Macarıstan rus qazına qadağanı ticarət deyil, sanksiya tədbiri sayır...
Poliqon xəbər verir ki, Macarıstan Avropa İttifaqının Rusiya qazına qadağanı “ticarət qanunu” kimi deyil, “sanksiya tədbiri” kimi qəbul etməli olduğunu bəyan edib. Bu barədə ölkənin xarici işlər naziri Peter Siyyarto çıxışında bildirib.
Nazirin sözlərinə görə, Brüsselin təklif etdiyi mexanizm qaz idxalına qadağanı adi ticarət qaydası kimi təqdim edir və bu halda qərarın qəbul edilməsi üçün 55 faiz üzv dövlətin səsi kifayət edir. Lakin Siyyartonun fikrincə, məsələnin mahiyyəti sanksiya xarakteri daşıyır və Avropa İttifaqı sanksiya qərarlarını yalnız yekdilliklə təsdiqləyə bilər.
Macarıstan və Slovakiya Rusiya qazının idxalına qadağanın tətbiqinə qəti şəkildə qarşı çıxır və bu təşəbbüsü veto etmək hüququna malik olduqlarını vurğulayırlar.
Avropa diplomatiyasının rəhbəri Kaja Kallas isə layihənin məqsədini açıqlayaraq bildirib ki, təklifin əsas hədəfi enerji asılılığını azaltmaq və “Avropa enerji təhlükəsizliyini diversifikasiya etməkdir”.
Poliqon.info