Füzulidə “YAP-22 il” adlı yubiley tədbiri keçirilib

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümü ilə əlaqədar “YAP-22 il” adlı yubiley tədbiri keçirilib
PİA.AZ xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. YAP Füzuli rayon rayon təşkilatının sədri Almaz Həşimova tədbirdə məruzə ilə çıxış etmiş, ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın keçdiyi şərəfli yoldan, ötən 22 ildə qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, respublikamızın ictimai siyasi həyatındakı xidmətlərindən bəhs etmişdir. YAP rayon təşkilatının sədri qeyd etmişdir ki, rayon təşkilatı bu gün ətrafında 5731 üzvü birləşdirir. Onlardan 3435 nəfəri kişi, 2296 nəfəri qadın, 1430-u isə gəncdir. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yubiley münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının rolu və xidmətlərindən, qarşıda duran vəzifələrdən danışmışdır.Alı Alıyev demişdir: - Ölkədə ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb şəraitdə cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən aparıcı siyasi qüvvəyə çevrilmişdir. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas edən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz qısa zaman kəsiyində böyük inkişafa nail olmuşdur. Bu gün partiyaya rəhbərlik edən Prezident cənab İlham Əliyev iqtisadi, siyasi, mədəni və digər sahələrdə ölkəmizin inkişafı istiqamətində mühüm işlər görmüşdür. Bildirmişdir ki,  sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.  Alı Alıyev bildirmişdir ki, YAP Ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyaraq, regionun ən nüfuzlu siyasi qüvvəsinə çevrilmişdir.Tədbirdə YAP rayon təşkilatının fəaliyyətində fərqlənənlərə fəxri fərman və hədiyyələr, partiya sıralarına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilmişdir.pia.az