Tofiq Yaqublu həbsxanaya mayın 1-də qayıdacaq

Vicdan məhbusunun müddəti saatlarla hesablanacaq; vəkil Nemət Kərimli: “Əfv olunacağını gözləyirəm”
Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublunun qızı, mərhum əməkdaşımız Nərgiz Yaqublunun ölümündən 5 gün ötür. Bu günlər ərzində gənc fəalın vaxtsız ölümü sosial şəbəkələr və mətbuatın əsas müzakirə mövzusuna çevrilib.Mərhumun şərəfinə şəkil, statuslar paylaşılır, mətbuatda yazılar həsr olunur. Bu yolla insanlar kədərlərini bölüşür, Nərgiz Yaqublunun yaxınlarına, ailə üzvlərinə başsağlığı verirlər. Onun ölümü bütün cəmiyyəti ayağa qaldırıb. İqtidarlı, müxalifətli hər kəs bu faciəyə ürəkdən acıyır.Əsas kədərli xəbərlərdən biri də, qızının ölümünə görə 7 gün azadlığa buraxılan Tofiq Yaqublunun yaxın günlərdə yenidən həbsxana divarları arasına qayıtması ilə bağlıdır. Bir ata üçün övladını torpağa tapşırıb, kədərini özü ilə götürüb məhbəs həyatına qayıtmaqdan ağır dərd ola bilməz. Vicdan məhbusu Tofiq Yaqublunun vəkili Nemət Kərimli müddətin saatlarla hesablanacağını bildirdi: “Bildiyimiz kimi, müddət 7 gündür. Ayın 24-də azadlığa buraxılıb. Mayın 1-də, saat 15-də geri qayıtmalıdır. Saat hesabı olacaq. Hesab edirəm ki, hakimiyyət humanistlik göstərib, Tofiq bəyi azad edəcək. Çoxlu müraciətlər var. Humanizm prinsipinə söykənilib, əfv olunacağını gözləyirəm. Müraciətlərdən sonra müsbət gəlişmələrin olduğunu deyə bilmərəm. İşçi Qrupu və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Tofiq Yaqublunun azad olunması üçün ölkə başçısına müraciət edib. Bildiyim qədəri də, müsbət reaksiyalar alınıb”.(musavat.com)pia.az