Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aydında ölü sözü diriltmək bacarığı var”: Aydın Canıyev – 55

Bu il tanınmış jurnalist Aydın Canıyevin yubiley ilidir...

 Belə ki, mart ayının 1-i hörmətli yubileyarımız 55 yaşını tamamladı.

Aydın Canıyevin çağdaş Azərbaycan jurnalistikasındakı yeri və rolu, fəaliyyəti haqqında bu vaxta qədər müxtəlif fikir adamları, ictimai şəxslər, sənət nümayəndələri yazılarında, nitqlərində bəhs ediblər.
Yubileyara sayğı ilə onlardan bir neçəsini təqdim edirik:

Aslan İsmayılov (hüquqşünas):

“Mənə görə bu gün jurnalist adına az çox hörmət qalıbsa o da Aydın Canıyev kimi çox az fədakarların hesabınadır. Son illər jurnalistlərdən gördüyüm hər haqsızlıqda Aydını gözümün qarşısına gətirib bir az təsəlli tapmışam, çünki bütün məhrumiyyətlərə baxmayaraq Aydın obyektiv, ədalətli, idealist qalmağı bacardı. Bu illər ərzində onsuz da yağ-bal içində üzənlərin murdarlıqlarını gördükcə Aydına olan hörmətim daha da artdı. Mənə görə Aydın zəmanəmizin Kefli İsgəndəridir. Qarşılaşacağı problemləri bilə-bilə hər vaxt haqqı deməyi, ədalətsizliyə etiraz etməyi bacardı. İnsanın ömrü onun neçə il yaşayacağı ilə yox, necə yaşaması ilə ölçülür. Ona görə də hesab edirəm ki, Aydın Canıyev İnsan kimi yaşayıb. Uca Allahdan Aydına qalan ömrünü də İnsan kimi yaşamağı arzulayıram.

P.S. Bu günə qədər Aydınla bir stəkan çay içib, bir tikə çörək də kəsməmişəm, ancaq yazılarını həmişə həvəslə oxumuşam.”

Xaliq Bahadır (yazıçı):

“Aydın Canıyev - sınırsız söz yiyəsi

Aydın Canıyev türmədədir. İndiki bəlli dönəmdə sınırsız söz yiyəsi, ipə-sapa yatmayan birisi olaraq türmə Aydının “halal haqqıdır” deyə bilərik. Aydın çağdaş Azərbaycan jurnalistikasının öncül savaş komandoslarındandır. Rejim isə orqanik olaraq belələrinə - rejimin deyil, özlərinin orqanik qurallarına uyğun olaraq yaşayıb-yaradanlara düşməndir. O üzdən Aydını türməyə göndərmək də rejimin “halal haqqı” sayılmalıdır.

Nə yazıqlar, çağdaş jurnalistikamızın başlıca tanınmışlarından olan Aydını çağdaş jurnalistikamızın başqa bir tanınmışı tutdurub. Burada hərənin “haqqını” özünə veririksə, onun da “haqqını” özünə verməliyik: o da onun “halal haqqıdır”.

Ayrı-ayrı dəyərlər istər-istəməz ayrı-ayrı düşərgələr yaradır. Adamlar o düşərgələrdə daşıyıcısı olduqları dəyərlərə uyğun olaraq yer tuturlar: jurnalistlər də, başqaları da. Özün nəsənsə, tutduğun yol da odur. Düz yol əyri gedilmədiyi kimi, əyri yol da düz gedilməz. Düz yola çıxıb əyri getmək istəyənlər də, əyri yola çıxıb düz getmək istəyənlər də tarixin uğursuz yaranmışları olublar, olacaqlar. Bu, yalnız jurnalistikada deyil, politika alanı başda olmaqla bütün alanlarda belədir. Burada illərlə örtünmək-maskalanmaq olar, ancaq geniş açılım, hamı üçün bəlirlənmə baxımından bunun geci-tezi var.

Bir çağlar ölkədə “millətçi”, “demokrat” maskası taxmış, bu maskalar altında ad-san qazanmış biriləri (istər jurnalist, istər politikaçı, istər bir başqa alan adamı) indi millətdən də, demokratiyadan da çox “uzaq sahillərdə” tapındıqları “günəş vannasında” varlı-qayğısız yaşamın dadını çıxarmaqdadırlar: jurnalistikadan parlamentədək.

