“Tağı İbrahimov ATV-ni 20 milyon manata satıb”

Məşhur holdinqin rəhbərinə qarşı ittihamlar sənədlərlə təsdiqini tapır
"Bizim Yol" qəzetinin ötən saylarında "Fəqan-1" MMC-nin təsisçisi Rauf Hüseynovun məşhur iş adamı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimova qarşı ittihamlarla dolu mövqeyini dərc etmişdik. O, bildirirdi ki, T.İbrahimovla Həsən Əliyev küçəsi 33 ünvanda tikdiyi 16 mərtəbəli, ikibloklu  binada ortaq olub, hər iki tərəf mənzillərin 50 faizinə sahib imiş. R.Hüseynovun iddiasına görə yer üçün 150 min dolları öz cibindən ödəyib, binanın tikintisinə sərəncam isə T.İbrahimova məxsus "Nehrəm" Mənzil Tikinti Kooperativinin (MTK) adına alınıb. Sonradan həmin ərazidə olan torpaq sahəsinin sakinlərdən satın alınması və ikinci blokun tikintisinə ümumilikdə 3 milyon 883 min manat pul vəsaiti qoyduğunu deyir. Tikintiyə sərmayəsi çatmadığı üçün, dəyəri 2 milyon manat civarında olan mülkünü girov qoyduğunu, sonradan T.İbrahimovun həmin mülkü girovluqdan çıxararaq kürəkəninə bağışladığını iddia edir. Onun sözlərinə görə, T.İbrahimov tikintiyə yalnız 16 min manat sərmayə qoyub və onu da bir həftə sonra "pula ehtiyacım var" deyə geri götürüb. Bildirir ki, özü tikintiyə qoyulan sərmayənin 100 faizini, ümumi gəlirin isə 50 faizini götürməli imiş. Lakin sonradan aralarında yaranan münaqişə səbəbindən hər kəs mənzilləri özü satmaq qərarına gəlib və nəticədə xeyli sayda insan onların intriqasının qurbanı olub. Etirafına görə, eyni mənzilləri T.İbrahimov "Nehrəm" MTK-nın möhürü ilə, özü isə "Fəqan-1" MMC adından satırmış. Sonradan aldadılmış alıcıların bir hissəsi mənzillərin müqayisədə ucuz qiymətə satıldığı, T.İbrahimovun kürəkəninə məxsus "Qlobal" MTK-nın Yasamalda tikdiyi binadan mənzillə təmin edilib, 16 nəfər isə hələ də əmlakını ala bilmir. R.Hüseynov iddia edir ki, İbrahimov ona düşən payı da özününkü ilə bərabər satıb, özünü də tikintidən uzaqlaşdırıb. Sonradan R.Hüseynov daha 21 mənzili xahiş-minnətlə ortağından geri aldığını deyir. Hüseynova görə, T.İbrahimovun ona 4 milyon manat gəlirdən, 3 milyon 883 min manat da yatırdığı sərmayədən verəcəyi var. Bununla yanaşı villasını da geri istəyir. 3000 kv.metr mənzili şərikinə sənədlə veribQəzetimizə müsahibə verən T.İbrahimov R.Hüseynovla heç vaxt ortaq olmadığını, onu tikintiyə müqavilə ilə subpodratçı kimi cəlb etdiyini dedi. Bildirdi ki, R.Hüseynovun barəsində ona borc verdiyi mənzilləri qaytarması barədə məhkəmə qərardadı var. "Nehrəm" MTK təsisçisinin sözlərinə görə, R.Hüseynovun ailəsinin yalvarışlarından sonra ona borc şəklində bir neçə mənzil verib, lakin sonradan borc geri qaytarılmadığına görə vəkilləri vasitəsilə məhkəməyə müraciət edib. Hazırda əlində icraya yönəldilmiş məhkəmə qərarı var. Cənab İbrahimov Hüseynovun dediklərini sübut edən sənədləri ortaya qoymasını tələb edirdi.  Redaksiyamıza müraciət edən R.Hüseynov təsisçisi olduğu "Fəqan-1" MMC ilə "Nehrəm" MTK arasında bağlanan müqavilələri bizə təqdim edib. Sənədlərin təhlili göstərir ki, 2003-cü ilin 1 iyul tarixində sifarişçi "Nehrəm" MTK və podratçı qismində "Fəqan-1" MMC arasında bağlanan podrat müqaviləsinin 3.3 bəndinə əsasən, "tikinti materialları və avadanlıqlarına xərclənən vəsaitdən tikinti-quraşdırma işlərinin aparılmasına görə podratçı təşkilata müvafiq binadan görülmüş işlərin həcminə uyğun olaraq ümumi gəlirin 50 faizi mənzillə əvəzləşdiriləcək".  Müqavilədə 16 mərtəbəli binanın tikintisi bütövlükdə podratçıya həvalə olunub, burada konkret bir işin görülməsindən söhbət getmir. Eyni zamanda "Fəqan-1" MMC T.