Qənirə Paşayeva Axısxa türkləri ilə görüşdü- Fotola

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Axıska türklərini təmsil edən DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov, DATÜB Baş katib müavini və Avrupa təmsilçisi Burhan Özkoşar, DATUB Baş katib müavini İlyas Doğan və bir çox Axısxa türkləri cəmiyyətlərinin rəhbərləri və üzvləri ilə görüşüb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Q. Paşayeva dünyanın hər yerindən Axıska türklərinin sürgünün 70-ci ildönümü ilə bağlı Türkiyəyə gəlmiş Axıska türkləri cəmiyyətlərinin rəhbərləri və üzvləri ilə görüşdən məmnun qaldığını bildirərək, onların doğma yurda dönüş üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib. Problemə beynəlxalq təşkilatlar səviyyəsində bəslənən münasibət, habelə Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılan görüşdə Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb. Görüşdə Axıska türklərinin öz vətənlərinə dönüşü istiqamətində vəziyyət, görülən işlər, problemlərlə bağlı müzakirələr də aparılıb. Axıska türkləri təmsilçiləri AŞPA-da qəbul edilən bəzi sənədlərdə adlarının “mesxeti” kimi keçməsindən şikayətləniblər və bununla bağlı resmi düşüncələrini təşkilat rəhbərlərinə də çatdırdıqlarını deyərək əvvəlki sənədlərin bəzilərində adlarının “axısxa türkləri” olaraq keçdiyini və bunun bu cür işlədilməsinin doğru və ədalətli olduğunu deyiblər.