Müsavat Bakı meriyasını məhkəməyə verməyə hazırlaşır

Bu qurumun partiyanın aksiya ilə bağlı müraciətini cavabsız qoyması etiraz doğurub
Xəbər verildiyi kimi, Müsavat Partiyası aprelin 19-da yürüş keçirməklə bağlı BŞİH-nə müraciət etmişdi. Yürüş saat 16:00-da “20 Yanvar” metrostansiyasının yanından başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə, “İnşaatçılar” metro stansiyasının yanındakı “Məhsul” stadionuna doğru hərəkət etməklə başlamalı idi. Lakin rəsmi qurum partiyanın müraciətini cavablandırmayıb. Müsavat Divanı aprelin 20-də keçiriləcək iclasında bununla bağlı qərar qəbul edəcək.Mitinq Komitəsinin sədri, başqan müavini Elman Fəttah BŞİH-ni məhkəməyə verəcəklərini bildirdi: “BŞİH adi prosedur qaydalarını pozaraq, yürüşlə bağlı müraciətimizə yazılı cavab verməkdən nümayişkaranə şəkildə imtina etdi. Bu, ciddi şəkildə qanun pozuntusudur. Qanunvericilikdə vətəndaşların müraciətini cavablandırmaq tələbi var. BŞİH vəzifə borcunu yerinə yetirmədi. Divanın iclasında bu məsələ müzakirə olunacaq. Böyük ehtimalla bu məsələ məhkəmə müstəvisinə çıxacaq. Şəxsi fikrimi deyirəm. Hesab edirəm ki, rəhbərlikdə olan şəxslər də fikirlərini bildirəcəklər. Yəqin ki, BŞİH-ni məhkəməyə verəcəyik. Biz yürüşlə bağlı müraciət etmişik. BŞİH-nin bizə mitinqlə bağlı təklifinin özü də qanun pozuntusudur. “Sərbəst toplaşmaq azadlığı” geniş məfhumdur. Hakimiyyət BŞİH-nin timsalında insanların hüquqlarını məhdudlaşdırır. Qapalı yerdə mitinq keçirilməsini gündəmdə saxlayır. Böyük səhvə yol verdilər. Biz bu məsələnin ictimailəşməsini həyata keçirəcəyik. Müraciətimizə cavab verilməməsini, vəzifə borclarını yerinə yetirməmələrini məhkəmə müstəvisinə çıxaracağıq”.Elman Fəttah aksiya ilə bağlı partiyanın qarşıdakı planlarından da danışdı: “Seçki ilini yaşayırıq. Hazırda ölkə iqtisadiyyatı böhran vəziyyətindədir. Kütləvi aksiyalar Müsavatın gündəmindədir. İsrarla aksiyalarımızı davam etdirəcəyik. Müsavat BŞİH-nin planına uyğun yox, öz istədiyi şəkildə aksiyalarını keçirəcək. Hesab edirəm ki, Müsavat yenə yürüşlə bağlı müraciət etməlidir. Belə bir təklif edəcəm. “Sərbəst toplaşmaq azadlığı”nın bərpası istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Qarşıdakı planlarımız Müsavat Divanının növbəti iclasında müzakirə olunacaq. Bu baxımdan, növbəti aksiyanın tarixini deyə bilmərəm. Qarşıdan parlament seçkiləri gəlir. Aksiyalar seçki təbliğatının tərkib hissəsidir. Bunlar mütləq olacaq. Aksiyaların tarixini Müsavat Divanı müəyyən edəcək”.(musavat.com)pia.az