İbrahimovun dediyi kimi subpodratçı yox, podratçı olub və subpodratçılarla saziş əsasında işləmək müqavilə ilə ona həvalə olunub. Podratçının öhdəliklərinə tikinti-quraşdırma işlərini aparmaqdan tutmuş, obyektdə işıqlandırma sisteminin quraşdırılmasına qədər bütün işlər daxildir. Tikinti 2 il müddətinə başa çatdırılmalı idi. Lakin əlimizdə olan, 2009-cu ilin aprelin 24-də tərəflər arasında bağlanan "şərikli sərmayənin qoyulmasına dair" müqavilədən bəlli olur ki, 6 il müddətində iş başa çatmayıb və tərəflər yeni bir sazişə və yeni şərtlərlə imza atmağı lüzum görüblər. Bu dəfə tərəflər səlahiyyətlərini daha aydın ortaya qoyublar. Müqavilənin 1-ci bəndinə görə "2 aprel 2005-ci il tarixli podrat müqaviləsi üzrə öhdəlikləri yerinə yetirən tərəf kimi "Fəqan-1" MMC tərəfindən "Nehrəm" MTK-ya məxsus Həsən Əliyev 33 ünvandakı torpaq sahəsində tikilməkdə olan ikibloklu, 16 mərtəbəli binanın inşasına sərmayə qoyulub. Həmin tikintiyə çəkilən xərclərə mütənasib 3 aprel 2009-cu il tarixli bildirişə əsasən ayrılan 3000 kv.m sahəni "Fəqan-1" MMC ona müqabil qəbul edir". Həmin bənddə 645,26 kv.m sahə"Nehrəm" MTK adından "Fəqan-1" MMC tərəfindən 5 nəfərə satılıb. 3-cü bənddə isə deyilir ki, "müqavilə üzrə gələcəkdə görülən bütün tikinti-quraşdırma işlərinin aparılmasına qoyulan sərmayə "Nehrəm" MTK ilə "Fəqan-1" MMC tərəfindən hər ikisinin tam ortaqlı, 50 faiz nisbətində bərabər şəkildə qoyulur". Göründüyü kimi, burada bərabər şəkildə ortaqlıqdan söhbət gedir. Halbukli cənab İbrahimov R.Hüseynovla ortaqlıq şərtləri əsasında işləmədiyini vurğulamışdı. Yuxarıda da mənzillərin satışından əldə olan gəlirin tam yarısının "Fəqan-1" MMC-yə aid olduğu qeyd edilir. Müqaviləyə 6 gün tez xitam verilib, 34 gün sonra necə "ortaq" olublar? Lakin aprelin 3-ü tarixinə Hüseynova "müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilmədiyinə görə əmlakın geri tələb olunmasına dair" bildiriş göndərilib. Bildirişdə qeyd olunur ki, "müqavilənin qüvvədə olma müddəti və binanın inşası 9 aprel 2009-cu il tarixədək tamamlanmalı və istismarı 36 ay təminatla sifarişçiyə təhvil verilməlidir. Ancaq "Fəqan-1" MMC müqavilənin şərtlərinə əməl etməyib, göstərilən vəzifələrin öhdəsindən lazımınca gələ bilməyib, tikintinin keyfiyyətinə dair tələblər sistematik pozularaq binanın inşasının başa çatdırılmasını mümkünsüz edib. Yerinə yetirilməli olan quraşdırma, kommunal-təchizat işləri, vergi ödənişləri, FHN və BŞİH qarşısındakı öhdəliklər yerinə yetirilməyib, 2 liftin yerinə biri (o da dəyəri smetada nəzərdə tutulduğundan aşağı keyfiyyətdə) quraşdırılıb, işıq, qaz, su, kanalizasiya təchizatı təmin edilməyib, bu da binadakı 60 mənzilin sakinlərinin narazılığına səbəb olub. Bununla da sizin müəssisə tərəfindən müqavilənin şərtləri kobud şəkildə pozulub və MTK-ya xeyli miqdarda ziyan vurulub. Bütün bunları və "Fəqan-1" MMC-nin bu çatışmazlıqları aradan qaldırması üçün iqtisadi böhranla əlaqədar maliyyə vəsaitinin yetərli olmadığını nəzərə alaraq 2 aprel 2005-ci il tarixli müqavilənin şərtlərini yerinə yetirilməmiş hesab edirəm. Bildirişi aldığınız gündən müqavilə ləğv olunmuş hesab edilir. Müqavilə öhdəlikləri vaxtında yerinə yetirilmədiyindən sözügedən ünvanda yaşayış binasının inşasının dayandırılmasını və binanın sifarişçi "Nehrəm" MTK-ya təhvil verilməsini tələb edirəm. Müqavilənin icrası müddətində binaların tikintisi üçün qoyduğunuz 2 milyon 609 min dollar sərmayəyə mütənasib sizə 3000 kv.m. sahə verilir". Hər iki tərəf bildirişi imzalayıb. Cənab İbrahimov qarşı tərəfin sərmayə qoyduğunu nə qədər inkar etsə də, müqavilədən göründüyü kimi imzalar bunun əksini təsdiqləyir. Bundan başqa, müqavilədəki zaman da bir qədər mübahisəlidir. Yəni 2003-cü ildə