Demokratik quruluşda jurnalistika dördüncü hakimiyət olaraq tanınır. Antidemokratik rejimdə dördüncü hakimiyətin daşıyıcısı olaraq özünü göstərən özgür jurnalistika rejimin istər iç, istər dış düşmənləri sırasında birinci yerdə durur. O üzdən özgür jurnalistikanı, bu jurnalistikanın subyektlərini satın alıb susdurmaq, tutmaq, öldürmək rejim üçün başlıca görəv borcuna çevrilir. Bundan ötrü çeşidili yollara əl atılır. İş yalnız rejimin antidemokrarik özəlliyində deyil, bu özəlliyin antidemokratik rejimlərə özgü başqa bir özəlliyində: oğurluq-korrupsiya ilə çulğaşmasındadır. Özgür, demokratik jurnalistikanın sıradan çıxarılmasında çeşidli yollara əl atılmasını demokratik dünya ilə ilişkiləri üzməmək gərəyi yaradır. Yoxsa, əlaltı parlamentdən keçirib “legitim” qanun çıxarmaqla özgür, demokratik jurnalistikanı, bu jurnalistikanın subyektlərini biryolluq yasadışı etmək olar.

Ancaq belə də pis deyil, çoxumuza demokratik görünən gerçəkdə imperialist, sümürgəçi xarakter daşıyan güclərlə çox gözəl “siçan-pişik” oyunu oynanır. Sonu görünməyən bu “siçan-pişik” oyunu içində qazanan oyun subyektləri, itirən isə yalnız özgür, demokratik jurnalistika deyil, bütün xalq, bütün ölkə, bütün dövlət olur...

Aydını 90-cı illərdə tanıdım. Hansısa qəzetlərdə yollarımız kəsişdi. O, məndən gənc idi. İllərlə gözümün önündə bir çox gənclər aşınıb dəyişərək çeşidli transformasiyalara uğramışdılar. Senzura da öz işini görür, yazılarımız bir çox əngəllərdən keçməli olurdu. Elə yazılarımız bütünlüklə çıxdaş edilir, elələri də senzura qayçılamaları üzündən alapara çıxırdı. O biri yandan da rejim durmadan yandaş qəzetlər yaradır, o qəzetlərə yaxşı pul buraxmaqla sıralarımızı durmadan seyrəldirdi. Yaxşı yazı bacarığı olanları bircə-bircə ovlayırdılar. O sürəc indiki reyestr dönəmi ilə başa çatacaqmış.

Biriləri: “Azərbaycan mətbuatından senzuranı H.Əliyev qaldırdı”, - deyirlər. Ancaq o senzuranı illərlə kimin uyğuladığını demirlər. O çoxillik senzuranın sonunda nə olmuşdu: senzura çeşidli yollarla çoxlarının içinə çökdürülmüşdü. “Çeşidli yollar” dediyimizin başında rejimin başlıca yaraqları: satınalma-korrupsiya, repressiya faktları durudu...

Aydın parlaq qələmiylə gedənlərdən deyil, qalanlardan oldu. Aydın indiyədək içində senzura çəpəri olmayanlardan biri olaraq qalanlardandır. Öz stilini yaratmaq, öz stiliylə tanınmaq bütün yazı adamlarının bacaracağı iş deyil. Aydın öz stili olan tək-tək jurnalistlərdəndir.

Bizim stilimiz ayrı-ayrıdır: onları ayrı-ayrı kültürlərin, ayrı-ayrı sivilizasiyaların örnəyi saymaq da olar. Düzünü desəm, mən Aydının bir sıra yazılarını bütünlüklə oxumadan atmışam-etik normaları aşdığı üçün. Aydın mənim o sayaq yazıları oxuduğumu, oxuya biləcəyimi düşünbsə, çox böyük yanlışa yol verib. Mən özüm Aydının ən böyük yanlışını bir çox yazılarında etik normalara sayğısızlığında görürəm: Aydın o yerdə sözü dəyərdən salır. Hansı Aydın? Ən ölü sözü belə dirltmək bacarığı olan Aydın!

