Vəkilləri Xədicə İsmayılın istintaq materialları ilə hələ tanış olmayıblar

Fariz Namazlı: “Ölkədə deyilik, gələn kimi tanış olacağıq”
Jurnalistin üzərindən “Tural Mustafayev məsələsi”ni götürmədilər Xəbər verdiyimiz kimi, həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın istintaqı yekunlaşıb. İyunun 23-dən etibarən jurnalist və vəkilləri istintaq materialları ilə tanış olmalı idi. Amma jurnalistin vəkili Fariz Namazlı musavat.com-a açıqlamasında bildirdi ki, nə özü, nə də jurnalistin digər vəkili Fəxrəddin Mehdiyev istintaq materialları ilə tanış olub. Vəkillər ölkədə olmadıqlarından sənədlərlə tanışlıq baş tutmayıb. F.Namazlı gələn həftə həm jurnalistin yanına gedəcək, həm də materiallarla tanışlıq imkanı əldə edəcək. Son durum isə ondan ibarətdir ki, X.İsmayıla qarşı irəli sürülən Cinayət Məcəlləsinin 284.2. (dövlət sirrini yayma) maddəsinə xitam verilsə də, qalan maddələr qüvvədə saxlanılıb. Tural Mustafayev təzyiqlər nəticəsində ifadə verdiyini ictimaiyyətə açıqlasa da və vəkilləri vəsatət qaldırsa da, bu, qəbul edilməyib. İstintaq məsələnin məhkəməyə göndərilməli olduğunu və məhkəmənin hüquqi qiymət verməli olduğunu bildirib. Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir. Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti ilə əlaqələndirərək rədd edib. Beynəlxalq Amnistiya Təşkilatı jurnalisti "vicdan məhbusu" elan edib.(musavat.com)