Milli Şuradan 10 min adam vədi...

Müsavat 30 may mitinqində iştirak etməyəcək; qurumun rəhbərləri 30 may mitinqi ilə bağlı çağırış ediblər
Mayın 30-da Milli Şura “Yalana və talana son!” şüarı ilə mitinq keçirəcək. Mitinqə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib. Saat 15.00-dan 17.00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirilməsi nəzərdə tutulan mitinqdə 10 min adamın iştirak edəcəyi AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tərəfindən bəyan edilib. Fuad Qəhrəmanlının sözlərinə görə, mitinqdə əvvəlki şüarlar öz aktuallığını qoruyacaq. Bu mitinqdə həmçinin 19 may tarixində Bakı şəhərində binada baş vermiş yanğında həlak olan şəxslərə görə günahı olan şəxslərin tapılıb məsuliyyətə cəlb olunması da tələb olunacaq.Milli Şuradan kənarda olan aparıcı müxalif partiyalardan Müsavatın 30 may mitinqinə hansısa şəkildə dəstək verib-verməyəcəyinə gəlincə, partiyadan bildirildi ki, Müsavat Divanı bir müddət öncə Milli Şuranın keçirdiyi mitinqdə iştirak etmək məsələsində partiya üzvlərinə sərbəstlik verib. Həmin qərar qüvvədə qalır.Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli isə 30 may mitinqi ilə bağlı xalqa müraciət edib. Cəmil Həsənlinin facebook səhifəsindən paylaşdığı müraciətində bildirilir ki, vətənimizin paytaxtını eybəcər vəziyyətə salanlar vətəndaş təpkisi ilə, xalq iradəsi ilə qarşılaşmalıdır. 30 may mitinqi məhz bunun ifadəsi olacaq.Müraciətdə 4 gün öncə Bakı Dövlət Universitetini qırmızı diplomla bitirmiş əsgər Tapdıq Babaşovun Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində döyülmə və işgəncə nəticəsində həyatını itirməsindən, siyasi məhbuslardan, korrupsionerlərin azadlıqda gəzməsindən və digər problemlərdən söz açılır: “Milli Şura olaraq mitinq qərarını biz verdik, onun kütləviliyini siz təmin edin. Gəlin, özünüzü xilas edin, uşaqlarınızı xilas edin, gələcəyinizi xilas edin! Ən nəhayət, hamımız birlikdə yanğın təhlükəsi ilə üzləşmiş vətənimizi xilas edək!”...Əli Kərimli isə xalqa çağırışında bildirib ki, artıq susmaq mümkün olmur, sadəcə, yazıb tənqid etmək kifayət etmir. O qeyd edib ki, yandırılaraq, boğularaq öldürülmüş soydaşlarımızın, körpə balalarımızın qanının batırılmasına, əsl cinayətkarların hələ də iş başında qalıb meydan sulamasına, büdcə vəsaitlərinin talan edilməsinə, mənasız israfçılığa, dəhşətli kredit faizlərinə, dollarla krediti olan vətəndaşlarımızın ikiqat soyulmasına, korrupsiyaya, monopoliyaya, hüquqsuzluğa, əsgər ölümlərinə, Qarabağ qazilərinin özlərini öldürmə həddinə çatdırılmasına, siyasi məhbusların azad edilməməsinə etiraz etmək üçün meydanlara çıxmaq zamanıdır. Müsavat başqanının müavini Elman Fəttah isə bildirib ki, Müsavat Partiyası Milli Şuranın mayın 30-da keçirəcəyi mitinqdə iştirak etməyəcək. (musavat.com)pia.az