Gerçəkdən Aydında bir yazar olaraq ölü sözü diriltmək bacarığı var. Aydının sözlə davranışı iklili xarakter daşıyır: birində o hər birini bir döyüş əskərinə dönüşdürdüyü Türk komandan kimi davranaraq onları sevə-sevə, ancaq Türk komandanına özgü qanunçuluqla uğur döyüşünə göndərir; o birində tipik Rus komandanına çevrilərək əskərlərini ana-bacı söyüşüylə hara gəldi toxuyur. Birincidə əskərinə Türk komandanının sevgisi, sayğısı varsa, ikincidə Rus komandanının əskərinə sevgisizliyi, sayğısızlığı var. Türk komandan üçün əskər sonunadək dəyərli tutulur, yalnız fiziki varlığının deyil, mənliyinin də yüksək tutulması, qorunması önəmli sayılır. Rus komandan üçün əskərin elə bir ərdəmlilik dəyəri olmadığından onu yerli-yersiz ölümə göndərməkdən, boşuna itkiyə uğratmaqdan çəkinmir. Aydın da bir çox yazılarında söz-əskərləriylə eləcə Rus komandanı kimi davranır. O yerdə Aydın əskərini sevməyən,sayğı göstərməyən komandan olaraq, əskərindən qat-qat artıq özünü itkiyə uğradır; sözsüz, sözə dəyər verməyi bacaran oxucuların gözündə. Aydının o sayaq yazılarının böyük bəyəni qazandığı faktdır. Ancaq rejimin ölkədə bilərəkdən meyxana ortamı yaratdığı da faktdır. Belədə nə olur? Sən istər-istəməz savaşdığın, olmasına qarşı olduğun düşərgənin oyununa getmiş olursan. Burası, sözsüz, strateji ölçü-biçi, dəyərləndirmə gərəyinə bağlı görsənişdir. Jurnalistikada, politikada meyxanaçılığa, başqa sözlə, aşırı populizmə varmaq “Qazi” adı daşıyan birisinin özünə ucuz ölüm yolu seçməsinə bənzəyir. Belədə yalnız öz adını deyil, genəlliklə “Qazi” adını da ucuzlaşdırma qorxusu yaranır. Belə görsənişlərin geniş yayılması isə toplumsal olaraq ucuzlaşma, dəyərsizləşmə doğurur.

Aydının başlıca, üstün Aydınlığı onun söz-əskərlərinə sevgiylə, sayğıyla yanaşdığı yazılarındadır. Aydın o yazılarında əskərlərini uğurdan-uğura aparan komandana bənzəyir. Görəsən, özü bunu bilirmi? Bilirsə, nədən ona özgü komandan postunu dəyişir?

Füzuli deyirdi: “Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl; Edə ol saət səni ol uyğudan bidar söz”. Qısaca anlatması belədir: Səni əcəl yuxusundan oyatması üçün sözə dirilik ver.

Aydın “palaza bürün, ellə sürün” quramasından uzaq diri söz yazarıdır. Bu isə qazanılan gələnək-görənəkdən öncə doğadan gələn yaranış özəlliyi, ayrıca vergi-talant görsənişidir. Onu dəyərli tutmaq başqalarından öncə yiyəsinin borcudur. Sınırsız söz yiyəsi olmaq ayrı bir mutluluqdur, ancaq haralardasa o sınırın da bir duracaq yeri olmalıdır. İçində sensura sınırı- senzura çəpəri olmayan jurnalist-yazar ayrıca üstünlük-dəyər yiyəsi deməkdir. Ancaq qonşuluq çəpərini saldırıya uğratmamaq gərəyi gözardı edilməyə. Burada “qonşuluq çəpəri” nədir? Oxucu ilə yazar arasında incə bir cizgi var, mən, sən cizgisi- onu qorumaq gərəkir.

Aydın millətçi deyil, ancaq o, kosmopolit də deyil: yazılarıyla milli gərəklərə qulluq edən birisidir. Aydın demokrat deyil, ancaq o, demokratiya üçün özünü xalqa demokrat kimi sırıyanların çoxundan daha yararlı işlər görən birisidir. Onun indiki tutuqlanma sonrasında daha dəyərli çalışmalarıyla oxucuları sevindirəcəyi güvəni ilə.”


Vəli Əkbər (telejurnalist):

“Aydın Canıyev! Sən elə Azərbaycan kimisən; Kürdəmir kimisən hərdən, istinlə qovurursan,

Bakı kimisən hərdən, küləyinlə sovurursan.
Hərdən Şəki kimisən, söhbətinlə güldürürsən,
Hərdən Qarabağ kimisən, ağrın ilə öldürürsən!
Qalanı da yazımmı!
Naxçıvansan, Gəncəsən.
Bəzən elə incəsən,
Bəzən kobud, dözülməz...
Amma səndən küsülməz,
Səndən könül üzülməz!
Sən SÖZə lazımsan.
Sən bizə lazımsan!
Var ol, Aydın! Qutlu olsun bayramın! Əlimdə umurum olsa sənə "Əməkdar dərviş" adı verərdim! Sənə əl çalanlar da, səni fitə basanlar da sənə qəzəblidirlər! Mən səni özünə görə yox, Allah eşqinə sevirəm!”

