Neftçilərin corabı

Zamin HACI yazır
“Sus, dostum Sanço, - Don Kixot dedi. - Qeyd etməliyəm ki, hərbi durum qədər tez dəyişən şey yoxdur. Üstəlik, mən hesab edirəm və buna əsasım da var, mənim kitablarımı mülkümlə birgə oğurlayan həmin müdrik Freston divləri külək dəyirmanlarına çevirmişdir, çünki məni qələbələrimdən məhrum eləmək istəyir,  - mənə bu qədər nifrət edir. Ancaq gec ya tez, onun qəddar tilsimləri mənim qılıncımın gücü önündə dayana bilməyəcəkdir”(Migel de Servantes, “Don Kixot”) Mingəçevirdə polis idarəsində saxlanan adamın ölümünə görə işdən çıxarılan və həbs edilən polis zabiti hal-hazırda başqa bir cinayət işində “üzəduran” rolunda gedir. Müxalifətçinin cibinə narkotik atıb tutublar. Həmin müxalifətçi isə Qarabağı düşmənlərdən müdafiə edərkən yaralanıb əlil olubdur. Bax, ölkəmizdə belə vətəndaş münasibətləri vardır. Necə deyərlər, fəxr edirəm ki, azərbaycanlıyam. Polisdə ölən şəxsi isə elə həmin polislər aparıb meyitxanaya qoymuşdular, camaat etiraz aksiyası keçirəndən sonra dəfninə icazə verdilər. Maraqlıdır ki, indi polis idarəsi həmin ölünün üzərindən narkotik çıxdığını bəyan edir. Əcəb işdir. Bizdə ölülər də narkotikdən yararlanırmış. Gör necə parlaq dövlətdir. O biri dünyada da narkotik olmasa rahatlıq tapmırsan. Mingəçevir polis idarəsinin rəisi Ələsgər müəllim isə özünə gəlibdir. İlk günlərdə “nazirə qara başım qurban, səhv eləmişəm, töhmətlə yaxşı canımı qurtardım” deyən rəis indi görün nə deyir: “Etiraz aksiyasına çıxanların hamısı mərhumun narkoman yoldaşlarıdır”. Görün özündən necə arxayındır, yüzlərlə insanı birdən-birə narkoman elan edir. Prinsipcə, bütün Mingəçevir əhalisini narkoman, bandit, ekstremist, təxribatçı, çevrilişçi elan eləmək mümkündür. Kim kimədir? Üstəlik şəhərin adında da çevriliş ifadəsi vardır. Ələsgər müəllim orda sabitliyi nəşələndirmək üzrə olsun, sizə kimdən deyim, kimdən danışım, Rövnəq müəllimdən. ARDNŞ şefindən. Prinsipcə, sürətlə inkişaf eləyən ölkəmiz üçün bu xəbər artıq köhnədir, yayılmasından bir həftə keçir, ancaq dəyərli xalqımız ola bilsin bunu hələ öyrənməmişdir. Yazaq, bilin: artıq ARDNŞ binasındakı işçilər üçün geyim standartları müəyyən edilibdir. Sitat: “Geyim standartında kişilər tünd rənglərdə (qara, boz, göy və s.) kostyum, solğun və tək tonlu köynək, rəngi geyimə uyğun olan neytral rəngli ayaqqabı, tək tonlu corab geyinə bilər. Kişilərin nişan üzüyü, sadə qol saatı taxmasına icazə verilir.Qadınlar da əsasən, tünd rəngli kostyum və ya klassik biçimli şalvar və pencək, ətəyə uyğun gələn solğun və tək tonlu köynəklər geyinə bilərlər. Rəngbərəng, naxışlı corabların geyinilməsinə, işə corabsız gəlməyə icazə verilmir.SOCAR-ın Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəyov deyir ki, avqustun 1-dən bu qaydaların tətbiqi rəsmiləşdirilib" (azadlıq.org). Bundan başqa qadın neftçilərimiz dar və qısa donlar geyinə bilməzmiş. Ey gidi dünya... Hamısı neft zəhrimara qalmışın qiymətinin düşməyinə görədir. Neftin barreli 110 dollar ətrafında rəqs edəndə Rövnəq müəllim də Elton Conu qucaqlayıb Bəhramov stadionunda rok-n-roll oynayırdı. O vaxtlar heç kimin vecinə deyildi neft çıxardanlar işə hansı geyimdə gəlirlər, ümumiyyətlə gəlirlərmi. Çünki neftin quyusunu bp-zad qazıb boruya pərçim eləmişdi, neft bala-bala axıb gedirdi Ceyhan limanına, idarənin işçiləri də Qazaxda diaqnostika mərkəzi, Lənkəranda Hadı Rəcəbov adına müəllimləri İşədüzəltmə Bürosu-filan qayırmaqla günlərini keçirirdilər. Hətta bəzi işçilər idarəyə şortikdə gəlirmiş! Yalançı çıxmayım, lümbələmlüt neftçilərimizi də görənlər olmuşdur. O çağlar neftçi kişilərin işə nişan üzüyü və saat taxmasında maraqlı deyildik. İndi isə dünyanın işini nə biləsən, əgər barrel 40 dollardan aşağı dığırlansa Rövnəq müəllim Çevik Polis Alayını cəlb edib idarənin girişində işçilərin üzük və saatlarını açdıracaqdır. Bəs necə, Ümumxalq Müdafiə Fonduna gərək hər kəs yardım eləsin! Təklif edirəm Aqil Abbas müəllim də ləl-cəvahirat yığımı prosesini təzədən təşkil eləsin. Ancaq bu, ayrı mövzudur. Müdafiə qüdrətimizlə bağlı məsələləri biz gərək bağlı qapılar arxasında müzakirə edək. İndi söz əlaqədar neftçilərindir. Rəngli geyinməyin. (musavat.com)pia.az