Ermənilər Avropa Oyunlarına təhlükə yarada bilərmi?

Arzu Nağıyev: “İstənilən vəziyyətdə Azərbaycan silahlı qüvvələri döyüş hazırlığı vəziyyətində olmalıdır”
Zahid Oruc: “Məgər ermənilərin təxribatdan imtina edəcəyinə inanmaq mümkündürmü?”Üzeyir Cəfərov: “Onların əlindən gələn yeganə iş təxribat xarakterli addımlar ola bilər ki, biz də ona hər zaman hazır olmalıyıq”Azərbaycan Bakıda keçirilən Birinci Avropa Yay Oyunlarına hazırlıqları davam etdirdiyi bir zamanda torpaqlarımızı illərdir işğalda saxlayan düşmən ölkə və onların havadarlarından vaxtaşırı şantaj və təxribatçı mesajlar eşidilir, hərəkətlər müşahidə olunur.Düşmən bir müddət öncə Azərbaycanın tank hücumuna hazırlaşdığı barədə iddialar səsləndirdiyi halda, indi də əksini iddia edir.Ermənistan müdafiə nazirinin birinci müavini David Tonayan bildirib ki, ölkəsinin silahlı qüvvələri Bakıda keçirilən ilk Avropa Oyunları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməməsi üçün əlindən gələni edəcək. “Bakıda ilk Avropa oyunları keçiriləcək və Ermənistan Silahlı Qüvvələri oyunların bitməsinə qədər öz təmkinliyini qoruyacaq. Biz hazırda da təmkinlik nümayiş etdiririk, cəbhədə vəziyyəti gərginləşdirmirik” - deyə nazir müavini vurğulayıb. Erməni hərbçi hiyləgərliklə Ermənistanın təxribatçı hərəkətlərindən və işğalçılıq missiyasından diqqəti yayındırmağa cəhd edir. Ancaq faktiki olaraq özünü yandırıb. Belə ki, adətən, Azərbaycanla Qarabağdakı “ordu”nun üz-üzə qaldığını iddia edən ermənilər bu dəfə qarşı tərəfin kim olduğunu etiraf edib.Xatırladaq ki, Avropa Oyunları Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Yarışlarda erməni idmançılarının da iştirak edəcəyi bildirilir .Bəzi erməni müşahidəçiləri bu nisbi sakitliyi “Azərbaycanın Avropa idman federasiyalarını hürkütməmək istəyi” ilə bağlayırlar. Tonoyan isə deyir ki, ola bilər ki, Azərbaycan tərəfi bu dövrdən öz qüvvələrini yenidən qruplaşdırmaq üçün istifadə edəcək və olimpiadadan sonra yenidən gərginlik arta bilər. Azərbaycanın Müdafiə Nazirliyi isə qoşunların təmas xəttində təxribat törədən tərəfin elə erməni ordusu olduğunu bildirir. Müdafiə Nazirliyi bildirir ki, elə 21 mayda erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 79 dəfə pozub. Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. Göründüyü kimi, düşmən sadəcə hiyləgər gediş edir, əslində isə mahiyyəti dəyişmir. Ermənilər azərbaycanlılara qarşı ən dəhşətli hadisələri bizim milli bayramlarımız ərəfəsində törədiblər. Odur ki, onların oyunları əsas gətirib normal davranış sərgiləyəcəyi o qədər də inandırıcı görünmür. Ola bilər ki, Ermənistanın qulağını onun ağası Rusiya bursun və yerində sakit oturmağı tapşırsın. Bəs düşmənin bu məkrli mövqeyinin arxasında hansı niyyət dayana bilər? Ermənistan Avropa Oyunlarını pozmaq üçün əks-hücuma keçə, Azərbaycanı sakitləşdirib diversiya-təxribat əməlləri törədə bilərmi? Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, erməni tərəfin iddialarına heç cür inanmaq olmaz: “Bakıda keçiriləcək İlk Avropa Oyunlarının təhlükəsizliyinin təminatı ilə bağlı dəfələrlə tərəfimizdən qeyd edildiyi kimi, ən böyük təhdid məhz Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək təxribatla bağlıdır. Bu baxımdan Azərbaycan Ordusu və digər cavabdeh qurumlar hər cür təxribata hazır olmalıdırlar və bu məqsədlə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu, tək təmas xəttində və Ermənistanla həmsərhəd ərazilərdə deyil, həm də digər həyat əhəmiyyəti kəsb edən obyekt və ərazilərə də şamil edilməlidir. David Tonoyanın bəyanatına gəldikdə, bu, çox da inandırıcı görünmür. Çünki onun təmsil etdiyi qurum bütün silahlı qüvvələrə ümumi nəzarəti həyata keçirmək iqtidarında deyil. Lakin buna baxmayaraq Avropa dövlətləri qarşısında özlərini ”əzilən", “vurulan”, “sülhsevər” qismində göstərmək üçün variantlardan istifadə edəcəklər. Həm də idmançılar arasında ermənilərin və ən başlıcası onların Fransa, Rusiya və digər dövlətlər qismində havadarlarının təmsil edilməsi bir sıra təxribatların edilməyəcəyinə bir zəmanətdir. Bir sözlə, istənilən vəziyyətdə Azərbaycan silahlı qüvvələri döyüş hazırlığı vəziyyətində olmalı, digər qurumlar isə gücləndirilmiş şəraitdə öz peşə borclarını yerinə yetirməlidirlər və yəqin ki, belə də olacaq". Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc hesab edir ki, Avropa Oyunlarının cəbhə xəttində hərbi gərginliyin səngiməsinə təsir göstərəcəyi barədə fikirlərin real əsasları var: “Bir tərəfdən, hər iki ölkə beynəlxalq ictimaiyyətin və medianın kütləvi diqqət mərkəzinə çıxacağını nəzərə alır. Xüsusilə də ölkəmiz sabit və təhlükəsiz bir dövlət statusuna iddia edir və geniş miqyasa malik olan idman tədbiri üzərindən xarici investisiyaya, əlaqələr və insani münasibətlərə can atır. Belə olan təqdirdə təmas bölgələrində qanlı toqquşmaların şiddətinin artırılması bizim maraqlarımıza o qədər də cavab vermir. Lakin Azərbaycan tərəfi bütün silahlı qüvvələrini qarşıdakı aylarda yüksək hazırlıq vəziyyətində saxlamaqda davam edəcək. Dünyada həqiqətən böyük olimpiadalardan sonra dövlətararası müharibələr və ərazi işğalları geniş vüsət alıb. Bunu danmaq olmaz. Hücum qərarını verən ölkə sanki əldə etdiyi siyasi gücdən, informasiya məkanındakı pozitiv təbliğat resursundan revanş çıxmağa doğru can atır. Məsələn, Soçi Olimpiadası hökmran bir dövlət imicinə apelyasiya edən Putinin Ukrayna ətrafında Qərbin planlarına zərbə vurmağa şans kimi dəyərləndirilir. Bir az da keçmişə dönəndə - 1980-cı illərdə Sovetlər Birliyində keçirilən idman yarışları Amerika ilə gələcək toqquşmaların katalizatoruna çevrilmişdi. Ona görə də ermənilər Azərbaycana dair iddialarında bir məntiq var. Yəni ölkəmiz bütün xarici siyasətini, daxili gücünü Qarabağın alınmasına yönəltdiyindən Avropa Oyunlarına təkcə yaşıl meydanda dinc mübarizə kimi deyil, həm də Ermənistanla savaşın ayrı bir müstəvidə davamı kimi yanaşır. Lakin yarışların bitməsi ilə müharibə əmrinin veriləcəyi haqqında qəti fikri söyləməyə yalnız dövlət başçısının səlahiyyəti var. Bununla bərabər, səngərdə gücü artan Azərbaycan əsgəri gələcək savaşa Avropa Oyunlarından daha məsuliyyətlə və əzmlə çalışır”.Z.Oruc erməni tərəfin “olimpiya barış”la bağlı iddialarına da toxundu: “Avropa Oyunları üzrə Ermənistanla ayrıca ”sülh sazişi"nin razılaşdırılması xəbərini təsdiqləyə bilmərəm. Çünki qarşı tərəflə Minsk formatından kənarda diplomatik kontaktlar, yaxud müdafiə nazirləri arasında görüş təcrübəsi mövcud deyil. Ona görə də ermənilərin bu xəbəri yayması sülhpərvər ölkə imicini kultivasiya etməyə, Azərbaycanın uğurundan faydalanmağa xidmət edir. Məgər ermənilərin təxribatdan imtina edəcəyinə inanmaq mümkündürmü?"Hərbi ekspert Üzeyir Cəfərov isə bildirdi ki, Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın açıqlaması haqqında ilk dəfə Londondan zəng edən həmkarlarımızdan eşidib: “Doğrusu, əvvəl elə bildim ki, həmkarlarımız nəyisə səhv salıb. Xüsusən də mülki şəxs olan bu cənabın söylədiyi sözlər sadəcə çox gülünc və məntiqsizdir. Görün bu bədnam erməni məmuru nə deyib: ”Ermənistan silahlı qüvvələri Bakıdakı Avropa Olimpiya Oyunları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin yenidən artmasına imkan verməmək üçün əllərindən gələni edəcəklər". Və bu, binəva savadsız daha sonra Azərbaycan tərəfini də eyni cür davranmağa çağırıb. Mən çox çətinlik çəkirəm belə həyasızlığa və riyakarlığa ad verməyə. Bax, dil çaşar həqiqəti söyləyər. Dünənə kimi özlərinə sərf edəndə deyirdilər ki, Ermənistan SQ-in işğal altında olan ərazilərdə heç bir missiyası yoxdur. Yəni orada hansısa qondarma “DQR ordusu” yerləşir və bütün məsələlər görə onlarla danışın. Əslində biz bilirik ki, adıçəkilən separatçı qurumun heç bir gücü və imkanı yoxdur ki, Azərbaycan SQ ilə üz-üzə gəlsin. Sadəcə bu binəvalar özlərinə lazım olanda “gah zilə çıxırlar, gah da, bəmə düşürlər”. Ü.Cəfərov onu da bildirdi ki, indi ermənilər özlərini dünyaya guya “sülhsevər” olmalarını göstərmək istəyirlər: “Faktiki olaraq bütün dünya bunların necə ”adam olmaqlarını" 20 ildən artıqdır görür. Ona görə də onların əlindən gələn yeganə iş təxribat xarakterli addımlar ola bilər ki, ona da biz hər zaman hazır olmalıyıq ki, qarşısını vaxtında və lazımı şəkildə alaq".pia.az