“Avropa Türkiyəyə təzyiq haqqını itirib“

Asim Mollazadə: "Rusiya-Türkiyə arasında yeni yaranan ittifaq siyasi maraqlardan çox, iqtisadi əməkdaşlıqdan ibarətdir”
Bu sözləri axar.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə  deyib. Millət vəkilinin sözlərinə görə, hər iki tərəfin iqtisadi sahədə əməkdaşlığı artırması çox normaldır: “Bu, eyni zamanda, Rusiyanın hazırkı vəziyyətinə uyğun olaraq da təbii haldır. O ki qaldı Avropa Birliyinin və ABŞ-ın bu ikitərəfli əməkdaşlıqdan narahatlığına, əgər birliyi pozmaq üçün soyqırımı tanımaq və Türkiyəyə təzyiq etmək kimi problemlər yaradılarsa, bu, onlara heç nə verməyəcək. Sadəcə olaraq Türkiyə kimi önəmli müttəfiqi itirəcəklər. Buna görə də hesab edirəm ki, AB hər hansı bir təzyiqi düşünməkdənsə, Türkiyəyə interqrasiya prosesində ciddi addımlar atsa, bu, vəziyyəti tamamilə dəyişdirə bilər. Ancaq indi Avropa Türkiyəni yeni ittifaqda qəbul etmirsə, deməli, problemin mahiyyəti başqadır. Baxın, Türkiyə ilə 60 ildən çoxdur ki, saziş imzalansa da, Birliyə qəbul edilmir. Bu, tam haqsızlıqdır. Çünki iqtisadi və bir sıra digər məsələlər nöqteyi-nəzərindən Türkiyədən daha pis vəziyyətdə olan ölkələr var ki, hazırda AB-nin üzvüdür. Buna görə də AB-nin Türkiyəyə təzyiq etməyə mənəvi haqqı yoxdur. O ki qaldı soyqırım öncəsi atıla biləcək hər hansı bir addıma, onu da qeyd edim ki, bu məsələdə ilk addımı atan Rusiya idi. Ancaq nə dəyişdi? Heç nə”.