Azərbaycanda tutulan erməni diversanta 18 il həbs istənildi

Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib
Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Anar Mirkişiyev Arsen Baqdasaryanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı bildirib ki, A. Baqdasaryanın özü ilə gətirdiyi minalar, bıçaq, kibritlər zərərsizləşdirilmək üçün aidiyyəti üzrə təhvil veriləcək. Şəxsi əşyaları, üzərində olan pul isə saxlanılacağı cəzaçəkmə müəssisəsinə göndəriləcək. Daha sonra prosesdə zərərçəkənlər - mülki şəxslər, hərbçilər çıxış ediblər. Onlar dövlət ittihamçısı ilə razılaşdıqlarını bildirib, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş ediblər.Çıxış üçün söz A. Baqdasaryanın vəkili Ramiz Abdullayevə verilib. Vəkil təqsirləndirilən şəxslə məsləhətləşmək üçün məhkəmədən vaxt istəyib. Qeyd edək ki, Baqdasaryana qarşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci maddələri ilə ittiham irəli sürülüb.(musavat.com)pia.az