Ramin Deko (jurnalist):

“Aydın Canıyevin “Sözün sağlığına” Sözardı...

Uşaq vaxtı, nəyisə düzgün etməyəndə rəhmətlik nənəm "sən sözə qulaq asmırsan, baxırsan” deyirdi. Bununla da məni sillə-təpiyin altına salan valideynlərimə haqq qazandırmış olurdu. Nədənsə həmişə bunun doğruluğuna şübhə ilə yanaşmışam. Axı Sözə necə baxmaq olar?! Sonra isə... İllər ötdü, anladım ki, heç zaman böyüklərin dediyinə qulaq asmamışam, onların Sözünə BAXMAĞA çalışmışam.

...Orta məktəbi bitirib universitetə daxil oldum, dörd il sonra isə hərbi xidmətə yollandım. Əsgərlikdə üç dost idik. İki nəfər mübahisə edəndə birimiz həmin ortama qoşulur, ədalətlə məsələni həll etməyə çalışırdı. Bu zaman da o iki nəfər "zibilin biləni oldun belədi də” deyib gülüşürdülər...

Aydın Canıyevi tanıyanda isə...

Hər dəfə Aydın Canıyevlə görüşüb duzlu-məzəli söhbətlərinə qulaq kəsiləndə, əlləri əsə-əsə Sözün rəsmini çəkəndə, indi başqa bir dünyada olan nənəmin dedikləri yadıma düşür.

Bəli, Aydın Canıyev Sözə qulaq asan adam deyil, Sözə baxan, Sözü görən adamdı. Sözün nazını çəkən, onu tumarlayan, əvvəlcə dilə tutmaq üçün sığallayan, alınmayanda qəzəblənən adamdı. Sözə qulaq asmaq onun işi deyil. Əksinə, Söz onun Sözünə baxmalıdı. Hərbi xidmət yoldaşlarımın dediyi kimi, Aydın bunun bilənidi də...

Aydının ilk kitabını - "Sözün sağlığına”nı bir nəfəsə bitiridim. Sevə-sevə oxuduğum Onluqlarda oldu. İstəməyərəkdən izlədiyim məqalələri də diqqətlə gözdən keçirdim. Axı hamısının altında Aydın Canıyevin imzası var...

Aydın var, həmişə olub və olacaq! Hərdən mənə elə gəlir ki, Aydın eramızdan əvvəl - Söz yarananda dünyaya gəlib. Çünki istənilən anda - gələcək zamanda da, keçmiş zamanda da Onun haqda danışmaq olar. Baxmayaraq ki, ipinin üstünə odun yığmaq mümkün deyil. Çünki Aydın elə insandır ki, Onun ipinin üstünə yalnız Söz yükləmək olar, təbii ki, icazəsi ilə, xahişi ilə...

O, Sözü zərgər dəqiqliyilə bilən şəxsdi. Sözü harada böyük və hansı məqamda kiçik yazmağı da duyan insandı. Lazım gələndə Sözü əlləri kimi əsdirə bilmək qüdrətindədi. Hə, bir də incidiyi, küsdüyü (fərqi yoxdu günah kimdədirsə - R.D) adamı Sözlə kürəyini yerə elə vurar ki, onurğasında yırtıq əmələ gələr. Adamın qanını Sözün Sağlığına elə içər, qarşında sanki vampirin dayandığını zənn edərsən! Çünki o, Aydın Canıyevdir!

Aydın Sözü rəqsə dəvət edə biləcək qədər böyük ürək sahibidi. Və rəqsdə heç vaxt əzilib-büzülməz, kompleksə düşməz, "böyüklər baxır, ayıbdı” deyib utanmaz. İstənilən musiqi sədaları altında Sözlə qol-boyun olub oynaya biləcək adamdı.

Onun bütün həyatı, mahiyyəti dilindəki və qələmindəki Sözdədir.

Mənə "FutQOLaktika” proje çərçivəsində müsahibə verərkən "Söz yeganə sərvətdir ki, hamıya eyni səxavətlə paylanılıb”, - demişdi. Məncə, burada bir az səmimiyyətdən uzaq düşmüşdü. Çünki Söz sərvəti Aydına bir azca çox verilib. Niyə? Burasını bilmirəm. Bəlkə də...

Tanrı Aydına yalnız və yalnız istedad bəxş edib, başqa heç nə...”

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar