kimlik və milli dil uğrunda mübarizə

Qeyd etdiyimiz kimi, İran hakimiyyəti tərəfindən Cənubi Azərbaycan xalqının milli kimliyinə, ana dilinə qarşı ideoloji mübarizə daha intensiv şəkildə davam edir, siyasi təzyiqlər azalmır. Dövlətin milli münasibətlər sahəsindəki siyasəti, verdiyi vədlər və gördüyü tədbirlər məsələnin köklü şəkildə həllinə deyil, həmin sahədə yaranan gərginliyin zəiflədilməsinə yönəldilir. Belə olan təqdirdə, milli kimlik və onun əsas amili, mədəni və mənəvi dayağı olan etnik dil - Azərbaycan dilinin statusunun yüksəldilməsi və funksiyalarının genişlənməsi uğrunda mübarizənin davam etməsi qaçılmazdır. Rejimin təzyiqlərinə baxmayaraq, Cənubi Azərbaycandakı milli qüvvələrin milli kimlik və milli dil uğrunda mübarizəsinin bundan sonra daha geniş, ardıcıl şəkildə gedəcəyinə və daha çox uğur qazanacağına əmin olmaq olar.

Yeganə Hacıyeva
Tarix üzrə fəlsəfə doktoru, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent

pia.az


Etiket: İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar