Cəmil Həsənli NİDA-çıları tənqid etdi

Milli Şuranın sədri Cəmil Həsənlinin "Azadlıq" qəzetinə müsahibəsi birmənalı qarşılanmayıb
Cəmil Həsənli müsahibəsində "NİDA"çı gəncləri və REAL-ın icra katibi Natiq Cəfərlini tənqid edib: "Çox təəssüf ki, biz yalnız hakimiyyətdən deyil, dostlarımızdan da zərbə aldıq. 15 mart mitinqinin qarşısını almaq mümkün olmayanda, xüsusi xidmət orqanları onun effektini azaldan təxribatlara əl atdılar. Bu məqsədlə mitinq başlamazdan 30-40 dəqiqə əvvəl, adam az olan vaxt ətrafdakı hündür mərtəbəli binanın damından kamera ilə çəkilmiş meydanın görüntüsü "Mitinq "quş uçuşu" məsafəsindən" adı altında bizim çox hörmət etdiyimiz "Azadlıq" radiosunun Azərbaycan xidmətinin səhifəsində yerləşdirildi və şəklin sol tərəfində də 16:31 zaman göstəricisi qoyuldu. Bax, bu, bizim üçün doğrudan da gözlənilməz oldu. Birincisi, ona görə ki, Azərbaycan cəmiyyətinin qarşısında böyük xidmətləri olan, hazırda isə hökumətin repressiyaları ilə üzləşən bir informasiya orqanı cəmiyyətdə mitinq haqqında yanlış təəssüratlar yaratmağa cəhd etmişdi. İkincisi və bundan daha betəri isə o idi ki, Azərbaycan xüsusi xidmət orqanlarının bu təxribatı "Azadlıq" radiosu kimi mötəbər bir quruma necə yol tapmışdı? Burada xüsusi xidmət orqanlarının məqsədi etibarlı bir informasiya orqanına istinadən mitinqi gözdən salmaq idi. Ona görə də sol tərəfində "16:31" zaman göstəricisi, sağ küncündə isə "Azadlıq Radiosu RFE/RL" brendi olan bu təxribat hökumətin nəzarətində olan medianın mitinq "təhlillərində" başlıca istinad nöqtəsi idi. Biz özümüzü tənqidə açıq bir qurum hesab edirik. Amma REAL-ın icra katibi Natiq Cəfərlinin mitinqdə səsləndirilən fikirləri tərsinə şərh edib aksiyanın hədəflərini tamamilə arzuolunmaz istiqamətə yönəltməsi də bizim üçün bir qədər gözlənilməz oldu. Rəğbətlə yanaşdığımız NİDA Gənclər Təşkilatının mitinq müzakirələri də bizdə bəzi suallar doğurdu. Biz özümüzə dost hesab etdiyimiz hər iki quruma hörmətlə yanaşırıq, amma xatırlatmaq istəyirik ki, bizim bu qurumlara etimadımız onların mövcud təşkilat strukturlarından, sosial baza və siyasi imkanlarından çox böyükdür.(Qafqazinfo)pia.az