Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artur Rasizadə yanvarda yola salınır?


MDB-nin ən yaşlı baş naziri gedir


Nazirlər Kabinetinin 78 yaşlı başçısının səhhətində ciddi problemlər yaranıb və özü rahatlığa çəkilmək istəyir; hakimiyyət daxilində yeni kompromat savaşı mümkündür, iqtidara yaxın məmur-oliqarxların bu xəbəri israrla təkzib etməsinin sirri...

Baş nazir Artur Rasizadənin səhhətində ciddi problemlər var və o bir neçə gündür ki, işə çıxmır. Bu haqda redaksiyamıza məlumat hələ noyabrın 29-da daxil olsa da, bəzi etik səbəblərdən həmin məlumatı dərc etmədik. Həmin məlumatda bildirilirdi ki, A.Rasizadənin iş yerində vəziyyəti pisləşib və təcili yardım çağırılıb. Bundan sonra baş nazir dərhal xəstəxanaya aparılıb. 

Baş nazirin dekabrın 12-də mərhum prezident Heydər Əliyevin anım mərasimində görünməməsi də A.Rasizadənin xəstə olması ilə bağlı məlumatları təsdiqləmiş oldu. Yeri gəlmişkən, baş nazir noyabrın 13-17-də Milli Məclisdə keçirilən büdcə müzakirələrində yalnız bir gün görünmüş və həmin sessiyanı da yarımçıq tərk etmişdi.    

 

78 yaşlı A.Rasizadə bu il oktyabrın 22-də yenidən baş nazir təyin olunub. 1996-ci ildən Azərbaycanın baş naziri olan A.Rasizadə 2003-cü ilin avqustunda rəsmi məlumatlara görə, “gözündəki problemlə əlaqədar” iki aylıq vəzifəsindən uzaqlaşdırılmışdı. Seçkidən sonra elə həmin ilin noyabrında o yenidən baş nazir postuna qaytarıldı. 2014-cü ilin fevralında 79 yaşını qeyd edəcək A.Rasizadə MDB məkanında ən yaşlı baş nazirdir.

Xeyli yaşlaşmış və faktiki kabinet məmuruna çevrilmiş baş nazirin dəfələrlə özünün də prezidentə təqaüdə getmək arzusunu bildirdiyi, hətta iki dəfə ərizə yazdığı barədə mətbuatda məlumatlar yazılıb. Hakimiyyətin yuxarı eşelonlarında da yaxşı bilirlər ki, A.Rasizadənin ən böyük arzusu ömrünün müdriklik çağını rahat keçirməkdir. Dəyəsən, artıq o zaman yetişib...  

Baş nazirin əslində 9 oktyabr seçkisindən sonra vəzifədən gedəcəyi gözlənilirdi. Onun yerinə təyin edilə biləcək namizədlərin adı da çəkilirdi. Amma prezident oktyabrın 22-də Nazirlər Kabinetinin tərkibini elan etdikdə məlum oldu ki, siyahıya yenə A.Rasizadə başçılıq edir. 

Məlumatlara görə, bu dəfə A.Rasizadənin baş nazir vəzifəsindən gedəcəyi yəqinləşib. Gözündəki ciddi problem onu faktiki işləməyə qoymur. Bu səbəbdən də hakimiyyət üçün ən uyğun baş nazir olan Rasizadə ilə vidalaşmağı zaman özü tələb edir. 



Azərbaycanın ən uzun müddətli baş naziri kimi tarixə düşən A.Rasizadənin yanvarın ortalarınadək istefaya gedəcəyi mötəbər mənbələr tərəfindən israr edilir. Hakimiyyət kuluarlarında bu gözlənilən istefa artıq pıçıltı ilə müzakirə edilir də. Maraqlıdır ki, iqtidara daha yaxın məmur-oliqarxlar isə Rasizadənin gedəcəyi barədə xəbərləri israrla  təkzib edirlər. Məlumatlı qaynaq iddia edir ki, bu həmin məmurların düşünülmüş taktikasıdır. “Çünki baş nazir postu uğrunda çoxillik mübarizə həlledici mərhələyə qədəm qoyur. Əgər Rasizadənin gedəcəyi xəbəri tirajlansa iqtidar daxilində ciddi kompromat savaşı başlayacaq. Bir qruplaşma başqa bir iddialı qruplaşma ilə toqquşacaq. Bu isə nə hakimiyyətin, nə də həmin iddialıların marağında deyil” deyə, qaynağımız bildirib.

Konstitusiyaya görə, baş nazir postu ölkənin ikinci dövlət vəzifəsi olduğundan Nazirlər Kabinetinin yeni rəhbərinin kimin olacağı hər zaman ciddi maraq doğurub. İllərdi bu vəzifəyə can atanlar siyahısında  fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, maliyyə naziri Samir Şərifovun, nəqliyyat naziri Ziya Məmmədovun, baş nazirin birinci müavini Yaqub Eyyubovun, hətta spiker Oqtay Əsədovun da adı hallanıb. Amma istisna deyil ki, yeni baş nazirin adı sürpriz də ola bilər. 

Baş nazirlə bağlı redaksiyamıza daxil olan məlumata münasibət öyrənmək üçün Nazirlər Kabinetinin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mövqeyini də dərc etməyə hazırıq. (yeni müsavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar