“Ermənistanda baş qaldıran etiraz aksiyalarının arxasında Rusiya dayanır”

Bu barədə Axar.az-a açıqlamasında son üç gündür Ermənistanı bürüyən kütləvi nümayişlərlə bağlı danışarkən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib
O bildirib ki, kütləvi aksiyaların arxasında hələlik heç bir siyasi qüvvənin görünməməsi müəyyən dolaşıqlıq yaradır: “Bu, Rusiyanın təşkil etdiyi bir işdir. Adətən heç bir aksiya kortəbii şəkildə baş vermir və onun təşkilatçıları olur. Təşkilatçıların görünməməsi bu işin arxasında Rusiyanın olmasına işarə edir. Ermənistan hakimiyyətinin daxilində hansısa qüvvələrin olması isə ikinci ehtimal olaraq qalır. Bu da anlaşılandır. Rusiya çalışır ki, Serj Sərkisyanın hakimiyyətini maksimum dərəcədə zəiflətsin və ya ən azı növbəti seçkilərdə Sərkisyan hakimiyyətə öz adamını gətirə bilməsin. Çünki mətbuatdan və verilən müxtəlif açıqlamalardan da belə bəlli olur ki, Rusiyanın hakimiyyətə gətirmək istədiyi bir fiqur var. Bu, Ermənistananın keçmiş prezidenti Robert Köçəryandır. Hesab edirəm ki, əgər Sərkisyan hakimiyyətini bu yolla ram etmək mümkün olmasa, proseslər hətta inqilaba qədər gedib çıxa bilər. Sərkisyanın vəziyyəti nəzarətə götürəcəyi də hələlik istisna edilməməlidir. Ancaq təbii ki, bütün hallarda bu cür aksiya və qarşıdurmalar hakimiyyətin mövqeyini sarsıdır”. pia.az