Türkiyə öz vətəndaşlarını Livandan təxliyə edir

Xarici İşlər Nazirliyi: Türkiyə vətəndaşlarını Livandan gəmilərlə təxliyə edir...

Oktyabrın 9-da Türkiyə Livanı tərk etmək üçün müraciət edən vətəndaşlarını dəniz yolu ilə təxliyə edəcək.

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada, 2000-ə qədər sərnişin daşıya bilən iki türk döyüş gəmisinin oktyabrın 8-də Beyruta yola düşəcəyi bildirilir. Xarici İşlər Nazirliyi əlavə edib ki, zərurət yaranarsa, təxliyyə prosesi bir neçə gün davam edəcək.

Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatı”na başladığını elan edib. Sentyabrın 28-də İsrailin hava zərbəsi ilə “Hizbullah” lideri Həsən Nəsrullahı öldürdüyü məlum olub.

Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki “Hizbullah” hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib.

Poliqon.info