İradə Zeynalovanın səfir olduğu ölkə müstəmləkəsizləşdirmə prosesini tamamladı

Çaqos arxipelaqının öz suverenliyinə qayıtması ilə Mavriki yarım əsrdən çox əvvəl başlayan dekolonizasiya prosesini tamamlayıb...

Poliqon xəbər verir ki, bu barədə ölkənin baş naziri Pravind Juqnaut özünün "Instagram" səhifəsində yazıb.

"Bu gün, müstəqillikdən 56 il sonra, bizim dekolonizasiyamız tamamlandı", deyə Pravind Juqnaut bildirib.

Belə bir bəyanatın verilməsinə səbəb oktyabrın 3-də Böyük Britaniya ilə Çaqosun Mavriki yurisdiksiyasına verilməsilə bağlı əldə edilmiş razılaşma olub.

Mavriki 1814-cü ildən Britaniyanın müstəmləkəsi olub və 1968-ci ildə müstəqillik qazanıb. London qanuni olaraq Çaqos arxipelaqını ayıraraq Hind okeanında ayrıca Britaniya koloniyası yaradıb. Ən böyük ada olan Dieqo Qarsiya ABŞ-a icarəyə verilib və onun üzərində Orta Şərq, Cənubi Asiya və Şərqi Afrikadakı əməliyyatlar üçün çox əhəmiyyətli sayılan Britaniya-Amerika hava bazası tikilib. London və Port-Luis hava bazasının 99 il müddətinə icarəyə verilməsi ilə bağlı müqavilə bağlayıb. ABŞ bu qərarı dəstəkləyib.

Afrikada ada dövləti olan Mavriki Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir.

Qeyd edək ki, sentyabrın 13-də Azərbaycan əsilli jurnalist və teleaparıcı İradə Zeynalova Rusiyanın Mavriki Respublikasındakı səfiri təyin edilib. Müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Poliqon.info