“Azərbaycan Dağlıq Qarabağın ətrafındakı rayonları azad etməyə hazırlaşır”

Araşdırmalar Mərkəzindən şok xəbərdarlıq: “Bu plan Bakıda Avropa Oyunlarından sonra reallaşa bilər”
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən şənlikdə çıxış edərək bildirdi ki, erməni hərbçiləri ölmək istəmirlərsə Ağdam, Füzuli və digər işğal altındakı rayonlarda xidmət etməsinlər. Bundan sonra Müdafiə Nazirliyi açıqlama verərək qarşı tərəfin martın 21-də baş verən döyüşdə 20 nəfər itki verdiyini bildirdi. Bir gün sonra isə Azərbaycan ordusunə təslim olan erməni hərbçinin görüntüsü yayınlandı. Erməni hərbçi təmas xəttində yerləşdirilən əsgər yoldaşlarının ölmək istəmədiklərini və dözülməz şəraitdə xidmət etdiklərini dedi.“Atlas” Araşdırmalar Mərkəzinin yaydığı hesabatda bütün bunlar xatırlandıqdan sonra digər məsələlərə də diqqət çəkilir: “Prezidentun ardınca, müdafiə naziri Zakir Həsənov hərbi hissələrdən birini ziyarət edərkən Ermənistana və beynəlxalq aləmə iki mesaj ünvanlandırdı:Birinci mesaj: “Düşmən işğal altında olan torpaqlarımızda rahat oturmamalı, daim qorxu içərisində yaşamalıdır”.İkinci mesaj: “Biz elə ilk zərbədə işğalçıların 70 faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki, qarşı tərəf yüz illərlə özlərinə gələ bilməyəcək”. Prezidentin və müdafiə nazirinin çıxışları ondan xəbər verir ki, Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasına ciddi hazırlaşır. Bu plan Bakıda Avropa Oyunlarından sonra reallaşa bilər".“Atlas” hesab edir ki, Azərbaycan ordusu Dağlıq Qarabağ separatçılarının işğal altında saxladıqları Ağdam və Füzulidəki məntəqələrinə bundan sonra da zərbələr endirəcək: “Separatçıların bu vəziyyətdə iki yolu var. Onlar ya həmin ərazilərdəki hərbi məntəqələrdən geri çəkilməlidirlər, ya da savaşı qəbul edib, zaman-zaman əks-hücuma keçməlidirlər. Separatçıların həmin məntəqələrdən geri çəkilməsi problematikdir. Çünki bu halda üstünlük Azərbaycan ordusunun tərəfinə keçəcək və Ağdamın azad olunması planı qısa müddətdə işə salınacaq. Ancaq separatçıların daima Ağdam və Füzulidə hərbi post saxlamaları da onlara hər zaman problem vəd edir. Çünki həmin postlar daima vurulacaq və orada qulluq edən ermənilər öldürüləcəklər. Təsadüfi deyil ki, Ermənistandan gətirilən gənclər həmin postlarda xidmət etmək istəmirlər”.Hesabatda qeyd olunur ki, separatçılar Ağdam uğrunda savaşmayacaqlar: “Ermənilər geri çəkilib Dağlıq Qarabağın müdafiəsini gücləndirəcəklər. Rəsmi Bakı ancaq Dağlıq Qarabağa aidiyyəti olmayan rayonları azad etmək istəyir. Ordunun Xankəndinə hücum etmək kimi planı yoxdur. Azərbaycan ordusu Ağdam rayonunu qəfil hücumla ələ keçirərsə, bu, sülh danışıqlarında Azərbaycanın mövqeyini gücləndirəcək. Çünki Ağdamın alınmasıyla mənəvi və hərbi üstünlük qazanan Azərbaycan ordusu digər işğal altındakı rayonların boşaldılması prosesini davam etdirəcək. Bu isə müharibənin genişlənməsi demək olacaq. Belə olan halda Minsk Qrupu erməni tərəfini güzəştə getməyə məcbur edəcək. Separatçılar Ağdam kimi bufer zonasını itirməklə ya digər işğal altındakı rayonların boşaldılması əvəzinə Bakı ilə mərhələli həll planına razılaşacaqlar, ya da genişmiqyaslı müharibəyə başlayacaqlar ki, bunun sonu heç kimə bəlli deyil”.(musavat.com)pia.az