Yaxın Şərq savaşının tək qalibi - ABŞ

ABŞ-İran münasibətlərinin yaxşılaşması istiqamətində daha bir addım atılıb
Rəsmi Tehran milli şirkətlərin ABŞ şirkətləri ilə ticarət əlaqələrinin genişləndirməsinə icazə verib. İranın ticarət palatası, sənaye, mədən və kənd təsərrüfatı başçısı Qulamrza Şafei deyib ki, İran və ABŞ arasında birgə ticarət palataları qurula bilər.Bu, aprelin 2-də İsveçrənin Lozanna şəhərində İran və “altılıq” ölkələri arasında əldə olunan nüvə sazişindən bu yana ABŞ-İran münasibətlərinin istiləşməsi istiqamətində atılan növbəti addımdır. Əslinə baxanda Vaşinqton hələ nüvə sazişi əldə olunmadan öncə İranın xarici ölkələrdəki dondurulmuş hesablarını açmaqla Tehrana jestlər etmişdi. Anlaşmadan sonra isə qarşılıqlı addımlar davam edir. Əlbəttə, müsbət addımdır. Nəhayət ki, dünya daha bir müharibə riskindən qurtulur və ABŞ-İran gərginliyi öz yerini anlaşmalara, sülhə verir. Lakin doğrudanmı, sülh gəlir? Məsələ burasındadır ki, hazırda faktiki olaraq Yaxın Şərq müharibə alovuna bürünüb. Regionun bütün dövlətləri bu və ya digər formada savaş iştirakçısına çevrilib. İraq, Suriya, Yəmən, Liviyada davam edən müharibələr faktiki olaraq region ölkələrini də özünə cəlb edib. Yaxın şərqin bütün dövlətləri demək olar ki, bu və ya digər formada savaş iştirakçısıdır. Bəzisi əsgər göndərməklə, bəzisi isə sadəcə hərbi-siyasi, kəşfiyyat, təchizat və sair formalarda savaş iştirakçısına çevrilib. Amerika isə bu savaşın tam mərkəzindədir. Vaşinqton İraqda İŞİD-ə qarşı koalisiya qurur, Yəmənə qarşı koalisiyaya kəşfiyyat və təchizat dəstəyi verir. Suriyada hökumətə qarşı olan qüvvələri dəstəkləyir, maliyyələşdirir. Və bütün bunların fonunda həm də İranla dost münasibətləri qurmağa çalışır. Mürəkkəb kombinasiya kimi görünür, amma məlum olduğu kimi alınır. Ötən həftə Obama 6 körfəz ərəb dövləti liderlərini Kemp Devidə toplayıb Amerikanın ərəblərə hər cür dəstəyini və müdafiəsini vəd etdiyi vaxtlarda dövlət katibi Con Kerri İranla münasibətlərin istiləşməsi yönündə danışıqları dərinləşdirirdi. Hansı ki, faktiki olaraq Yəmən və Suriya məsələsi ərəblərlə İran arasında savaş səbəbinə çevrilib.Vaşinqton isə ümidlidir. Bir tərəfdə Tehranla yaxınlaşmanı davam etdirib, o biri tərəfdə ərəb rejimlərini, İsraili yanında saxlamağa çalışır. Bütün bunlar isə qanlı savaşların müşayiəti ilə olur. Durum isə günü-gündən pisləşir. Ötən həftə yaralı döyüşçülərlə görüşən Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah bəyan edib ki, artıq Livan daxilində müdafiə konsepsiyasından önləyici müdafiə konsepsiyasına keçir və ümumi səfərbərliyə hazırlaşır. Həsən Nəsrullah bildirib ki, savaş daha çox uzana bilər və daha geniş əraziyə yayıla bilər. Son günlərdə Hizbullah qruplaşmasının Suriyanın Livanla sərhəd bölgəsi olan Qələmunda fəallaşması və Suriya ordusu ilə birlikdə bir sıra mövqeləri geri alması artıq ölüm-qalım savaşının getdiyini, heç bir tərəfin geri çəkilmək niyyətində olmadığını göstərir. Ancaq aydın məsələdir ki, artıq 4 ildir davam edən və indi getdikcə bölgəyə yayılan bu savaşda hər iki tərəf yorulub. Suriya ordusu radikal qruplaşmalarla savaşda günü-gündən mövqe itirərək geri çəkilir. İraqın artıq bir sıra şəhərləri ələ keçib və ölkə parçalanmanın eşiyinə gəlib. Bu savaşın nəticəsində artıq Yaxın Şərqdə daha əvvəl formal da olsa mövcud olan müsəlman həmrəyliyi artıq bir daha yaranmayacaq. Əksinə, münasibətlər sistemi tamamilə iflasa uğrayacaq, hətta bəzi dövlətlərin bölünməsi qaçılmaz olacaq. Bütün bunların fonunda dəyişməyən yalnız bir görüntü var. ABŞ savaşan hər iki tərəfin dostu, hamisi kimi çıxış edir. Görünən odur ki, bu savaşın yalnız bir qalibi var.Kənan RÖVŞƏNOĞLU(musavat.com)pia.az