İnsidentində adı hallanan direktorla bağlı hələ yekun qərar verilməyib

Yanvarın 19-da Hövsanda 118 saylı orta məktəbin direktoru Qardaşxan Səlimovun hərəkətlərinə qarşı keçirilən aksiyadan sonra bu qəsəbədə sakitlik hökm sürür
PİA.AZ bildirir ki, bu barədə musavat.com-a qəsəbə sakinləri məlumat veriblər. Onların sözlərinə görə, Bakı Şəhər Təhsil İdarəsinin qərarı ilə direktor müvəqqəti olaraq, məktəbdən uzaqlaşdırılıb. Qeyd edək ki, hadisə zamanı ölən 21 yaşlı gənc Elmar Əliyevin ailəsi ilə bağlı da məlumat aldıq. Sakinlər bildirdilər ki, ailəsi Elmarın ölümündə heç kimi günahkar bilmir. Çünki aksiya könüllülük əsasında təşkil olunub və Elmar öz istəyi ilə orada olub. Hadisənin səs-küyü səngisə də, sakinlər arasında məlum hadisələrin müzakirələri hələ də davam edir. Baş verənlərlə bağlı ittiham edilən tərəflər müxtəlifdir. Ancaq böyük çoxluq direktoru günahkar bilərək, onun vəzifədən uzaqlaşdırılmasını tələb edir. Məktəb direktorunun vəzifəsindən azad edilib-edilməyəcəyi ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən  bildirildi ki, direktor müvəqqəti olaraq, məktəbdən uzaqlaşdırılıb, hadisə ilə bağlı müxtəlif qurumlar tərəfindən araşdırma aparılır. Bu səbəbdən də, ətraflı məlumat araşdırmanın nəticələri bəlli olduqdan sonra veriləcək. pia.az