tikintiyə start verilib və son tarix 2005-ci ilin ortaları göstərilib. Amma 2 il sonra müqavilə yenilənib və bundan 4 il sonra yenə ortada iki sənəd imzalanıb, onlardan biri ortaqlıq şərtlərini müəyyən edən müqavilədir, digəri isə onu dayandıran bildiriş. Amma maraqlıdır ki, "şərikli sərmayənin qoyulmasına dair" müqavilə mayın 7-də təzələnib, əmlakın geri tələb edilməsi ilə bağlı bildiriş isə bundan 34 gün əvvələ təsadüf edir. O zaman müqavilə müddətinin bitməsinə də hələ 6 gün qalırdı. "O vaxt aradan çıxdım"R.Hüseynov İbrahimovun ona borc mənzil verdiyi barədə dediklərini belə şərh edir: "O vaxt aramızda münaqişə yarananda mənzil sahibləri mənə təzyiq edirdilər. Çünki Tağı İbrahimov hər şeyi elə təşkil etmişdi ki, bütün günahlar mənim üzərimdə qalırdı. 43 adam üstümə düşmüşdü. Camaat məni sıxışdıranda bir növ aradan çıxıb Türkiyəyə getdim və oradan mənzil sahiblərinə zəng edib günahsız olduğumu deyirdim. Onunla dost olduğumuza görə uşaqlarım da yığışıb yanına gedib, "atamızın milyonları vardı, birdən-birə niyə müflisləşdi?", deyə soruşublar. Sonradan ara sakitləşəndə Azərbaycana qayıtdım, camaatla görüşüb, Tağının ofisinə hücum elədik, 22 evi ondan bir-bir aldıq. O, həmin mənzilləri mənə borc verdiyini deyir. Məni yalançı adlandırır, özü isə yalanın ən böyüyünü danışır. Özünüz fikirləşin, 1 deyil, 5 deyil, 22 mənzili ağlamaq qarşısında kim-kimə borc verər ki? Ümumiyyətlə, niyə birdən-birə mənə o qədər borc vermək fikrinə düşüb? Əgər borc verəndirsə, indi gətirib mənə bir mənzil versin, kirayədə yaşayıram. Verməz, çünki belə insanlar heç kimə borc vermirlər. Mən ondan haqqım olan mənzilləri aldım. Mənə çatacaq 3 evi yenə vermədi. Bir də ondan soruşuram ki, niyə mənzil sahiblərini elə həmin ünvanda yox, Yasamalda inşa edilən kürəkəninə məxsus tikilidə yerləşdirdi? Özüm cavab verim. Çünki Həsən Əliyevdəki mənzillərin hamısını satıb-sovmuşdu. Məhkəmələrdə özünün xeyrinə qərardadlar çıxarıldığını deyir. Heç o məhkəmələrə mən dəvət olunmamışam, iştirak etməmişəm, nümayəndəm təmsil olunmayıb, onun hansı məhkəmələrdən danışdığı şəxsən mənə bəlli deyil. Əgər məhkəmə haqqımda qərardad çıxarıbsa, bəs niyə məni bir çağıran, sənəd tələb edən, hesab soruşan yoxdur? O, hansı sənədə əsaslanıb mənim ona borclu olduğumu deyir? Ortaya fakt, ondan mənzil borc aldığım barədə sənəd qoysun. Mənə heç bir daşı da güzəştə getməz. Əlimdə "qara siyahı" var və ordakı adlara istinad edib deyirəm ki, Tağı mənə aid əmlakdan Cavid Qurbanov və qardaşına mənzillər bağışlayıb, həmin kağızı da redaksiyanıza təqdim etmişəm. Aramızda olan ortaqlıq müqaviləsi də artıq sizdədir. İndi növbə onundur, baxaq sizə hansı sənədləri təqdim edə bilir. Əvvəllər iki şirkətin bir binanı tikməsinə qanunla icazə verilmirdi. O, məni podratçı təyin etməklə oyundankənar vəziyyətə salmaq istəyirdi. Lakin müqavilələrdə gördüyünüz kimi, ortaq olduğumuz təsdiqlənir və mənim 50 faizə şərik olduğum bir neçə yerdə qeyd edilib. Faktiki olaraq həmin tikintinin yerini almaqdan tutmuş, özülünü qazmaqdan, tikintini aparmağa qədər bütün işləri özüm görmüşəm. Orada mənim şirkətimdən başqa heç bir təşkilat işləməyib. Pəncərələri qoyanda aramızda söz-söhbət oldu. O vaxt dedi ki, "sən camaatın qarşısında dur, səni incidənə mənzil verib susdurarıq, incitməyəni isə birtəhər yola verərik". Mən dediklərimdə səmimiyəm, and da içirəm, sənəd də təqdim edirəm. O isə səmimi deyil. Ona məxsus televiziya kanalını 20 milyon manata satıb, amma kanalın əlindən alındığı və ya özünün könüllü verdiyi şayiələrini yayır. Bunu maliyyə qarşılığında satıb, niyə havayı verdiyini iddia edir, bunu anlamaq mənə çətindir".pia.az