Lavrov: Rusiya və Çin ödənişlərini tamamilə milli valyutalara keçiriblər...

Nazirin sözlərinə görə, ötən il Rusiya Çinlə ticarət dövriyyəsinin artımına görə birinci yeri tutub...

Rusiya və Çin ticari ödənişləri demək olar ki, tamamilə milli valyutalara köçürüblər.

Poliqon xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi münasibətilə “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində bildirib.

Lavrov xatırladıb ki, ötən il Rusiya Çinlə ticarət dövriyyəsinin artımına görə birinci yeri tutub. 2023-cü ildə qarşılıqlı ticarət 200 milyard dolları keçib və böyüməkdə davam edir.

“Xüsusilə qeyd etmək istərdim ki, ikitərəfli ödənişlər demək olar ki, tamamilə milli valyutalara - rubla və yuana çevrilib. Hazırda milli valyuta ilə ticarətin payı 95%-ə çatıb”, deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Lavrov bəyan edib ki, ABŞ və onun peykləri tərəfindən tətbiq edilən müxtəlif məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, Rusiya və Çinin iqtisadiyyatları dinamik inkişaf etməkdə davam edir. O, həmçinin qeyd edib ki, hər iki ölkənin milli iqtisadiyyatlarının strukturu yüksək dərəcədə bir-birini tamamlayır.

Poliqon.info