Rusiyanın “boynundakı ilgək“ sıxılır

Əgər Ukraynanın şərqində qondarma Donetsk və Luqansk Xalq Respublikaları yeni ərazilərə nəzarəti ələ almağa çalışarsa, Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaları gücləndirəcək
Bu barədə Associated Press agentliyi Avropa Birliyinə yaxın mənbələrə istinadən xəbər verir. Məlumata görə, Rusiya iqtisadiyyatının bir sıra sektorlarına qarşı məhdudlaşdırıcı tədbirlər dekabrın 18-19-da Avropa Birliyinin sammitinin gündəliyinə daxil ediləcək. Dünən Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə, gözlənildiyi kimi, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməyib. Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali komissarı Federika Moqerini bildirib ki, Qərbin hədəfi sadəcə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək deyil. "Sanksiyalar özlüyündə nə hədəfdir, nə də məqsəd. Onlar yalnız digər vasitələrlə birlikdə bir alətə çevrilə bilər. Düşünürəm ki, Avropa Birliyinin və nazirlərin tam strategiya üçün formalaşdırmalı olduğumuz digər məsələlər üzərində də diqqətini cəmləşdirməlidir". Avropa Birliyi Ukraynanın şərqində gedən döyüşlər zamanı 9 ukraynalı əsgərin öldürülməsindən sonra Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini gündəmə gətirib.pia.az