Yaşamağın sirləri

Zamin Hacının yazısı
Bugünkü yazıma başlamaq istəyəndə gözümə bir informasiya sataşdı, məcbur oldum şərh eləyim. Demək, yazıblar ki, İsveç alimləri guya uzun, azı 100 il yaşamağın sirrini tapıblar. Bunlardan biri siqaretdən uzaq durmaqdır, razıyam. Amma qalan ikisi aşkar cəfəngiyyatdır, uca xalqımıza belənçik yalan-palan xəbərlər çatdırılmasına etiraz edirəm. Yalandan söz düşmüşkən, “Abbas xan” adlı bir oxucu guya mənim bayraq meydanımız haqda keçən yazımda yanlış tapıbdır. Mən yazmışdım ki, bayrağımızın hər zolağı 250 tondur, cırılıb başımıza düşsə ölərik, o üzdən hökumət bizi qoruyur, meydana buraxmır. Abbas müəllim isə deyir, xeyr, bayraq dirək qarışıq 3 tondur. İndi mən bu oxucuya ta nə yazım? Halbuki, mən qəsdən rəqəmi yanlış vermişdim, əslində bayraq dirəyimizin ümumi çəkisi müdiri ilə birlikdə 6 tondur. “Bayrağının ağırlığını bilməyən millət ölümə məhkumdur” (Z.Hacı).Mövzumuza, daha doğrusu, mövzumuza mane olan mövzuya qayıdaq. Uzun ömür sürməyin qalan 2 şərti guya qamətini düz saxlamaq və 50 yaşadək mənzil yiyəsi olmaq imiş. Ağ yalandır. Birincisi, qaməti düz saxlamaqla çörək qazana bilməzsən və cavan ölərsən. Ancaq əyilməyi, hökumətin qabağına çömbəlməyi və sairə 16 plyus pozaları almağı bacarmaqla insanlar yaxşı yaşayırlar, daima üstünə yağ yaxılan yaxmacları olur. Bu hələ Dədə Qorqud zamanından sübuta yetirilib, misal üçün, Yalıncıq baş əyməsə, qılıncın altından keçməsə Beyrək onu yaşamağa qoymazdı. Əyiləndən sonra Aruzun İç Oğuzda icra nümayəndəsi qoyuldu, kef çəkdi, üç öpüb bir dişlədi, hətta ağzına qoşa badam da sığmazmış. Bunlar bizim tariximizdir, gərək hamımız əzbər öyrənək. Öyrənməklə yanaşı, həyatımıza tətbiq edək.Hətta düz yaşayıb yüz il ömür sürsən belə (praktika göstərir ki, təsadüfən belə hallar olur) bunun mənası-zadı yoxdur, bütün günü evdə arvadın dığ-dığına qulaq asacaqsan, məhəllədə kasıblığına görə bir qəpiklik hörmətin olmayacaq, uşaqların isə onlara son model “Ayfon” almadığın üçün vaxtaşırı üzünə tüpürəcəkdir. Qısası, Allah kəssin elə yüz il yaşamağı. Ondansa qarğa ol, üç yüz il yaşa, daim qarılda. 50 yaşadək mənzil yiyəsi olmaq şərtinə gələndə bu da tamam boş şeydir. Ölkəmizin tarixi göstərib ki, uzun ömür sürməyin əsas şərti 50 yaşadək azı 50 adamın evini yıxmaq, 50 adamın evinə soxulmaq, 50 adamı evsiz qoymaq, 50 adama saxta sənədlə ev satmaq və sairə belə üsullardır. Ümumiyyətlə, ən doğrusu odur ki, sənin heç öz evin, yaşayış yerin olmasın. Təbiətdə bunun örnəyi bağırsaq qurdları, cürbəcür başqa parazitləri göstərə bilərik. Elə qəşəng, asudə, uzun yaşayırlar ki, gəl görəsən! Bu bağırsaq qurdlarının bir qrupu helmintlər adlanır, istərdim onlarla yaxından tanış olasınız: “Təbiətdə yüz növdən artıq helmintlər mövcuddur. Onlar insan orqanizmində yaşayır və inkişaf edirlər. Bu parazit qurdlar insan sağlamlığına zərər verirlər. Özlərini müxtəlif formada göstərən bu qurdlar miqdarlarından asılı olaraq orqanizmin sahibi kimi çıxış edirlər. Yəni, helmintlər yediyini yeyir, istədiyi kimi qidalanır, istədiyi kimi hərəkət edir və həm də öz zəhərini orqanizmə buraxırlar. Bunun da nəticəsində insanlarda müxtəlif mənfi əlamətlər - çəki itirilməsi, halsızlıq, baş ağrısı və əsəbilik əmələ gəlir. Qurdların miqdarı bağırsaqda çoxaldıqda qəbizlik, ürək bulanma və qusma baş verir” (İnternetdən). Tanıdınızmı? O zaman davam edək. Həmin bağırsaq qurdları və başqa helmint-parazitlər demək olar ölümsüz varlıqlardır, xarici qara qüvvələr dərmanlamasa yüz illər yaşaya bilirlər. Onları başqa canlılardan fərqləndirən əsas cəhətlərindən biri anaerob olmaqlarıdır. Oksigensiz də yaşayırlar!Uzun sözün qısası, yüz il yaşamağın əsas yollarından biri babat bir düz bağırsaq tapıb orada məskən salmaqdır. Xalqımız bu prosesin əsl adını yaxşı bilir, ancaq məktəblərdə qəzet oxuyanlar çoxdur, o üzdən yazmıram. Hətta Mikayıl müəllimin tapşırığı var, bütün məktəblər “Yeni Müsavat”a zorla abunə olunmalıdır.  Mövzumuz isə qalsın sabaha.  (musavat.com) pia.az