“Kreml Bakıya nəzarətini qaytarmaq istəyir”

Rusiya üçün Cənubi Qafqazda ən önəmli ölkə daima Azərbaycan olub
Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. Onun sözlərinə görə, Azərbaycan üzərində nəzarət bütöv regiona nəzarət deməkdir: “Buna səbəb yerləşdiyi coğrafi mövqe və təbii sərvətlərdir. Rusiya bu dövlətə sahib olarsa, demək olar ki, nəinki Cənubi Qafqaz, həmçinin Asiya ölkələri üzərində nəzarətini daha da artırmış olacaq. Bu günlərdə İran danışıqlarının nəticəsinin də Moskva üçün arzulanmaz olması onu Baki üzərində nəzarəti artırmağa vadar edəcək. Rusiya yaxşı anlayır ki, İranın dünya iqtisadi siyasətindəki rolu artarsa, bu, sabah Rusiya üçün böyük bir problemə çevriləcək. Buna görə də Kreml istəyir ki, Azərbaycanda mövcudluğunu tam şəkildə bərpa etsin. Doğrudur, Moskvanın Bakıya təsir imkanları var, amma o tam güclü şəkildə deyil. Bugünki siyasət də məhz buna doğru yönəlib. Bu, çox həssas bir prosesdir və bu məsələlərdə bütün mövcud dövlət təhlükəsizlik orqanlarının koordinasiyalı şəkildə işləmələri vacibdir. Əks halda hər an Rusiyanın siyasi təzyiqi və manevri ilə üzləşə bilərik. Unutmaq lazım deyil ki, Rusiya bizdən daha çox məlumata və gücə sahibdir. Bu gücə qalib gəlməyin və dövlətin təhlükəsizliyinin qorunmasının bir yolu var, o da beynəlxalq güclərlə bərabər addımlar atmaq. Qərb və Avropa ilə əlaqələrin yenidən möhkəmləndirilməsi sabahkı Rusiya təhlükəsinin qarşısını tam şəkildə ala biləcək”. pia.az